03 – İqtisadi Fəaliyyət və Sahibkarlıq fəaliyyəti: Fərq Nədir?

İqtisadi Fəaliyyət və Sahibkarlıq Fəaliyyəti nədir, bir-birindən nə ilə fərqlənir?

1. İqtisadi Fəaliyyət Anlayışı

Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.19-cu maddəsinə əsasən, iqtisadi fəaliyyət dedikdə yalnız dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən dövlətin mühüm funksiyalarına aid olan fəaliyyət növləri və fiziki şəxsin istehlak məqsədilə məhsul alması istisna olmaqla bazarda məhsulun təqdim olunması ilə xarakterizə olunan hər hansı fəaliyyət nəzərdə tutulur.

Beləliklə, məhsulun (mal, iş və ya xidmət) alıcılara təklif edilməsi iqtisadi Fəaliyyət hesab edilir.  

Lakin qanunvericilik İqtisadi Fəaliyyət anlayışı üçün iki əsas istisna verir:

  1. yalnız dövlət orqanları tərəfindən həyata keçirilən dövlətin mühüm funksiyalarına aid olan fəaliyyət növləri iqtisadi fəaliyyət deyil (yəni məhkəmələrin işi, polisin işi və s.)
  2. fiziki şəxsin istehlak məqsədilə məhsul alması iqtisadi fəaliyyət deyil (misal bir şəxsin özü üçün çörək alması);

2. Sahibkarlıq fəaliyyətinin anlayışı

Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası qanununda deyilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Bu anlayışdan aydın olur ki:

  1. əmlakdan istifadə, malların istehsalı və ya malların satışı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi sahibkarlıq fəaliyyətinin növləridir;
  2. mənfəət əldə etmək sahibkarlıq fəaliyyətinin əsas məqsədidir.

Əsas Fərq və Nəticə

Göründüyü kimi İqtisadi fəaliyyət Sahibkarlıq fəaliyyətindən daha geniş anlayışdır. Çünki

  • sahibkarlıq fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir və fəaliyyət növlərinin dairəsi məhduddur;
  • lakin iqtisadi fəaliyyətinin məqsədi yalnız mənfəət əldə etmək deyil (yəni başqa məqsədləri də ola bilər) və fəaliyyət növlərinin dairəsi daha genişdir.

Qızıl qayda budur: istənilən sahibkarlıq fəaliyyəti iqtisadi fəaliyyətdir, lakin istənilən iqtisadi fəaliyyət sahibkarlıq fəaliyyəti deyil.

Misal: Qeyri-hökumət təşkilatının (QHT) uşaqların müdafiəsi üçün təşkil etdiyi xeyriyyə konserti sahibkarlıq fəaliyyəti deyil (çünki məqsəd mənfəət deyil), lakin bazarda xidmət təklif etdiyi üçün iqtisadi fəaliyyət hesab edilir.