Coca-Cola-nın 2026-cı il Öhdəlikləri Təsdiqləndi: Soyuducu Eksklüzivliyində Yeni Qaydalar

You are currently viewing Coca-Cola-nın 2026-cı il Öhdəlikləri Təsdiqləndi: Soyuducu Eksklüzivliyində Yeni Qaydalar

Əmtəə bazarlarında şaquli məhudiyyətlərin və hökmran mövqedən sui-istifadə hallarının tənzimlənməsi antiinhisar praktikasında mühüm yer tutur. Xüsusilə sürətli istehlak malları (FMCG) sektorunda fəaliyyət göstərən və yüksək bazar gücünə malik istehsalçıların ticarət nöqtələrində tətbiq etdiyi şərtlər rəqabət orqanlarının diqqət mərkəzindədir.

Bu kontekstdə Türkiyə Rəqabət Qurumunun 04.06.2026 tarixli və 26-20/614-243 sayılı qərarı alkoqolsuz içkilər bazarında əhəmiyyətli hüquqi presedent yaratmışdır. Eksklüzivlik və hədəf endirimləri vasitəsilə rəqiblərin bazardan sıxışdırılması şübhələri ilə bağlı aparılan araşdırma rəsmi qərarla yekunlaşmışdır. Rəqabət orqanının yaydığı məlumata görə, Coca-Cola Satış ve Dağıtım A.Ş. (bundan sonra – Cola) tərəfindən təqdim edilən köklü öhdəliklər paketi qəbul edilərək sorğuya xitam verilmişdir.

Platformamızda əvvəl dərc olunmuş Hökmran Mövqedən Sui-istifadə Forması Kimi Soyuducu və Rəf Eksklüzivliyi: Hüquqi və İqtisadi Təhlil başlıqlı fundamental yazıda qeyd edildiyi kimi, fiziki infrastrukturun inhisara alınması rəqiblərin satış kanallarına çıxışını bağlayan əsas amildir. Yeni xəbər nizamlamanın iqtisadi-hüquqi çatışmazlıqlarını aradan qaldırmaq məqsədi daşıyır.

1. Soyuducu Sahələrinin Pay Bölgüsündə Sərtləşmə: 25%-dən 35%-ə Keçid

2021-ci il tarixli əvvəlki nizamlamaya əsasən, 100 m²-dən kiçik ənənəvi ticarət nöqtələrində hökmran subyektin soyuducularının ən azı 25%-i rəqib məhsullara ayrılmalı idi. Kommersiya təcrübəsi göstərdi ki, bu qayda effektiv rəqabət mühiti yaratmaq üçün yetərli deyil.

Yeni qərar ilə rəqabət orqanı aşağıdakı dəyişiklikləri məcburi müəyyən etmişdir:

  • Kvota Həddinin Artırılması: Ənənəvi satış və yerində istehlak (kafe, restoran, otel) kanallarındakı ticarət nöqtələrində yerləşən Cola soyuducularının rəqib məhsullar üçün ayrılan hissəsi 35%-ə yüksəldilmişdir.
  • İstisnaların Ləğv Edilməsi: Əvvəlki modeldə ticarət nöqtəsinin özünə məxsus müstəqil soyuducusu olduqda, şirkətin soyuducusunda boş sahə saxlama öhdəliyi tətbiq edilmirdi. 2026-cı il qərarı bu istisnanı tamamilə ləğv edir. Mağazanın şəxsi soyuducusunun olub-olmamasından asılı olmayaraq, Cola-ya məxsus hər bir soyuducuda 35%-lik rəqib payı məcburi olacaqdır.
  • Hər Bir Avadanlıq Üzrə Hesablama: Birdən çox soyuducusu olan obyektlərdə 35%-lik əlçatanlıq nisbəti ümumi mağaza həcmində deyil, hər bir soyuducu üzrə fərdi olaraq hesablanacaqdır. Bu addım rəqib məhsulların az görünən avadanlıqlara sıxışdırılmasının qarşısını alacaq.

2. Fiziki Arakəsmə və QR Kod Modeli ilə Şəffaflığın Təmini

Rəqabət hüququ tətbiqində qərarların icrasına nəzarət mexanizmi əsas çətinliklərdən biridir. Ticarət obyektlərindəki real vəziyyəti tənzimləmək üçün yeni qərara xüsusi vizual və fiziki şərtlər daxil edilmişdir:

  • Şaquli Bölücü Tələbi. Soyuducuların daxilində rəqib məhsullara ayrılmış 35%-lik sahə mütləq şəkildə şaquli olaraq fiziki bir arakəsmə ilə ayrılacaqdır. Ayrılan hissənin hər bir rəfində xüsusi etiketlər yerləşdiriləcəkdir. Həmin sahəyə Cola məhsullarının yerləşdirilməsinin qadağan olduğu rəsmən göstəriləcəkdir.
  • İstehlakçı Nəzarəti və QR Kod Sistemi. Soyuducuların şüşə səthlərində rəqib məhsulların vizual görünüşünü məhdudlaşdıracaq heç bir örtük, etiket və ya reklam materialı yerləşdirilə bilməz. Soyuducuların üzərinə xüsusi QR kodlar əlavə olunacakdır. İstehlakçılar və satıcılar bu kodları skan edərək rəqib məhsulların hüquqları və sahə bölgüsü qaydaları barədə məlumat əldə edə bilərlər.
  • Müstəqil Monitorinq. Öhdəliklərin effektivliyini təmin etmək məqsədilə Cola, tətbiqin nəticələrini müstəqil üçüncü tərəf (auditor qurum) vasitəsilə hesabatlaşdıraraq rəqabət orqanına təqdim etməlidir.
  • Mərhələli Sanksiyalar. Satış nümayəndələri tərəfindən ticarət obyektində rəqib payına riayət edilmədiyi aşkarlanarsa, mərhələli cəza mexanizmi tətbiq olunur: 1. İlk aşkarlanma zamanı: Ticarət nöqtəsi rəsmi xəbərdarlıq alır. 2. Təkrar aşkarlanma zamanı: Pozuntunun davam etdiyi hər dövr üçün obyektin verdiyi növbəti məhsul sifarişləri hər uyğunsuzluqda 10% olmaqla mərhələli şəkildə azaldılır.

3. Kommersiya və Satış Siyasətində Struktur İslahatları

Təsərrüfat subyektinin qəbul etdiyi öhdəliklər paketi pərakəndə satış nöqtələrində rəqabət mühitini qorumaq məqsədilə şirkətin daxili satış, motivasiya və endirim siyasətini kökündən yenidən qurur:

  • Soyuducu Təchizatı Modelinin Dəyişdirilməsi: Əvvəlki kommersiya təcrübəsində ticarət nöqtələrinə illik minimum məhsul satınalma hədəfləri tələbi var idi. Hədəflərə çatmafıqda dilerlərə cərimə tətbiq edilirdi. Yeni qaydalara əsasən, kvotalara bağlı fəaliyyət qiymətləndirilməsinə və cərimələrə son verilmişdir.
  • Motivasiya və Bonus Siyasətinin Yenilənməsi: Sahə işçilərinin rəqibləri mağazalardan sıxışdırıb çıxarmaq həcminə görə aqressiv bonuslar alması təcrübəsi dəyişdirilir. Region satış menecerlərinin bonus siyasəti ləğv edilmişdir. Sahə nümayəndələrinin sabit əməkhaqqı payı minimum 80%-ə qaldırılmış, dəyişkən mükafat fondu isə toplam əməkhaqqının 20%-i ilə məhdudlaşdırılmışdır.
  • Portfel Endirimlərinin Bölünməsi: Müəyyən bir məhsul kateqoriyasında tətbiq edilən endirimlərin digər kateqoriyadakı malların satılması və ya vitrində sərgilənməsi şərtinə bağlanması qadağan edilir. Hər bir kateqoriya üzrə endirim şərtləri digərlərindən müstəqil şəkildə müəyyən olunacaqdır. Həmçinin su və qazlı su kateqoriyalarında pulsuz məhsul formasında kommersiya dəstəyi təcrübəsi tamamilə ləğv edilir.

Yekun

Türkiyə Rəqabət Qurumunun Cola barəsində qəbul etdiyi son qərar antiinhisar tənzimlənməsinin artıq mağaza daxilinə, soyuducu rəflərinə, fiziki arakəsmələrə və sahə menecerlərinin əməkhaqqı strukturuna qədər nüfuz edən fəal nəzarət alətinə çevrildiyini nümayiş etdirir. Üç il müddətinə qəbul edilmiş bu öhdəliklərin qlobal bazarlara və Azərbaycanın pərakəndə satış sektoruna potensial təsirləri platformamız tərəfindən mütəmadi izləniləcəkdir.