Azərişıq ASC barəsində növbəti rəqabət işi üzrə qərar verildi

You are currently viewing Azərişıq ASC barəsində növbəti rəqabət işi üzrə qərar verildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra — Azərişıq) barəsində qaldırılmış rəqabət işi üzrə araşdırmalar başa çatıb. Bu barədə Agentlik özü məlumat yayıb. Xatırladaq ki, bir müddət əvvəl qurumun regional idarə rəhbərlərinin cərimələnməsi ilə nəticələnən rəqabət işi barədə ətraflı məlumat vermişdik. Lakin bu dəfəki yekun qərarda fərqli yanaşma tətbiq olunub.

İşin mahiyyəti və Prezident Fərmanının tələbi

Araşdırma qeyri-yaşayış obyektlərinin istismara qəbulu zamanı Azərişıq tərəfindən verilən rəylərlə bağlı idi. İşin əsasını Azərbaycan Respublikası Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli Fərmanı təşkil edir.

Bu Fərman ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması və tikinti obyektlərinin istismara icazə verilməsi prosesinin rasionallaşdırılması məqsədilə qəbul edilmişdir. Fərman dövlət orqanları və inhisarçı qurumlar tərəfindən yaradılan süni inzibati əngəlləri aradan qaldırmağa, qeyri-yaşayış sahələrinin rəsmiləşdirilməsini sürətləndirməyə və bununla da iqtisadi dövriyyəni aktivləşdirməyə xidmət edir.

Fərmanın məqsədi və texniki şərtləri Azərişıq fəaliyyəti üzrə konkret olaraq aşağıdakı qaydaları müəyyən edir:

  • Mənfi rəyin verilmə şərti: Fərmana əsasən, Azərişıq yalnız qeyri-yaşayış obyektləri yüksəkgərginlikli elektrik şəbəkələrinin mühafizə zonasında yerləşdiyi halda mənfi rəy verməlidir.
  • Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarının 1.2.86-cı maddəsinə görə, yüksəkgərginlikli şəbəkə – 110 kV və yuxarı gərginlikli şəbəkədir.
  • Həmçinin Fərmandan aydın olur ki, obyekt özü yüksəkgərginlikli elektrik şəbəkələrinin mühafizə zonasında yerləşdikdə mənfi rəy verilə bilər. Obyektin yerləşdiyi torpaq sahəsinin həmin mühafizə zonasında yerləşməsi mənfi rəy verilməsi üçün əsas deyil.
  • Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə müəyyən edilir. Mühafizə zonalarının ölçüləri bu Qərara uyğun olaraq ölçülməlidir.
  • Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarının 1.5-ci maddəsinə əsasən, elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sistem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru tərəfindən təmin edilməlidir. Yəni obyekt tikildikdən sonra Azərişıq tərəfindən obyektin yaxınlığında yüksəkgərginlikli elektrik şəbəkəsinin mühafizə zonasının tikilməsi müştərinin səhvi hesab edilə bilməz.

Aşkar edilmiş qanun pozuntuları

Araşdırma zamanı müəyyən olunub ki, Azərişıq:

  • 110 kV və yuxarı gərginlikli elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməyən tikinti obyektlərinə mənfi rəylər verilib;
  • Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri qanunvericiliyə uyğun olaraq ölçülməyib;
  • Bəzi hallarda Azərişıq özü mühafizə zonasının tələblərinə əməl etməli olduğu halda, əməl etməyib və tikinti obyektlərinə mənfi rəylər verib.

Rəqabət Məcəlləsinin tələbləri və qanun pozuntusunun hüquqi təhlili

Azərişıq tərəfindən mühafizə zonasından kənarda qalan obyektlərə də mənfi rəylərin verilməsi, sadəcə inzibati prosedur xətası deyil, Rəqabət Məcəlləsinin təbii inhisar subyektləri üçün müəyyən etdiyi qadağaların birbaşa pozulması əlamətidir. Rəqabət Komissiyası bu hərəkətləri Məcəllənin iki mühüm maddəsi çərçivəsində qiymətləndirib:

  • Maddə 40.5.7 üzrə (müştərinin mənafeyinə mənfi təsir göstərən hərəkətlər): Elektrik paylanması bazarında Azərişıq təbii inhisarçıdır. Bir sahibkar qeyri-yaşayış obyektini istismara vermək üçün bu quruma müraciət etməlidir. Obyekt 110 kV və yuxarı gərginlikli şəbəkənin mühafizə zonasında yerləşmədiyi halda, mənfi rəyin verilməsi, müştərinin iqtisadi mənafeyinə birbaşa zərbə vurur. Bu əsassız rəy sahibkarın obyektini vaxtında istismara qəbul etməsinə mane olur, biznes fəaliyyətini gecikdirir. İnhisarçının öz bazar gücündən istifadə edərək müştərini belə bir əlverişsiz vəziyyətə salması bu maddənin pozulması deməkdir.
  • Maddə 40.5.8 üzrə (sahəvi normativ aktlara uyğun olmayan aktların tətbiqi): Təbii inhisar subyektləri öz fəaliyyətlərində müəyyən edilmiş sahəvi normativ hüquqi aktların çərçivəsindən kənara çıxa bilməzlər. Konkret halda, Azərişıq mühafizə zonalarının ölçülərini Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarına uyğun müəyyən etmədiyi halda və mühafizə zonasını özü təmin etməyib müştəridən tələb etdiyi halda, sahəvi qanunvericiliyi pozmuş hesab edilir. Azərişıq tərəfindən tikinti obyektlərinə verilən rəylər yazılı olaraq təqdim edildiyi üçün bu sənədlər də inzibati akt hesab edilir.

Əvvəlki işdən fərq: Vəzifəli şəxslərə maliyyə sanksiyası tətbiq edilməyib

Məlumat verdiyimiz əvvəlki işdə (elektrik enerjisinin qanunsuz kəsilməsi halları üzrə) Yasamal, Sumqayıt, Cənub, Şimal-Qərb və Şirvan regional idarələrinin rəhbər şəxsləri fərdi qaydada cərimələnmişdilər. Həmin işdə Rəqabət Məcəlləsinin 77.12-ci maddəsinə əsasən vəzifəli şəxslərə maaşlarının iki mislinədək məbləğdə maliyyə sanksiyası tətbiq olunmuşdu.

Bu yeni rəqabət işində isə fərqli yanaşma ortaya qoyulub. Araşdırmanın nəticəsi olaraq Azərişıq rəhbərliyinə və ya onun regional vəzifəli şəxslərinə qarşı hər hansı inzibati və ya maliyyə sanksiyası tətbiq edilməyib. Rəqabət Komissiyası yalnız mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması barədə icrası məcburi göstəriş verməklə kifayətlənib.

Qərarın biznesə və iqtisadiyyata təsiri

Rəqabət orqanının bu qərarı və Azərişıq qarşısında qoyduğu məcburi tələblər biznes mühiti üçün mühüm iqtisadi əhəmiyyət kəsb edir:

  • Bürokratik əngəllərin azalması: Sahibkarların qeyri-yaşayış obyektlərinin istismara verilməsi prosesi tezləşir. Əsassız mənfi rəylərin dayandırılması tikinti və daşınmaz əmlak sektorunda ləngimələrin qarşısını alır.
  • İnvestisiya risklərinin minimuma enməsi: Mühafizə zonasından kənarda tikinti aparan sahibkalar inhisarçı qurumun subyektiv qərarlarından sığortalanır.
  • Təbii inhisarlar üzərində effektiv nəzarət: Bazar iştirakçılarına bərabər şəraitin yaradılması təbii inhisar fəaliyyətinin sərbəst rəqabət prinsiplərinə mane olmasının qarşısını alır.