Azərbaycanın rəqabət orqanı “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə həyata keçirdiyi qiymət siyasəti ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
Rəsmi məlumata əsasən, iş daxil olmuş müraciət üzrə rəqabət orqanının öz təşəbbüsü ilə apardığı araşdırmanın nəticəsində başlanıb. Araşdırmanın predmetini “PDD Holdings” şirkətinin rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ehtimalı təşkil edir. İş Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin mümkün pozuntuları üzrə aparılır və hazırda işə baxılması davam edir.
Qeyd: İşin qaldırılması şirkətin qanun pozuntusuna yol verdiyinin müəyyən edilməsi demək deyil.
Hansı qiymət davranışları araşdırılır?
Rəqabət Məcəlləsinin 16-cı maddəsi hökmran mövqedə olan təsərrüfat subyektlərinin rəqabəti məhdudlaşdıran və ya belə nəticəyə səbəb ola bilən davranışlarını qadağan edir.
İş üzrə istinad edilən müddəalar aşağıdakı halları əhatə edir:
- 16.2.1-ci maddə: Aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi;
- 16.2.7-ci maddə: Müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiqi;
- 16.2.8-ci maddə: Fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması.
Məcəlləyə əsasən, rəqabət orqanı 16.2.7-ci maddə çərçivəsində qiymət davranışını qiymətləndirərkən hökmran mövqedə olan subyektin ümumi xərclərini qarşılaya bilmədiyini, itkiyə yol verdiyini və ya mənfəətdən müəyyən müddət imtina etdiyini, rəqiblərin isə öz müştərilərinə itkilərə yol vermədən xidmət göstərə bilmədiyini sübut kimi qəbul edir. Bundan əlavə, aşağı inhisar qiymətlərinin tətbiqi zamanı subyektin müəyyən müddət ərzində mənfəət əldə etməməsi və ya maddi itki verməsi faktı rəqabət orqanı tərəfindən sübut edilməlidir.
Aşağı qiymət tətbiq etmək özlüyündə qanun pozuntusudurmu?
Məhsulun və ya xidmətin endirimlə və ya rəqiblərdən daha aşağı qiymətə satılması avtomatik olaraq rəqabət qanunvericiliyinin pozulması hesab edilmir.
Hüquqi risk, əsasən, aşağıdakı elementlərin birlikdə mövcud olduğu hallarda artır:
- Hökmran Mövqe. Şirkətin müvafiq bazarda hökmran mövqeyə malik olması. Qayda olaraq, bazar payı 50 faiz və daha çox olan təsərrüfat subyekti hökmran mövqedə hesab edilir. Bazar payı 35 faizdən çox, lakin 50 faizdən az olduqda isə subyektin bazara təsir imkanı olduqda hökmran mövqe tutmuş hesab edilir.
- Bazara Təsir İmkanı. Rəqəmsal platformalar üzrə qiymətləndirmə aparılarkən şəbəkə effektinə malik xidmətlərdən digərinə keçidlə bağlı müştərilərin əlavə xərcləri, platformanın bazara təsir miqyası, istifadəçilərin məlumatlarına çıxış imkanı və innovasiyalar əsasında rəqabətə təsir etmək imkanı nəzərə alınır.
- İqtisadi Əsassızlıq. Qiymətin iqtisadi və ya texnoloji baxımdan əsaslandırılmaması yaxud rəqiblərə qarşı ayrı-seçkilik yaradılması.
- Əsaslandırmanın Olmaması. Davranışın subyekt tərəfindən obyektiv zərurilik və ya səmərəlilik əsasları ilə sübut edilə bilməməsi.
Sahibkarlar üçün praktik tövsiyələr
Yüksək bazar payına, geniş müştəri bazasına və ya şəbəkə effektinə malik şirkətlər qiymət və endirim siyasətlərini aşağıdakı prinsiplər əsasında qurmalıdırlar:
- Müvafiq bazarı və bazar gücünü əvvəlcədən qiymətləndirin. Şirkətin yalnız ümumi satış bazarındakı deyil, konkret məhsul, satış kanalı və coğrafi ərazi üzrə bazar payı təhlil edilməlidir. 50%-dən çox bazar payına malik subyektlər hökmran mövqedə hesab olunur.
- Endirimlərin iqtisadi əsaslarını sənədləşdirin. Müxtəlif alıcılara fərqli qiymət şərtlərinin tətbiqi obyektiv əsaslar (məsələn: həcm, çatdırılma üsulu, ödəniş tarixçəsi) ilə əsaslandırılmalıdır. Əks halda, bu, rəqabətdə əlverişsiz vəziyyət yaradan qiymət ayrı-seçkiliyi kimi qiymətləndirilə bilər.
- Maya dəyərindən aşağı satışları ayrıca nəzarətə götürün. İqtisadi və ya texnoloji əsaslar olmadan maya dəyərindən aşağı satış qadağandır. İstisna olaraq yalnız fiziki və mənəvi köhnəlmiş malların, yaxud istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitlərinin satışı qəbul edilir.
- Müqavilələrdən imtina risklərini idarə edin. İqtisadi və ya texnoloji əsaslar olmadan müqaviləyə xitam verilməsi və ya müqavilə bağlamaqdan imtina edilməsi hökmran mövqedən sui-istifadə sayılır. Unutmayın ki, bu qayda dolayı imtina hallarına da (məsələn, müqavilə qiymətinin əsassız artırılmasına və ya çatdırılmanın gecikdirilməsinə) şamil olunur.
- Obyektiv zərurilik və iqtisadi səmərəlilik sübutlarını öncədən hazırlayın. Rəqabət qanunvericiliyi hökmran mövqedə olan şirkətlərə öz aqressiv kommersiya davranışlarına (məsələn, kəskin endirimlərə və ya müəyyən məhdudiyyətlərə) hüquqi bəraət qazandırmaq imkanı tanıyır. Təsərrüfat subyekti rəqabət orqanının araşdırması zamanı sübut etməlidir ki, tətbiq edilən strategiya bazarda rəqabəti məhdudlaşdırmaq yox, texnoloji inkişaf və xərclərin azalması kimi real iqtisadi səmərəlilik yaratmaq məqsədi daşıyır.
Mövzu barədə daha ətraflı: Rəqabət Komissiyasına vəsatət vermə müddətləri, müdafiə mexanizmləri və qanunvericilikdə nəzərdə tutulan 7 xüsusi meyar barədə ətraflı analitik təhlillə “Hökmran mövqedən sui-istifadə: müdafiə mexanizmi və praktik tətbiqi” məqaləmizdən tanış ola bilərsiniz.
Mümkün maliyyə riski
Hökmran mövqedən sui-istifadə faktı rəqabət orqanının yekun qərarı ilə təsdiqlənərsə, Rəqabət Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, təsərrüfat subyektinə qərarın verildiyi ildən əvvəlki maliyyə ilindəki ümumi dövriyyəsinin 10 faizinə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Əgər sunyektin ümumi dövriyyəsini müəyyən etmək mümkün olmazsa, bu halda Rəqabət Məcəlləsinin 77.5.3-cü maddəsinə görə subyektə 200.001 manatdan – 500.000 manatadək məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Yekun
Nəticə etibarilə, “Temu” işi rəqəmsal platformaların qiymət, endirim və subsidiya mexanizmlərinin Azərbaycan rəqabət hüququ baxımından artıq real tənzimləyici nəzarət predmeti olduğunu göstərir.

