“Rəqabət Orqanı”nın və “Rəqabət Komissiyası”nın anlayışları, fərqləri
1. Rəqabət Orqanı nədir?
Rəqabət orqanı – rəqabət sahəsində dövlət siyasətini həyata keçirən və dövlət nəzarətini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Sadə dildə desək, bu, daimi fəaliyyət göstərən dövlət qurumudur. Azərbaycanda bu funksiyanı Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.
Rəqabət orqanının əsas funksiyaları:
- bazar araşdırması edir;
- müraciətləri qəbul edir;
- müraciət əsasında və ya öz təşəbbüsü ilə dövlət nəzarət tədbirlərini (araşdırma və yoxlama) həyata keçirir.
- Araşdırmanın nəticələrinə dair akt qəbul edir.
Rəqabət orqanının əməkdaşı tərəfindən araşdırmanın nəticələrinə dair tərtib edilmiş aktda qanun pozuntusu əlamətləri olduqda, rəqabət orqanının rəhbəri Rəqabət Komissiyasının yaradılması barədə əmr verir. Yaradılmış Rəqabət Komissiyası isə materialları qiymətləndirərək işin qaldırılması (və ya qaldırılmasından imtina) haqqında qərar qəbul edir.
Bu andan etibarən rəqabət orqanı işin araşdırılması mərhələsindən Komissiya qarşısında öz aktını və sübutlarını müdafiə etmək mərhələsinə keçir. Yekun qərarvermə səlahiyyəti isə Komissiyaya ötürülür.
2. Rəqabət Komissiyası nədir?
Rəqabət komissiyası – rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işlərin qaldırılması, onlara baxılması və müvafiq qərarların qəbul edilməsi üçün antiinhisar orqanı tərəfindən yaradılan kollegial orqandır. Bu o deməkdir ki, Komissiya daimi işləyən bir idarə deyil, konkret bir işin (məsələn, bir şirkətin hömran mövqeyindən sui-istifadə etməsi işinin) araşdırılması və nəticəyə gəlinməsi üçün toplanan “heyət”dir.
Rəqabət komissiyasının yaradılması barədə əmr ilə onun tərkibi təmin edilir. Komissiyanın tərkibi beş nəfərdən az olmamalıdır. Komissiya rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən rəqabət orqanının adından çıxış edir.
Rəqabət komissiyasının əsas funksiyaları:
- İşin qaldırılması (və ya işin qaldırılmasından imtina edilməsi) haqqında qərar qəbul etmək;
- İşi mahiyyəti üzrə hərtərəfli, tam və obyektiv araşdırmaq;
- Qərarlar qəbul etmək;
- Sanksiya tətbiq etmək;
- komissiyanın qəbul etdiyi qərarlarla bağlı izah vermək.
Qısa xülasə: Rəqabət komissiyası “məhkəmə heyəti” kimidir. O, konkret pozuntu faktını qiymətləndirir və son qərarı qəbul edir.
3. Rəqabət Komissiyasına nə ehtiyac var ?
3.1. “Müstəntiq həm də Hakim ola bilməz” Prinsipi
Əgər Rəqabət Komissiyası olmasaydı, yoxlamanı aparan rəqabət orqanı öz tərtib etdiyi akt əsasında həm də yekun cəza qərarını verərdi. Belə halda obyektivliyi qorumaq çətinləşır, çünki pozuntu aşkar etdiyini iddia edən orqan öz iddiasının doğruluğuna artıq meyllidir. Komissiyanın yaradılması araşdırma funksiyası ilə qərarvermə funksiyasını bir-birindən ayırır. Rəqabət Komissiyası qərəzsizliyi təmin edir.
3.2. Kollegiallıq: “Bir ağıl yaxşıdır, bir neçəsi daha yaxşı”
Rəqabət hüququnda sanksiyalar adətən təsərrüfat subyektinin dövriyyəsi üzərindən hesablandığı üçün cərimə məbləğləri kifayət qədər yüksəkdir. Belə ağır nəticələri olan qərarların tək bir şəxs tərəfindən verilməsi risklidir. Bundan fərqli olaraq Rəqabət Komissiyası kollegial orqandır, yəni orada qərarlar təkbaşına yox, səsvermə yolu ilə qəbul edilir.
3.3. Dinlənilmə Hüququnun Təminatı
Təsərrüfat subyektinin özünü müdafiə edə bilməsi zəruridir. Doğrudur ki, Rəqabət Orqanı araşdırma apararkən təsərrüfat subyekti ilə ünsiyyətdə olur, lakin bu, kifayət etmir. Belə ki, Rəqabət Komissiyasının iclas(lar)ı təsərrüfat subyektinə imkan verir ki, o, rəsmi şəkildə nümayəndələri, ekspertləri və ya vəkilləri ilə gəlsin, Rəqabət orqanın topladığı sübutlara etiraz etsin və öz dəlillərini təqdim etsin. Komissiya təsərrüfat subyektləri üçün “son sözünü demək” yeridir.
İstinad edilmiş ədəbiyyat:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları”
