06.02 – İnhisar Qiymətləri və Qiymət Ayrı-Seçkiliyi

Giriş

Hökmran mövqedə olan təsərrüfat subyektlərinin sui-istifadə hərəkətləri ən çox qiymət manipulyasiyaları formasında özünü büruzə verir. Rəqabət Məcəlləsi aşağı və yüksək inhisar qiymətlərinin tətbiqini qəti qadağan edir.

 1. Yüksək inhisar qiymətləri.

Yüksək inhisar qiyməti hökmran subyektin bazarda rəqabətin olmamasından istifadə edərək qiymətləri süni şəkildə istehsal xərclərindən həddindən yuxarı qaldırmasıdır.

Xərclər dəyişmədiyi halda qiymətin artması və ya bu artımın inflyasiya səviyyəsini, vergi və rüsumlardakı dəyişikliyi əhəmiyyətli dərəcədə üstələməsi də yüksək inhisar qiyməti sayılır.

Bir qiymətin yüksək inhisar qiyməti kimi təsbit edilməsi üçün aşağıdakı üç fundamental meyar nəzərə alınmalıdır:

  • Birinci meyar: Qiyməti tətbiq edən təsərrüfat subyektinin müvafiq bazarda hökmran mövqedə olması və alıcıların alternativ təchizat mənbələrinə malik olmaması.
  • İkinci meyar: Hökmran mövqedə olan subyekt rəqibləri üçün zəruri olan xammalı və ya xidməti (input) satırsa, tətbiq edilən yüksək qiymət həmin alıcıların (rəqiblərin) son bazarda rentabelli fəaliyyət göstərməsinə icazə verməməsi. Bu, rəqabət hüququnda “marja sıxışdırılması” (margin squeeze) adlanır: inhisarçı girişi (input) elə baha satır ki, rəqib (alıcı) nə qədər səmərəli işləsə də, zərərdən çıxa bilmir.
  • Hökmran mövqedə olan subyekt alıcının alternativsizliyindən istifadə edərək, alıcının əldə etməli olduğu iqtisadi faydanı (mənfəəti) hədsiz yüksək qiymət vasitəsilə mənimsəyir. Təsəvvür edin ki, bir xammalın ədalətli qiyməti (istehsal xərci + normal mənfəət) 10 manatdır. Alıcı bu xammalı alıb işlətsə, sonda özü də 5 manat qazanmalıdır. Lakin hökmran mövqedə olan subyekt alıcının başqa çarəsinin olmadığını bilir və qiyməti 10 manat deyil, 14 manat edir.

Dünya Təcrübəsindən Keys: United Brands (Chiquita) və Həddindən Artıq Qiymət

​Bu sahədə ən mühüm məhkəmə işi United Brands (1978) keysidir. Şirkət banan bazarında hökmran idi və fərdi AB ölkələrində eyni məhsul üçün kəskin fərqlənən qiymətlər tətbiq edirdi. Məhkəmə müəyyən etdi ki, qiymətin sadəcə baha olması kifayət deyil. Əgər tətbiq edilən qiymətin məhsulun yaratdığı iqtisadi dəyər (economic value) ilə ağlabatan əlaqəsi yoxdursa və qiymət bu dəyərlə müqayisədə əsassız dərəcədə (excessive) yüksəkdirsə, bu yüksək inhisar qiymətidir. Məhkəmə iki mərhələli test tətbiq etdi: qiymət ilə istehsal xərcləri arasındakı fərqin ifrat olub-olmaması və qiymətin həm zaman daxilində, həm də digər rəqiblərin təklifləri ilə müqayisədə ədalətsiz olması. Nəticədə şirkətin istehlakçıları iqtisadi dəyərdən qat-qat artıq qiymətlərlə istismar etdiyi sübuta yetirildi.

 2. Aşağı inhisar qiymətləri.

Aşağı inhisar qiyməti – bazarda böyük gücə malik olan (hökmran) şirkətin tətbiq etdiyi süni aşağı qiymətdir. Bu, iki fərqli vəziyyətdə baş verir:

  • Malı alarkən (Alıcı inhisarı):
    Təsərrüfat subyekti öz xərclərini azaltmaq üçün satıcıya təzyiq edərək malı ondan həddindən artıq ucuza alır. Beləliklə, öz mənfəətini satıcının zərəri hesabına təmin edir.
  • Malı satarkən (Yırtıcı qiymət):
    Təsərrüfat subyekti rəqiblərini bazardan sıxışdırıb çıxarmaq və ya yeni rəqiblərin gəlişini əngəlləmək üçün öz məhsulunu bazar qiymətindən xeyli aşağı satır. Burada məqsəd müvəqqəti zərərə dözərək rəqibləri iflasa uğratmaq və gələcəkdə bazarda tək qalmaqdır.

2.1. Fundamental meyarlar

Rəqabət qanunvericiliyinə və beynəlxalq praktikaya əsasən, bir qiymətin aşağı inhisar qiyməti kimi təsbit edilməsi üçün aşağıdakı üç fundamental meyar nəzərə alınmalıdır:

  • Birinci meyar: Qiyməti tətbiq edən təsərrüfat subyektinin müvafiq bazarda hökmran mövqedə olması. Bu, sui-istifadənin baş verməsi üçün zəruri olan hüquqi statusdur.
  • İkinci meyar: Tətbiq edilən qiymətin rəqiblər üçün bazara giriş maneəsi yaratması və ya mövcud rəqiblərə münasibətdə rentabelli fəaliyyət göstərməyə imkan verməyən səviyyədə olması. Bu halda hökmran subyekt öz maliyyə resurslarından istifadə edərək süni şəkildə qiyməti elə bir həddə saxlayır ki, rəqiblərin həmin qiymətlə fəaliyyətini davam etdirməsi iqtisadi cəhətdən qeyri-mümkün olur.
  • Üçüncü meyar: Əgər hökmran mövqedə olan təsərrüfat subyekti monopson (yəni bazarda yeganə alıcıdırsa) gücünə sahibdirsə, onun müəyyənləşdirdiyi qiymət həddi bazarda fəaliyyət göstərən rəqiblərin qiyməti ilə və ya formalaşmış bazar qiymətləri ilə müqayisədə satıcının rentabelli fəaliyyət göstərməsinə icazə verməməlidir. Bu, inhisarçı alıcının öz gücündən istifadə edərək təchizat zəncirindəki subyektləri istismar etməsi və rəqabəti məhdudlaşdırması kimi qiymətləndirilir.

2.2. Aktiv və passiv sui-istifadə

Aşağı inhisar qiymətinin tətbiqi iki əsas ssenari üzrə təzahür edir:

  • Aktiv sui-istifadə: Məhsulun maya dəyərindən aşağı qiymətə satılması. Bu halda subyekt müvəqqəti zərərə dözərək rəqibləri bazardan kənarlaşdırır.
  • Passiv sui-istifadə (Qiymət dondurma): İnflyasiya, xammal xərcləri və vergilər artdığı üçün digər subyektlər qiyməti artırmağa məcbur olduğu halda, hökmran subyektin qiyməti israrla sabit saxlaması. Bu, iqtisadi mühasirə strategiyasıdır; maliyyə resursu az olan rəqiblər artan xərclər fonunda bu “sabit” qiymətlə rəqabət apara bilməyərək bazarı tərk edirlər.

Dünya Təcrübəsindən Keys: AKZO Chemie və Aşağı Qiymət Testi

​1991-ci ildə AKZO keysində məhkəmə aşağı inhisar qiymətini müəyyən etmək üçün xərclərə əsaslanan xüsusi meyar formalaşdırdı. Bu testə görə, əgər şirkət məhsulu hətta onun istehsalına birbaşa gedən xammal və işçi xərclərindən (orta dəyişən xərclərdən) də ucuz satırsa, bu, birbaşa rəqibi məhv etmək niyyətini sübut edir. Çünki belə bir qiymət siyasəti iqtisadi baxımdan səmərəsizdir və yalnız rəqabəti sıradan çıxarmaq üçün bir silah kimi istifadə olunur. AKZO kiçik rəqibi ECS-i bazardan çıxarmaq üçün zərərinə satış etdiyi üçün cərimələndi. Bu keys sübut edir ki, süni ucuzluq inhisarçının bazarı rəqiblərdən “təmizləməsi” üçün bir vasitədir.

 3. Qiymət ayrı-seçkiliyinə icazə verilən hallar.

Qızıl qayda: Təsərrüfat subyekti qiymət ayrı-seçkiliyini iqtisadi baxımdan sifariş həcmi, çatdırılma yerinin və üsulunun fərqliliyi ilə əsaslandırsa, qiymət ayrı-seçkiliyi qanunauyğun hesab edilə bilər.  

Müştəri 1000 ədəd məhsul sifariş edirsə, ona 10 ədəd sifariş edən müştəridən fərqli qiymət verilməsi miqyas effektinə görə iqtisadi cəhətdən əsaslıdır. Həmçinin, məhsulun fərqli logistika xərcləri tələb edən regionlara çatdırılması da qiymət fərqinə tam hüquqi əsas yaradır.

​Rəqibin təklifinə cavab strategiyası. Bu istisnanı praktiki bir sxemlə izah edək: A və B müvafiq bazarda bir-birinə rəqib olan böyük şirkətlərdir. A şirkətinin iki əsas müştərisi var: K və L. Günlərin bir günü B şirkəti A-nın müştərisi olan K-nı özünə cəlb etmək üçün ona mövcud bazar qiymətindən 20 faiz aşağı qiymət təklif edir. A şirkəti K müştərisini rəqibinə itirməmək üçün məcburiyyət qarşısında qalaraq yalnız K-ya xüsusi 20 faiz endirim edir. Lakin A şirkəti öz digər müştərisi L-ə bu endirimi tətbiq etmir, çünki L müştərisinə B şirkəti tərəfindən belə bir rəqabətli təklif verilməmişdir. Kənardan baxdıqda bu, eyni müştərilər (K və L) arasında qiymət ayrı-seçkiliyi kimi görünsə də, bu hərəkət rəqibin təklifinə cavab xarakteri daşıdığı üçün qanunvericilik çərçivəsində haqlı və icazə verilən davranış hesab edilir.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi.
  2. Avropa Ədalət Məhkəməsinin United Brands v Commission (1978) qərarı.
  3. Avropa Ədalət Məhkəməsinin AKZO Chemie BV v Commission (1991) qərarı.
  4. Rəqabət Terminlərinin İzahlı Lüğəti (II nəşr, 2024).