BƏƏ-nin OPEC-dən Çıxmaq Qərarı

You are currently viewing BƏƏ-nin OPEC-dən Çıxmaq Qərarı

BƏƏ-nin OPEC-dən Çıxmaq Qərarı: Qlobal Neft Bazarında “Kartel”in Gələcəyi Nə Olacaq?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən (Neft İxrac Edən Ölkələr Təşkilatı) ayrılmaq ehtimalı (və ya qərarı) qlobal enerji bazarlarında ciddi rezonans doğurub (bu barədə daha ətraflı). Bu addım təkcə siyasi və iqtisadi deyil, həm də qlobal rəqabət hüququ baxımından böyük maraq kəsb edir. Çünki OPEC illərdir ki, dünya neft bazarında klassik bir inhisarçı güc, bir kartel kimi fəaliyyət göstərir.

Bəs OPEC niyə “kartel” adlandırılır və niyə indiyədək heç bir beynəlxalq qurum ona qarşı sanksiya tətbiq edə bilməyib?

Rəqabət Hüququ Baxımından OPEC Nədir?

Rəqabət hüququnda ortaq mənfəəti maksimallaşdırmaq üçün birləşərək ortaq qiymət və məhsul buraxılışı barədə qərarlar qəbul edən təsərrüfat subyektləri qrupuna kartel deyilir. Qiymətlərin müəyyən edilməsi, tədarükün məhdudlaşdırılması yaxud istehsala kvotaların qoyulması məhz rəqabəti məhdudlaşdıran kartel tipli əlaqələrə nümunədir.

Bu gün dünyada kartelə ən yaxşı nümunə məhz OPEC hesab olunur. Təşkilat, Səudiyyə Ərəbistanı və Küveyt də daxil olmaqla, neft istehsal səviyyələrində razılığa gələn 13 ölkədən ibarətdir. Onların bazara necə təsir etdiyini görmək üçün tarixə qısa bir nəzər salmaq kifayətdir: Hələ 1970-ci illərin əvvəllərində OPEC karteli neft hasilatını azaltmağa başladı və bu qərarlar 1973-1974-cü illərdə dünya bazarlarında xam neftin qiymətinin 400 faiz artmasına gətirib çıxardı. Yəni, təşkilat süni qıtlıq yaradaraq qiymətləri öz xeyrinə diktə etmək gücünə malikdir.

Bəs Niyə OPEC Qadağan Edilmir və ya Sanksiyaya Məruz Qalmır?

Əgər eyni fəaliyyəti (istehsalı məhdudlaşdırıb qiyməti qaldırmağı) 3-4 özəl neft şirkəti (məsələn, BP, Shell və Chevron) etsəydi, rəqabət orqanları onlara milyardlarla dollar cərimə kəsər və rəhbərlərini məsuliyyətə cəlb edərdi. Lakin OPEC-ə qarşı bu addımlar atıla bilmir. Səbəbi isə hüquqdakı “Suveren İmmunitet” (Sovereign Immunity)“Dövlət Aktı” (Act of State) doktrinalarıdır.

OPEC özəl şirkətlərdən yox, suveren dövlətlərdən ibarətdir. Beynəlxalq hüquqa görə, dövlətlərin öz təbii sərvətləri (neft) üzərində tam suverenliyi var və onların bu resursları necə hasil edib satacaqları dövlət siyasəti hesab edilir. Milli rəqabət və ya antiinhisar qanunları yalnız kommersiya subyektlərinə (şirkətlərə) tətbiq olunur, xarici dövlətlərin suveren fəaliyyətlərini isə mühakimə edə bilməz.

BƏƏ-nin Çıxışı Nəyi Dəyişəcək?

BƏƏ-nin OPEC-dən ayrılması, bu “kartel”in daxilindəki nizam-intizamın və vahid qiymət siyasətinin sarsılması deməkdir. Təşkilatdan kənarda fəaliyyət göstərən BƏƏ öz neft hasilatını istədiyi kimi artıra biləcək ki, bu da bazarda təklifin artmasına və qiymətlərin daha da rəqabətli formalaşmasına (istehlakçılar üçün daha ucuz neftə) səbəb ola bilər.