11.01. – Dövlət Nəzarət Tədbirləri: Araşdırma və Yoxlama.

1. Araşdırmanın Başlanması və Hüquqi Əsasları

Rəqabət hüququnda dövlət nəzarət tədbirləri çərçivəsində rəqabət orqanı tərəfindən həyata keçirilən ilkin və ən geniş yayılmış fəaliyyət növü araşdırma prosesidir. Araşdırma prosesi rəqabət orqanının bazarda mümkün qanun pozuntularını müəyyən etmək üçün apardığı hüquqi və iqtisadi toplama mərhələsidir. Təsərrüfat subyektləri bilməlidir ki, rəqabət orqanı subyektiv mülahizələr əsasında araşdırma başlada bilməz; prosesin qanuni qüvvəyə minməsi üçün rəsmi əsaslar mövcud olmalıdır.

1.1 Araşdırma Üçün Qanuni Əsaslar Nədir?

Rəqabət Məcəlləsinin tələblərinə əsasən, rəqabət hüququnda dövlət nəzarət tədbirləri çərçivəsində araşdırmanın başlanması üçün aşağıdakı əsaslar qanunvericiliklə təsbit edilmişdir:

  • Bazar subyektlərinin müraciəti: Fiziki və ya hüquqi şəxslərin, həmçinin dövlət orqanlarının bazardakı rəqabət pozuntuları ilə bağlı rəsmi müraciətləri.
  • Mediada dərc olunan məlumatlar: media və ya sosial şəbəkələrdə dərc edilən rəqabət qanunvericiliyinin pozmasına dair məlumatlar.
  • Öz təşəbbüsü ilə aşkar etdiyi hallar: Rəqabət orqanının özünün həyata keçirdiyi monitorinqlər, iqtisadi təhlillər və yoxlamalar nəticəsində birbaşa qanun pozuntusu əlamətlərinin aşkar edilməsi.
  • Rəqabət orqanı tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə verilmiş icrası məcburi göstərişlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması;

1.2. Bazar Subyektlərinin Müraciəti Əsasında Araşdırma və Müddət Limiti

Bazar subyektlərinin müraciəti əsasında başlanan proseslərdə qanunvericilik həm rəqabət orqanının, həm də təsərrüfat subyektinin hüquqi mühafizəsini təmin etmək üçün konkret müddət məhdudiyyətləri müəyyən edir.

Rəqabət Məcəlləsinin 43.5-ci maddəsinə uyğun olaraq bazar subyektinin müraciəti daxil olduqdan sonra rəqabət orqanı 10 iş günü müddətində araşdırmanın başlanıb-başlanmaması barədə rəsmi qərar qəbul etməlidir.

1.3. Rəqabət orqanının Sorğularına Münasibətdə Davranış Strategiyası

Rəqabət orqanı təsərrüfat subyektinə rəsmi sorğu məktubu göndərərək müxtəlif məlumat və sənədlər tələb edə bilər. Bu zaman sahibkarlar aşağıdakı hüquqi strategiyaya riayət etməlidirlər:

Hüquqi Əsası Yoxlamaq: Rəqabət orqanı müraciəti vətəndaşların müraciətləri haqqında qanunvericiliyə əsasən edirsə və hələ rəsmi araşdırma başlamayıbsa, bu ilkin məlumat toplama xarakteri daşıyır. Təsəreüfat subyektinin narahatlığına əsas yoxdur.

Vətəndaşların müraciətləri haqqında qanunvericiliyə istinad edərək rəqabət orqanı məlumat tələb edirsə, aşağıdakı hərəkətləri etmək tövsiyə edilmir:

  • Sorğuda tələb edilməyən məlumatı vermək;
  • Risk yarada biləcək məlumatı vermək;
  • Rəqabət orqanının müraciətdə tələb etmədiyi sənədləri təqdim etmək.

Əgər rəqabət orqanı Rəqabət Məcəlləsinin konkret maddələrinə istinad edərək təsərrüfat subyektindən sənədlər tələb edirsə, artıq narahat olmaq üçün əsas var. Bu o deməkdir ki, rəqabət orqanında rəqabət pozuntusu barədə ilkin şübhələr var və ya özü sübutları toplayıb formal proseduru həyata keçirir.

Müddətin Ötürülməməsi: Rəqabət Məcəlləsinin 56.1-ci maddəsinə görə, rəqabət orqanı təsərrüfat subyektinə sənədlərin təqdim edilməsi üçün 10 iş günü müddət təyin edir (təcili hallarda 3 iş günü). Əgər bu müddətdə sənədləri toplamaq və ya böyük həcmli maliyyə-təsərrüfat hesabatlarını hazırlamaq mümkün deyilsə, subyekt hərəkətsiz qalmamalıdır. Məcəllənin 56.1-ci maddəsinə istinad edərək müddət bitmədən dərhal rəqabət orqanına rəsmi cavab məktubu yazılmalı, sənədlərin həcmi və ya obyektiv çətinliklər əsaslandırılaraq əlavə vaxt verilməsi xahiş edilməlidir. Bu hərəkət, təsərrüfat subyektini sənədləri vaxtında təqdim etməməyə görə tətbiq oluna biləcək sanksiyalardan qoruyur.

2. Planlı Nəzarət Mexanizmləri: Yoxlama və Monitorinq Fərqi

Rəqabət hüququnda dövlət nəzarət tədbirlərinin sistematik və şəffaf həyata keçirilməsi üçün qanunvericilik planlı nəzarət mexanizmlərini müəyyən edir. Təsərrüfat subyektləri öz statuslarına görə hansı nəzarət növünə məruz qala biləcəklərini öncədən bilməlidirlər. Bu sahədə iki əsas mexanizm — planlı yoxlama və planlı monitorinq bir-birindən fərqlənir.

2.1. Planlı Yoxlama Prosesi və Subyektlərin Dairəsi

Planlı yoxlama — rəqabət orqanının qabaqcadan müəyyən etdiyi qrafik üzrə konkret təsərrüfat subyektlərinin fəaliyyətini birbaşa təftiş etməsidir.

  • Rəqabət orqanı hər il 1 dekabr tarixinə qədər növbəti ildə planlı yoxlama aparacağı subyektlərin rəsmi siyahısını dərc etməlidir. (Cari dövr etibarilə bu proseduru tənzimləyəcək müvafiq Nazirlər Kabineti qərarı hələ qəbul edilməmişdir, bu səbəbdən rəqabət orqanı planlı yoxlama həyata keçirə bilmir).
  • Planlı yoxlamalar rəqabət mühitinə ən çox təsir göstərmək imkanı olan xüsusi kateqoriyalı subyektlərə tətbiq edilir. Qanuna görə, planlı yoxlama yalnız təbii inhisar subyektlərinə və müvafiq bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinə tətbiq edilə bilər.

2.2. Planlı Monitorinq Prosesi və Əsaslandırma Öhdəliyi

Planlı monitorinq — konkret bir şirkətin deyil, ümumilikdə müəyyən bir əmtəə və ya xidmət bazarının rəqabət vəziyyətinin izlənilməsidir.

  • Dərc Olunma Qaydası: Rəqabət orqanı hər il 1 dekabr tarixinə qədər növbəti ildə planlı monitorinq aparacağı müvafiq bazarların siyahısını dərc etməlidir.
  • Tətbiq Dairəsi: Yoxlamadan fərqli olaraq, planlı monitorinq prosesi çərçivəsində istənilən təsərrüfat subyekti ilə bağlı müşahidə və məlumat toplama həyata keçirilə bilər. Monitorinq üçün subyektin mütləq hökmran mövqedə olması şərti yoxdur.
  • Hüquqi Əsaslandırma Məcburiyyəti: Rəqabət orqanı istər planlı, istərsə də plandan kənar monitorinqi həyata keçirərkən öz mülahizəsinə görə həyata keçirə bilməz. Monitorinqin keçirilməsi barədə qərar Nazirlər Kabinetinin 528 nömrəli qərarının 3.4-cü və 4.1-ci maddələrinin tələblərinə tam uyğun olaraq iqtisadi və hüquqi cəhətdən əsaslandırılmalıdır. Əsaslandırılmamış monitorinqlər subyektlər tərəfindən hüquqi müstəvidə mübahisələndirilə bilər.

3. Araşdırma Prosesinin Mərhələləri və Müddətlər

Rəqabət hüququnda dövlət nəzarət tədbirləri daxilində araşdırma prosesi müəyyən bir xronoloji ardıcıllıqla icra edilir. Təsərrüfat subyektinin hər bir mərhələdə qəbul edilən sənədlərin hüquqi qüvvəsini yoxlamaq hüququ vardır.

3.1. İlkin Araşdırma Müddəti və Uzadılması

Proses rəqabət orqanının araşdırma başladılması barədə rəsmi qərar qəbul etdiyi andan start götürür.

Qanunvericilik araşdırmanın qeyri-müəyyən müddətə uzanaraq biznes fəaliyyətinə mane olmaması üçün dəqiq zaman çərçivəsi müəyyən edib:

  • İlkin müddət: Araşdırma barədə qərarın qəbul edildiyi gündən etibarən 30 iş günüdür.
  • Müddətin uzadılması: İşin mürəkkəbliyindən, əlavə iqtisadi təhlillərin aparılması zərurətindən asılı olaraq, rəqabət orqanının əsaslandırılmış qərarı ilə bu müddət maksimum daha 30 iş günü artırıla bilər. Cəmi araşdırma müddəti 60 iş günündən artıq ola bilməz.

3.2. Araşdırmanın Yekunu Barədə Akt və “Səlahiyyətli Şəxs” Anlayışı

Araşdırma müddəti bitdikdə, toplanmış sənədlər və faktlar əsasında araşdırmanın yekunu barədə akt tərtib olunur. Bu akt prosesin ən kritik sənədlərindən biridir. Aktın nümunəvi forması Nazirlər Kabinetinin 2024-cü il 29 iyul tarixli 362 nömrəli Qərarı təsdiq edilmişdir.

Qeyd: Yekun aktın hüquqi qüvvəyə malik olması onun kim tərəfindən imzalanmasından birbaşa asılıdır. Qanunvericiliyə görə, bu aktı yalnız rəqabət orqanının rəhbəri tərəfindən həmin araşdırmanı aparmaq barədə rəsmi səlahiyyət verilmiş şəxs (müfəttiş və ya araşdırmaçı) imzalaya bilər. Əgər aktı belə bir səlahiyyəti olmayan və ya müvafiq sərəncamda adı keçməyən başqa bir vəzifəli şəxs imzalayarsa, həmin aktın heç bir hüquqi qüvvəsi yoxdur və onun əsasında sonradan tətbiq ediləcək tədbirlər qanunazidd sayılır.

3.3. Akt Qəbul Edildikdən Sonrakı Dövr

Yekun akt rəqabət orqanının rəhbərliyinə təqdim edildikdən sonra, işin gedişatında aşağıdakı üç fərqli hüquqi addımdan biri atıla bilər:

  1. Araşdırmaya xitam verilməsi: Əgər aparılan araşdırma nəticəsində təsərrüfat subyektinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması faktı və ya qanun pozuntusu əlamətləri aşkar edilməzsə, rəqabət orqanının rəsmi qərarı ilə araşdırmaya xitam verilir və iş bağlanır. Həmçinin məsuliyyətə cəlbetmə müddəti keçibsə, rğqabət orqanı araşdırmaya xitam verməlidir.
  2. Yoxlama aparılması barədə qərar: Aktda əks olunan məlumatlar pozuntunun mövcudluğunu tam sübut etmək üçün yetərli olmadıqda, lakin ciddi şübhələr qaldıqda, rəqabət orqanı subyektin fəaliyyətində yerində və ya sənədlər üzərində rəsmi yoxlama keçirilməsi barədə qərar qəbul edə bilər.
  3. İş qaldırılması proseduru: Əgər aktda qanun pozuntusu faktlarla tam təsdiq olunubsa və akt rəqabət orqanının rəhbəri tərəfindən qəbul edilibsə, rəqabət orqanının rəhbəri Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edir.