Giriş
Avropa İttifaqı Ədalət Məhkəməsinin (ECJ) “Google” və onun ana şirkəti “Alphabet”in apelyasiya şikayətini rədd edərək 4,1 milyard avroluq maliyyə sanksiyasını qüvvədə saxlaması, rəqəmsal platformaların tənzimlənməsi tarixində mühüm mərhələdir. Təxminən səkkiz il davam edən bu hüquqi mübahisə sadəcə inzibati cərimə aktı deyil. O, rəqəmsal ekosistemlərdə hökmran mövqedən sui-istifadə hallarının hüquqi sərhədlərini yenidən müəyyən edən və “Big Tech”lər zərindəki rəqabət nəzarətini gücləndirən bir presedentdir.
1. Müvafiq Bazarın Müəyyən Edilməsi: Hüdudlar Uğrunda “Şahmat Oyunu”
Əvvəlki Müvafiq Bazar təhlilimizdə qeyd etdiyimiz kimi, rəqabət hüququnda bazarın sərhədlərinin müəyyən edilməsi tərəflər arasında strateji bir “şahmat oyunu”dur. Rəqabət orqanları şirkətin bazar payını riyazi olaraq yüksəltmək və hökmran mövqeyi sübut etmək üçün sərhədləri dar müəyyən etməyə çalışrlar. Şirkətlər isə əksinə, rəqabət təzyiqini çox göstərib paylarını kiçiltmək üçün bazarı mümkün qədər geniş müəyyən etməyə çalışırlar.
“Google Android” işi bu strateji gedişlərin ən bariz nümunəsidir:
- “Google”un Geniş Bazar Həmləsi: Şirkət öz müdafiə xəttində iddia edirdi ki, müvafiq bazar “bütün mobil əməliyyat sistemləri” kimi geniş götürülməlidir. Bu yanaşmaya görə, “Google” bazarda unikal deyil və “Apple” şirkətinin iOS sistemi ilə kəskin rəqabət aparır. Məqsəd tələbin çarpaz elastikliyinə əsaslanaraq, “Google”un bazar payını rğqabət baxımından təhlükəsiz həddə endirmək idi.
- Komissiyanın Dar Bazar Gedişi: Avropa Komissiyası və məhkəmə isə bazarın sərhədlərini rasional şəkildə daraldaraq “Lisenziyalaşdırıla bilən mobil əməliyyat sistemləri” kimi müəyyən etdi. Çünki “Apple” öz sistemini digər smartfon istehsalçılarına (OEM) lisenziya əsasında vermir və qapalı ekosistem saxlayır. Üçüncü tərəf istehsalçılar (məsələn, Samsung, Xiaomi və s.) üçün lisenziyalaşdırıla bilən yeganə effektiv və kommersiya baxımından cəlbedici sistem “Android”dir.
Bu daraltma nəticəsində “Google”un müvafiq bazardakı payı riyazi olaraq 90%-in üzərinə çıxdı və şirkətin hökmran mövqeyi hüquqi olaraq təsdiqləndi.
2. Hüquqi Pozuntunun Anatomiyası: Şərtli Satış və Ekosistem Məhdudiyyətləri
Məhkəmə tərəfindən təsdiq edilmiş faktlar “Google”un öz əsas bazarındakı (Play Store) üstünlüyünü digər törəmə bazarlara (axtarış sistemləri və brauzerlər) transfer etmək üçün iki fərqli anti-rəqabət üsulundan istifadə etdiyini göstərir:
A. Əlaqəli və Şərtli Satış (Tying and Bundling)
“Google”, cihaz istehsalçılarına rəqəmsal infrastruktur kimi zəruri olan “Google Play Store”un lisenziyasını vermək üçün şərt qoyurdu: İstehsalçılar eyni zamanda “Google Search” və “Chrome” brauzerini cihazın ana ekranında ilkin quraşdırılmış (pre-installed) olaraq təqdim etməli idilər.
Hüquqi Zərər Nəzəriyyəsi (Theory of Harm): Bu praktika istehlakçıların cihazda hazır gələn proqramları dəyişdirməmək vərdişindən (status quo meyli) istifadə edərək, rəqiblərin (məsələn, DuckDuckGo, Opera, Bing) bazara daxil olmasını və istifadəçiyə çatmasını süni şəkildə məhdudlaşdırmışdır.
B. Anti-Fragmentasiya Sazişləri (Anti-fragmentation agreements)
“Google”, onun tətbiqlərini quraşdıran istehsalçılarla müqavilələrdə “Android”in modifikasiya olunmuş və ya alternativ versiyaları (Android forks) əsasında hər hansı bir paralel cihaz istehsal etməyi qadağan edirdi. Bu, açıq mənbəli (open-source) sistemin gətirdiyi rəqabət üstünlüklərini məhdudlaşdıran və innovativ alternativlərin inkişafının qarşısını alan şaquli məhdudiyyət (vertical restraint) növü kimi qiymətləndirildi.
3. “Pulsuz Məhsul” Konsepti və İstehlakçı Rifahı Standartı
“Google”un əsas hüquqi müdafiə tezislərindən biri “Android”in pulsuz təklif edilməsi və bunun istehlakçılara ziyan vurmaması (Consumer Welfare Standard) iddiası idi. Klassik antiinhisar hüququ çox vaxt yalnız qiymət artımını rəqabət pozuntusu hesab edirdi.
ECJ bu qərarla müasir rəqəmsal rəqabət hüququnun mühüm prinsiplərindən birini təsdiq edir: Çoxtərəfli bazarlarda (two-sided markets) sıfır qiymət (zero-price) antiinhisar məsuliyyətini istisna etmir.
- Şirkət bir tərəfdən (istehlakçılardan və istehsalçılardan) birbaşa ödəniş almasa da, digər tərəfdən (rəqəmsal reklam bazarından və fərdi verilənlərin toplanmasından) yüksək mənfəət əldə edir.
- Azad seçimin məhdudlaşdırılması qiymət artımı olmasa belə, innovasiyanın azalması və keyfiyyət rəqabətinin sıradan çıxması formalarında istehlakçı zərərinə səbəb olur.
4. Rəqabət Hüququnun İnkişafı: “Ex-Post”dan “Ex-Ante” Tənzimləməyə Keçid
“Android” işi rəqabət orqanlarına göstərdi ki, klassik hüquqi araşdırmalar (ex-post) çevik rəqəmsal bazarlarda kifayət qədər ləng işləyir. Hüquqi mübahisə yekunlaşana qədər texnologiya dəyişir, rəqiblərin mövqeyi zəifləyir və bazar strukturu geri dönməz şəkildə konsolidasiya olunur.
Məhz bu səbəbdən Aİ və digər qabaqcıl yurisdiksiyalar tənzimləmə modelini dəyişərək Rəqəmsal Bazarlar Aktı vasitəsilə “Ex-Ante” (Öncədən müəyyən edilmiş) preventiv qaydalara keçid etdilər.
Bu struktur keçidinin nümunəsini, daha əvvəl yayımladığımız Avropa İttifaqı Komissiyası “Google”a qarşı başlıqlı təhlilimizdə araşdırmışdıq. Orada qeyd etdiyimiz kimi, rəqabət orqanları artıq Google-un pozuntu törətməsini gözləmir. Tam əksinə, Rəqəmsal Bazarlar Aktı müəyyən dövriyyə və istifadəçi həddini keçən nəhəng platformaları birbaşa “Gatekeeper” elan edir və onlara “öz məhsulunu önə çəkmə qadağası” (anti-self-preferencing) kimi öhdəliklər qoyur.
Hazırda Android sistemində tətbiq edilən bu mexanizm “Google”un özünə üstünlük vermə praktikasını qadağan edir. ChatGPT və Claude kimi üçüncü tərəf süni intellekt xidmətlərinin sistemlə tam bərabər inteqrasiyasını tələb etməsi gözlənilir (Komissiyanın bu istiqamətdə yekun məcburi qərarı 2026-cı il iyulun 27-də açıqlanacaq). Komissiya bu texniki həllərin səmərəliliyini yoxlamaq üçün “Google”un təkliflərini ekosistemin digər iştirakçılarının rəyinə — genişmiqyaslı bazar testinə (market test) çıxarır.
5. Özəl Hüquqi Müdafiə Vasitələri (Private Enforcement) və Zərərin Əvəzinin Ödənilməsi
Bu qərarın mühüm praktik iqtisadi nəticələrindən biri ardıcıl (növbəti) zərər iddiaları üçün hüquqi zəminin formalaşmasıdır.
Avropa rəqabət hüququnda dövlətin tətbiq etdiyi sanksiyalar (Public Enforcement) özəl iddialarla (Private Enforcement) tamamlanır. Çexiyanın “Seznam.cz” axtarış portalının 2020-ci ildə, məhz 2018-ci il Avropa Komissiyası qərarına istinadən “Google”a qarşı 9,072 milyard kronluq (təxminən 417 milyon dollar) kompensasiya iddiası irəli sürməsi bunun bariz nümunəsidir. 2026-cı il ECJ qərarı bu cür özəl iddiaların hüquqi zəminini daha da möhkəmləndirir, çünki pozuntu faktı artıq son instansiyada təsdiqlənib. İddiaçı artıq məhkəmədə pozuntu faktını yenidən sübut etmək məcburiyyətində deyil; pozuntu faktı ECJ tərəfindən təsdiq edildiyi üçün, iddiaçı yalnız pozuntu ilə onun məruz qaldığı zərər arasındakı səbəb-nəticə əlaqəsini və zərərin həcmini əsaslandırır.
Nəticə
Aİ Ədalət Məhkəməsinin “Google Android” qərarı, rəqəmsal ekosistemlərin idarə edilməsində antiinhisar tənzimlənməsinin rolunu gücləndirir. Bu iş sübut edir ki, platforma iqtisadiyyatında şəbəkə effektləri (network effects) hesabına qorunan dominantlıq rəqabət orqanlarının xüsusi nəzarəti altında saxlanılmalıdır. Qloballaşan rəqəmsal bazarlarda ədalətli rəqabətin təmin edilməsi artıq sadəcə regional deyil, bütün hüquq sistemlərini, o cümlədən Azərbaycanın daxili bazar tənzimləməsini də transformasiya edən universal hüquqi zərurətdir.
