Rəqabət hüququnda dövlət nəzarət tədbirləri və ya Rəqabət Komissiyası iş qaldırdığı zaman təsərrüfat subyektlərinin maliyyə və hüquqi zərərləri minimuma endirmək üçün müdafiə strategiyalarını bilməsi labüddür.
1. Araşdırma Zamanı Müdafiə Strategiyası
- Pozuntunun dərhal dayandırılması: Təsərrüfat subyektinin cari fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması riski varsa, həmin fəaliyyət dərhal dayandırılmalıdır. Əgər araşdırma müddətində tam aradan qaldırmaq çətin olarsa, mütləq rəsmi iş qaldırılana qədər pozuntu tamamilə aradan qaldırılmalıdır. Pozuntunun məhz hansı tarixdə dayandırıldığını göstərən daxili sənədlər (əmr, müqaviləyə xitam, reklamın yayımının dayandırılması aktı və s.) rəsmiləşdirilib saxlanılmalıdır.
- Səssiz qalmaq və ya məlumat vermək seçimi:
- Rəqabət orqanının pozuntudan xəbəri yoxdursa: Əgər rəqabət orqanı həmin pozuntunu əsas gətirərək araşdırma başlatmayıbsa və ya göndərilən sorğularda bu məsələdən ümumiyyətlə bəhs etmirsə, pozuntunu dayandırdıqdan sonra rəqabət orqanına tez-tələsik rəsmi məlumat verilməsi tövsiyə edilmir. Təsərrüfat subyektinin öz təqsirini öncədən rəsmi sənədlə etiraf etməsi hüquqi risk yarada bilər.
- Rəqabət orqanı bu pozuntu üzrə araşdırma başladıbsa: Əgər rəqabət orqanının qərarında və ya sorğusunda məhz bu pozuntu faktı əsas gətirilibsə, pozuntu dərhal aradan qaldırılmalı və rəsmi iş qaldırılana qədər bu barədə rəqabət orqanına rəsmi məlumat və sübutlar təqdim edilməlidir. Bu addım Rəqabət Məcəlləsinin 69.1.1-ci maddəsinə əsasən işə sanksiyasız xitam verilməsini təmin etmək üçün əsas müdafiə vasitələrindən biridir.
- Sənədlərin vahid toplanması: Rəqabət orqanının ünvanladığı və sizin yazdığınız bütün məktubları bir yerə toplayın. Bütün cavabların vahid məntiqlə yazılmasına diqqət edin.
- Predmetdən kənara çıxmamaq: Araşdırma predmetindən kənara çıxmayın. Rəqabət orqanı sizin “A” məhsulu üzrə fəaliyyətinizi araşdırırsa, mümkün qədər, “B” məhsulunuzdan danışmayın. Həmçinin sizdən konkret sənədlər tələb edilirsə, artıq sənəd təqdim etməyə tələsməyin (əlavə sənədlərdə risk yaradacaq faktorların olmadığına əmin olduqda və müdafiəniz üçün çox zəruri olduqda təqdim edin).
- Xronologiya və müddət nəzarəti: Araşdırma prosesindən etibarən bir xronologiya hazırlayın: araşdırma nə zaman başladı və nə zaman bitdi, uzadılıbsa uzadılma məktubu nə zaman göndərilib, komissiya nə zaman yaradıldı, iş nə zaman qaldırıldı, komissiya işə baxılmanı nə zaman uzatdı, işə baxılma nə zaman yekunlaşdı. Qanunvericilikdə qeyd edilən müddətlərdən hər hansı birinin ötürülüb-ötürülmədiyinin diqqətdə saxlanılması zəruridir.
2. Rəqabət Komissiyasının İclasları Zamanı Müdafiə Strategiyası
2.1. Reqlamentə Nəzarət
Rəqabət komissiyasının iclasları başladığı andan cavabdeh subyektin əməkdaşları iclas reqlamentinə ciddi nəzarət etməlidirlər:
- Əməkdaşlıq bəyanatı: Rəqabət komissiyasının ilk iclasından etibarən hər bir iclasda Rəqabət komissiyası ilə əməkdaşlığa hazır olduğunuzu bəyan edin. Bu bəyan həm Rəqabət komissiyasının təmsil etdiyiniz subyektə qarşı münasibətini yumşaldacaq, həm də sanksiya təyin edilərsə yüngülləşdirici hal kimi nəzərə alınacaqdır.
- Reqlamenti qeyd etmək: Komissiya sədri iclasın əvvəlində reqlamenti (danışıq müddətləri, sual-cavab ardıcıllığı və s.) açıqlayarkən tərəf həmin qaydaları dəqiq yazmalıdır.
- Reqlamentdən kənaraçıxmalara etiraz: İclasın gedişatında komissiya üzvləri tərəfindən reqlamentdən hər hansı kənaraçıxma hallarına yol verilərsə, dərhal şifahi və yazılı etiraz bildirilməli, həmin etirazın iclas protokoluna mütləq daxil edilməsi tələb olunmalıdır. Bu, gələcəkdə məhkəmə mübahisəsi zamanı prosedur pozuntusunu sübut etmək üçün əsas ola bilər. Eyni zamanda, iclas qurtardıqdan sonra cavabdeh iclas protokolunun surətini almaq və protokolda təhrif olunmuş və ya yazılmamış etirazları ilə bağlı yazılı mülahizə (düzəliş tələbi) təqdim etmək hüququna malikdirlər (Nazirlər Kabinetinin 527 nömrəli Qərarı, Maddə 7.5).
2.2. Sənədlərin Yoxlanması və Gizlilik Tələbi
- “Sürpriz” sübutların rədd edilməsi: Komissiya sədrinin və üzvlərinin çıxışlarına xüsusi diqqət yetirilməlidir. Nazirlər Kabinetinin 527 nömrəli Qərarının 6.1.1-ci maddəsinə və Rəqabət Məcəlləsinin 63-cü maddəsinə əsasən, cavabdehin iclasdan əvvəl iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surətlərini almaq hüququ var. Əgər iclas zamanı işin qaldırılması barədə cavabdehə göndərilən rəsmi qərarda qeyd edilməyən, tərəfə qabaqcadan təqdim edilməyən hər hansı sənəddən, hər hansı iqtisadi təhlildən və ya ekspert rəyindən bəhs edilərsə, cavabdeh dərhal etiraz etməlidir. Həmin sənədin icraatdan çıxarılması, yaxud sənədlə tam tanış olub yeni müdafiə hazırlamaq üçün işə baxılmasının təxirə salınması tələb edilməlidir.
- Qapalı iclas tələbi: Rğqabət Məcəlləsinin 61 5-ci maddəsinə görə, təsərrüfat subyektləri komissiyadan iclasın qapalı keçirilməsini tələb etmək hüququna malikdirlər. Qapalı iclasda kənar dinləyicilər, media nümayəndələri və rəqiblər iştirak edə bilməz; iclasda yalnız katib, komissiya üzvləri və tərəf özü qalır.
- Niyə qapalı iclas tələb edilməlidir? İclas zamanı subyektin kommersiya sirləri müzakirə oluna bilər. Qapalı iclas tələbi biznesin gizliliyini qorumaq üçün mütləq istifadə edilməli olan strateji alətdir.
2.3. Müvafiq Bazarın Hüdudları Uğrunda Mübarizə Strategiyası
Təmərküzləşmə və hökmran mövqedən sui-istifadə iddiaları ilə bağlı işlərdə ən kritik müdafiə xətti müvafiq bazarın sərhədlərinin müəyyən edilməsi üzərində qurulur:
- Rəqabət orqanı təsərrüfat subyektinin bazar payını riyazi olaraq yüksəltmək və onu hökmran mövqedə göstərmək üçün müvafiq bazarın məhsul sərhədlərini mümkün qədər dar tutmağa cəhd edir.
- Müdafiə olunan tərəf rəqabət orqanının bazardan kənarda saxladığı oxşar, əvəzləyici və ya alternativ məhsulları da müvafiq bazara daxil etməyə çalışmalıdır. Məsələn, əgər rəqabət orqanı bazarı yalnız “A qazlı içkilər” kimi dar çərçivədə müəyyən edirsə, subyekt tərəfindən istehlakçıların tələb əvəzediciliyi, çarpaz qiymət elastikliyi və funksional baxımdan digər sərinləşdirici içkiləri (şirələr, soyuq çaylar və s.) də bu bazara daxil etmək tələb olunmalıdır.
- Müvafiq bazarın sərhədləri genişləndikdə, bazarın ümumi həcmi böyüyür. Nəticədə, təsərrüfat subyektinin həmin bazardakı bazar payı riyazi olaraq aşağı düşür və hökmranlıq həddindən aşağı enə bilir.
3. Müdafiə Hüququndan İstifadə Edilməsi
Təsərrüfat subyektləri icraat zamanı öz hüquqlarını qorumaq üçün vəsatətlərdən fəal istifadə etməlidirlər:
- Rəqabət orqanı subyekti hökmran mövqedən sui-istifadə etməkdə təqsirləndirirsə, cavabdeh iş qaldırılması barədə qərarın tərəflərə təqdim edilməsindən etibarən 30 gün ərzində Komissiyaya vəsatət verərək öz davranışının bazara mənfi təsir etmədiyini, əksinə iqtisadi səmərəlilik və obyektiv zərurət yaratdığını sübut edə bilər (bu barədə daha ətraflı)
- Subyekt rəqibləri və ya tərəfdaşları ilə bağladığı sazişə görə təqsirləndirilirsə, Komissiyanın yekun qərarından əvvəl müraciət edərək həmin sazişin istehlakçılara fayda verdiyini və texnoloji inkişaf yaratdığını əsaslandırmalıdır (bu barədə daha ətraflı).
- Rəqabət Komissiyasının tərkibi elan olunduqda, cavabdeh təsərrüfat subyekti komissiya üzvlərindən hər hansı birinin rəqiblə birbaşa və ya dolayı əlaqəsi, maraqların toqquşması və ya icraatın nəticəsində şəxsi marağı olduğunu müəyyən edərsə, həmin üzvə etiraz edə bilər. Etiraz Rəqabət Komissiyası qərar qəbul edilənədək verilə bilər, etiraz yazılı qaydada verilməli və əsaslandırılmalıdır (Nazirlər Kabinetinin 527 nömrəli Qərarı, Maddə 6.13). Etirazın hüquqi əsasları “İnzibati icraat haqqında” qanunun 42.1-ci maddəsində sadalanmışdır.
Əlaqəli yazılar
11 – Rəqabət Hüququnda Dövlət Nəzarət Tədbirləri.
Azad və sağlam rəqabət mühitinin qorunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Təsərrüfat subyektlərinin qanunvericiliyin…
11.01. – Dövlət Nəzarət Tədbirləri: Araşdırma və Yoxlama.
1. Araşdırmanın Başlanması və Hüquqi Əsasları Rəqabət hüququnda dövlət nəzarət tədbirləri çərçivəsində rəqabət orqanı tərəfindən…
11.02. – Rəqabət Komissiyası Tərəfindən İşə Baxılması
1.Rəqabət Komissiyasının Formalaşdırılması və Etiraz Müddəti Rəqabət orqanının rəhbəri araşdırmanın və ya yoxlamanım yekunu barədə…
