Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra – Agentlik) ADY-nin Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşıma tarifləri ilə bağlı sorğu ünvanlamışdıq.
Agentlik platformamızın sorğusuna 21 avqust 2026-cı il tarixində rəsmi cavab verib. Məktubda ADY-nin Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşıma tariflərinin şərtlərini və bununla əlaqədar bəzi xidmətlərin ödənişli əsaslarla həyata keçirilməsini tənzimləyən hüquqi aktların müştərilərə münasibətdə tətbiq edilməsi ilə bağlı Agentliyə rəsmi müraciət etdiyi təsdiqini tapır.
Platformamız bu mövzunu indiyədək 2 dəfə diqqət mərkəzində saxlayıb:
- 21 may 2026-cı il tarixli məqaləmizdə -tariflərlə bağlı aktların öncədən razılaşdırılmalı olduğu, lakin Agentliyin saytında bununla bağlı məlumatın yer almadığı vurğulanmışdı.
- 11 iyul 2026-cı il tarixli yazımızda – müəyyən edilmiş yeni tariflər və bilet alışı zamanı ortaya çıxan əlavə ödənişlər ətraflı təhlil edilmişdi.
Agentliyin məktubunda qeyd olunur ki, sözügedən marşrut üzrə beynəlxalq sərnişin daşıma qiymətləri və əlavə xidmət haqlarını özündə ehtiva edən hüquqi aktların tətbiqi üçün razılıq alınması məqsədilə Agentliyə müraciət edilib. Hazırda bu layihələr əsasında araşdırma və təhlil işləri davam etdirilir.
Qurumdan həmçinin əlavə edilib ki, araşdırmanın nəticələri barədə məlumatlar competition.gov.az rəsmi internet səhifəsindəki mütəmadi yenilənən reyestrdə ictimaiyyətə açıqlanacaqdır.
Beləliklə, ADY-nin Bakı–Tbilisi–Bakı marşrutu üzrə tətbiq etdiyi tarif və xidmət haqları hazırda Agentliyin nəzarətindədir. Platformamız prosesi və Agentliyin saytını diqqətdə saxlamağa davam edəcək, yekun nəticə məlum olan kimi bu barədə oxucularımızı məlumatlandıracağıq.

