ADY-nin “Sürpriz” Xidmət Haqları Şəffaflıq Prinsiplərinə Uyğundurmu?

You are currently viewing ADY-nin “Sürpriz” Xidmət Haqları Şəffaflıq Prinsiplərinə Uyğundurmu?

“Azərbaycan Dəmir Yolları” QSC (bundan sonr – ADY) sərnişin tələbatını qarşılamaq və məmnuniyyəti artırmaq məqsədilə Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumunu artırdığını elan edib. 10 iyul 2026-cı il tarixindən etibarən hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli “standart+” sinif vaqonları qoşulur. Bu dəyişiklik nəticəsində hər reys üzrə sərnişin yeri təqribən 60 faiz artaraq 178-dən 282-yə çatdırılacaq.

Ən diqqətçəkən məqam isə qiymətlərin ucuzlaşmasıdır: yeni vaqonlarda gediş haqqı məsafədən asılı olaraq 40.30 AZN-dən başlayır. Bakıdan Tbilisiyə minimum gediş haqqı isə komfort sinfindəki 79.50 AZN ilə müqayisədə daha münasib – 65.20 AZN təşkil edəcək.

İlk baxışdan sərnişinlərin büdcəsinə xidmət edən bu “qiymət endirimi” və marşrut daxilində tətbiq edilən digər əlavə xidmət haqları, yeni Rəqabət Məcəlləsinin imperativ normaları işığında olduqca fərqli və ziddiyyətli bir hüquqi mənzərə yaradır.

​1. Qiymət Dəyişikliyi və Beynəlxalq Saziş İstisnası

ADY-nin sərnişinlərə daha ucuz alternativ təklif etməsi müsbət addım olsa da, təbii inhisar subyektlərinin tarif müəyyənləşdirmə proseduru qanunvericiliyin xüsusi süzgəcindən keçməlidir.

Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinə əsasən, təbii inhisar subyekti qiyməti tənzimlənməyən məhsulun istehsalını (satışını) həyata keçirdikdə, təklif olunan qiymətlər barədə azı 30 (otuz) gün əvvəl rəqabət orqanına məlumat verməlidir. Eyni zamanda, subyekt qiyməti formalaşdıran iqtisadi amillər barədə bütün məlumatları rəqabət orqanına təqdim etməyə borcludur.

Mühüm nüans: Sözügedən 39.6-cı maddədə xüsusi bir istisna nəzərdə tutulmuşdur: beynəlxalq sazişlərdən irəli gələn fəaliyyət sahələri bu 30 günlük öncədən məlumatlandırma öhdəliyindən azaddır.

Lakin bu istisna ADY-nin daxili qərarlarını rəqabət nəzarətindən tamamilə azad etmir.

2. Maddə 39.2.1 və 39.3: Qərar və Müqavilələrin Razılaşdırılması Öhdəliyi

Rəqabət Məcəlləsi qiymətin özünə beynəlxalq saziş istisnası tanısa da, subyektin müştərilərlə münasibətlərini tənzimləyən daxili aktlarını birmənalı olaraq rəqabət orqanının öncədən icazəsinə tabe edir.

Məcəllənin 39.2.1-ci və 39.3-cü maddələrinə əsasən, təbii inhisar subyektləri tərəfindən məhsulun satışı üzrə müştərilərə münasibətdə tətbiq edilən daxili hüquqi aktların (qərar, qayda, tələbnamə, reqlament, əmr, göstərişlərin və s.) və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu rəqabət orqanının birbaşa nəzarətindədir və bu hərəkətlərin edilməsinə başlamazdan əvvəl rəsmi razılıq alınmalıdır.

​Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) rəsmi saytındakı reyestri təkrarən yoxladıqda aşkar bəlli olur ki, ADY tərəfindən bu yeni xidmət şərtləri və qərarlarla bağlı heç bir müraciət daxil olmayıb və rəqabət orqanının rəsmi razılığı mövcud deyil.

Bakı–Tbilisi qatarının bərpası ilə bağlı dərc etdiyimiz ilk təhlil məqaləsindən sonra, ADY tərəfindən bu marşrut üzrə rəsmi razılığın alınıb-alınmamasını rəsmi şəkildə sorğulamaq üçün Agentliyə platformamız adından rəsmi müraciət ünvanlamışıq. Hazırda aidiyyəti dövlət qurumunun cavabını gözləyirik.

3. Şəffaflıq və Məlumatı Açıqlamaq Vəzifəsi

Yeni tarif siyasətində ən böyük hüquqi ziddiyyət sərnişinlərin bilet alarkən və ya səfər zamanı qarşılaşdıqları “gizli” ödənişlərlə bağlıdır. Rəqabət Məcəlləsinin 41-ci maddəsi təbii inhisar subyektlərinin üzərinə sərnişinlərin (müştərilərin) mənafeyini qorumaq üçün şəffaflıq öhdəliyi qoyur:

Maddə 41.1. Təbii inhisar subyektləri aşağıdakı məlumatların müştərilərə qanuna uyğun olaraq açıqlanmasını (o cümlədən rəsmi internet səhifəsində yerləşdirilməsini) təmin etməlidirlər:

  1. İstehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısını;
  2. məhsullar üzrə qiymətlərin siyahısını (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə);
  3. müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtləri, müqavilənin formasını və bağlanılması qaydasını;
  4. müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasını.
  5. ADY-nin rəsmi resurslarında Bakı–Tbilisi marşrutu üzrə yalnız baza bilet qiymətləri elan edilsə də, reallıqda sərnişinlərdən fərqli xidmət haqları tələb olunur və bu şərtlər öncədən şəffaf şəkildə açıqlanmır.

4. “Bilet Aldıqdan Sonra” Üzə Çıxan Sürpriz Tariflər

Məcəllənin 41.1.2 və 41.1.3-cü maddələrinin tələblərinə rəğmən, ADY sərnişinlərə tətbiq edilən bir sıra tarifləri və şərtləri öz rəsmi saytında və tarif siyahılarında öncədən bəyan etməyib:

  • Yuxarı və Aşağı Mərtəbə Qiymət Fərqi: Qatarda elan olunan minimum qiymət yalnız vaqonun yuxarı yerlərinə (mərtəbəsinə) aiddir. Aşağı mərtəbədə səfər etmək istəyən sərnişin əlavə 5 AZN xidmət haqqı ödəməlidir. Bu şərt rəsmi xəbərlərdə və tarif cədvəlində deyil, yalnız bilet alışı prosesi zamanı platformada son anda görünür.
  • 20 AZN-lik Geri Qaytarma Rüsumu: Beynəlxalq qatar biletlərinin geri qaytarılması zamanı ADY tərəfindən 20 AZN xidmət haqqı tutulur. Ən qəribə məqam odur ki, bu cərimə/xidmət haqqı barədə ADY-nin saytında rəsmi məlumatı tapa bilmədik. Sərnişin bu şərt barədə yalnız bilet alındıqdan sonra, onun üzərindəki qeydi oxuyarkən xəbər tutur.
  • Digər Əlavə Ödəniş Tələbləri: Bunlarla yanaşı, qatarda vaqonun qapısını bağlamaq üçün nəzərdə tutulan elektron kartın itirilməsi zamanı sərnişindən 10 AZN xidmət haqqı tələb edilir. Həmçinin qatarda hamam dəsmalından istifadə üçün də əlavə xidmət haqqı müəyyən olunub. Bu barədə sərnişinlərə qatarda hərəkətə başladıqdan sonra şifahi olaraq məlumat verilir.

Məlumatların bu cür gizlədilməsi və ya yalnız alış anında/alışdan sonra sərnişinə təqdim edilməsi Məcəllənin 41-ci maddəsinin tələblərinin (qiymətlərin və istifadə şərtlərinin rəsmi internet səhifəsində tam açıqlanması vəzifəsinin) birbaşa pozulmasına dəlalət edə bilər.

Nəticə

ADY-nin Bakı–Tbilisi marşrutunda “standart+” vaqonları tətbiq edərək qiymət əlçatanlığı yaratması sərnişinlər üçün təqdirəlayiq addımdır. Lakin kommersiya fəaliyyəti genişləndikcə, hüquqi şəffaflıq arxa plana keçməməlidir.

Aşağı mərtəbə üçün tələb olunan əlavə 5 AZN, biletin qaytarılmasına görə tutulan 20 AZN və digər xidmət haqları Rəqabət Məcəlləsinin 41-ci maddəsinə uyğun olaraq ADY-nin rəsmi internet səhifəsində aydın şəkildə yer almalıdır. Müştəriyə məlumatların “bilet aldıqdan sonra” agah olması rəqabət hüququnun şəffaflıq prinsiplərinə ziddir.