06 – Rəqabət Nəzarətinin Təbii İnhisar Subyektlərinə və Müvafiq Bazara Təsirləri 

Giriş

Təbii inhisar subyektləri iqtisadiyyatın strateji sahələrində fəaliyyət göstərdiklərindən, onların bazar davranışı azad rəqabət mühitinə birbaşa və əhəmiyyətli təsir göstərir. Bu səbəbdən, dövlətin rəqabət siyasəti təbii inhisar subyektləırinin sadəcətəbii inhisar fəaliyyətininəzarətdə saxlamır. 

Antiinhisar Agentliyinin məlumatına əsasən, “Aztelekom” MMC-nin (bundan sonra – Aztelekom) Rəqəmsal TV xidmətləri çərçivəsində yeni idman paketlərinin təqdim edilməsi ilə bağlı müraciətinə Rəqəbət Məcəlləsinin 39.2.1-ci maddəsinə uyğun olaraq baxılmış və müvafiq razılıq verilmişdir. Bu keys təbii inhisar subyektlərinin biznes fəaliyyətinin tənzimlənməsi və ex-ante (əvvəlcədən) nəzarət mexanizmi baxımın əhəmiyyət kəsb edir.

1. Təbii inhisar subyektləri bazara yeni məhsul çıxararkən niyə Rəqabət Orqanından razılıq alırlar?

Təbii inhisar subyektlərinin yeni məhsul azad bazara daxil olarkən razılıq alması rəqabət hüququnun “bazar gücünün sui-istifadəsinin qarşısının alınması” prinsipinə söykənir. Hüquqi çərçivə Rəqabət Məcəlləsinin 39.2-ci maddəsi ilə müəyyən edilir:

  1. Rəqabət Məcəlləsinin 39.2.5-ci maddəsi. Təbii inhisar subyektləri tərəfindən təbii inhisar hesab edilməyən yeni fəaliyyət sahələrinə başlanılması və ya investisiyaların ayrılması üzərində nəzarəti nəzərdə tutur.
  2. Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsi. Təbii inhisar subyektləri tərəfindən məhsulun satışı üzrə tətbiq edilən hüquqi aktların və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğunun yoxlanılmasını tələb edir.

Təbii inhisarçı subyekt təbii inhisar fəaliyyət sahəsində (məsələn, telekommunikasiya kabel infrastrukturu, magistral xətlər) — hökmranlığa və bazara giriş maneələrinə sahibdir. Belə bir subyekt yeni rəqabətli bazara (məsələn, Rəqəmsal TV) daxil olduqda, öz resurs üstünlüyünü həmin bazara keçirə bilər. Rəqabət orqanı bu razılıq prosesi vasitəsilə yeni məhsulun bazara daxil olmasının antiinhisar qanunvericiliyini pozub-pozmayacağını əvvəlcədən (ex-ante) qiymətləndirir.

2. Rəqabət Orqanı təbii inhisar subyektinin niyə sadəcə təbii inhisar fəaliyyətini yox, təbii inhisar hesab edilməyən fəaliyyətini də araşdırır?

Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarına əsasən, Aztelekom sabit məftilli telefon xidməti üzrə təbii inhisarçıdır. Aztelekom həm də Audiovizual Şura tərəfindən verilmiş UPO-038 nömrəli lisenziyaya əsasən, “Tvin TV” brendi üzrə Universal platforma operatorudur. Lakin nə audiovizual media sahəsində Aztelekom təbii inhisarçıdır, nə də audiovizual media fəaliyyəti təbii inhisar fəaliyyətidir. Bəs niyə media sahəsində fəaliyyətinə görə Aztelekom rəqabət orqanından razılıq alır?

İqtisadi nəzəriyyədə bu yanaşma “bazar gücünün rıçaq kimi istifadəsi” (leverage effect) və “çarpaz subsidiyalaşdırma” (cross-subsidization) riskləri ilə izah olunur.

  • Çarpaz subsidiyalaşdırma riski: Təbii inhisar subyekti təbii inhisar fəaliyyətindən əldə etdiyi mənfəəti və ya infrastruktur imkanlarını təbii inhisar hesab edilməyən rəqabətli sahədəki fəaliyyətinin maliyyələşdirilməsinə yönəldə bilər. Bu halda subyekt yeni məhsulu (məsələn, idman paketini) maya dəyərindən aşağı qiymətə təqdim edərək rəqiblərini müvafiq bazardan sıxışdırıb çıxarmaq imkanı qazanır.
  • İnfrastruktura çıxışın məhdudlaşdırılması: Şaquli inteqrasiya olunmuş təbii inhisarçı öz infrastrukturundan istifadə edən rəqiblərə daha sərt şərtlər qoyub, özünün yeni kommersiya məhsuluna güzəştli texniki şərait yarada bilər.
  • Bundle məhsul: Subyekt öz təbii inhisar xidmətini (məsələn, telefon xidmətini) yeni kommersiya məhsulu ilə (idman paketi) bundle olaraq bazara çıxara bilər. Yəni müştərilərin telefon xidmətini əldə etməsi üçün media xidmətini əldə etməyə məcbur edə bilər, bu da istehlakçıların seçim azadlığını və rəqiblərin bazar payını məhdudlaşdırır.

Məhz bu səbəbdən, Rəqabət Məcəlləsinin 39.2.5-ci maddəsi tənzimləyiciyə imkan verir ki, inhisarçının təbii inhisar hesab edilməyən sahələrə daxil olmasını nəzarətdə saxlasın və qeyri-bərabər rəqabət şəraitinin yaranmasının qarşısını alsın.

3. Razılıq almaq təbii inhisar subyektinin biznesinə necə təsir edir?

Təbii inhisar subyektləri üçün tətbiq edilən bu rejim onların biznes strategiyasına və əməliyyat çevikliyinə birbaşa təsir göstərir:

  1. Time-to-Market (Məhsulun bazara çıxarılması müddəti) ləngiməsi: Özəl rəqiblər bazar şərtlərinə uyğun olaraq yeni məhsul və ya idman paketlərini dərhal formalaşdırıb satışa çıxara bilir. Lakin təbii inhisar subyekti müraciət hazırlamalı, hüquqi və iqtisadi əsaslandırma təqdim etməli və rəqabət orqanının araşdırmasının yekunlaşmasını gözləməlidir. Məsələn, rəqiblər artıq idman kanallarının yayımını həyata keçirdiyi halda, Aztelekom yalnız təhlillər yekunlaşdıqdan və razılıq verildikdən sonra məhsulu təqdim edə bilir.
  2. Biznes üçün müsbət tərəfi: Rəqabət orqanından razılıq almaq təbii inhisar subyekti üçün hüquqi müəyyənlik yaratmış olur. Məhsul bazara çıxarıldıqdan sonra rəqiblər tərəfindən rəqabət hüquq pozuntusu iddiası minimuma enir, çünki müqavilə və məhsulun şərtləri öncədən dövlət nəzarətindən keçmiş sayılır.

4. Təbii inhisar subyektləri üzərində bu tənzimləmə bazar üçün niyə vacibdir?

Bazar iqtisadiyyatı baxımından bu tənzimləmə mexanizmi həm rəqiblər, həm də istehlakçılar üçün təhlükəsizlik çətiri rolunu oynayır:

  • Bərabər rəqabət şəraitinin qorunması – kiçik bazar payına sahib olan şirkətlərin müvafiq bazarda nəhəng təbii inhisarçı ilə qeyri-bərabər şəraitdə rəqabət aparmasının qarşını alır.
  • İstehlakçı maraqlarının və seçimlərinin müdafiəsi – Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinə əsasən müqavilə və qaydaların yoxlanılması istehlakçılara normativ aktlarda nəzərdə tutulandan daha ağır şərtlərin tətbiq edilməsinin qarşısını alır.
  • İnvestisiya cəlbediciliyinin artırılması – Əgər təbii inhisar subyekti heç bir nəzarət olmadan istənilən rəqabətli bazara daxil olub öz miqyas effektindən sui-istifadə etsəydi, özəl investorlar həmin sektorlara sərmayə qoymaqdan çəkinərdilər.

Yekun

Rəqabət Məcəlləsinin 39.2-ci maddəsi çərçivəsində təbii inhisar subyektlərinin yeni fəaliyyətinə və məhsullarına nəzarət edilməsi, inhisarçının kommersiya azadlığını məhdudlaşdırmaq məqsədi daşımır. Əksinə, bu tənzimləmə inhisar gücünün azad bazarda sağlam rəqabət strukturunu pozmasının qarşısını alan önləyici mexanizmdir.

Aztelekom keysində rəqabət orqanının araşdırmanı yekunlaşdıraraq razılıq verməsi göstərir ki, təqdim olunan idman paketləri və onların müqavilə şərtləri bazardakı digər iştirakçıların hüquqlarını pozmur, çarpaz subsidiyalaşma riski daşımır və istehlakçıların rifahına xidmət edir.