Çarpaz Subsidiyalaşdırma

Giriş

Təsərrüfat subyektlərinin bazarda həyata keçirdiyi qiymətqoyma strategiyaları rəqabət hüququnun ən mühüm təhlil obyektlərindən biridir. Bu strategiyalar arasında iqtisadi və hüquqi cəhətdən ən mürəkkəb olanlardan biri “çarpaz subsidiyalaşdırma“dır. Bu məqalədə çarpaz subsidiyalaşdırmanın nəzəri əsasları, təsərrüfat subyektlərinin motivləri və bu davranışın rəqabət qanunvericiliyi prizmasından necə qiymətləndirildiyi təhlil olunur.

Çarpaz subsidiyalaşdırma nədir?

Sadə şəkildə tərif versək, çarpaz subsidiyalaşdırma, bir qrup alıcıya daha yüksək qiymətlər tətbiq edərək digər qrup üçün qiymətləri süni şəkildə aşağı salmaq tətbiqidir. Başqa sözlə, çoxşəxali fəaliyyət göstərən təsərrüfat subyekti:

  • bir məhsuldan (və ya müəyyən bir coğrafi bazardan) yüksək mənfəət əldə edir;
  • bu mənfəət hesabına digər məhsuldakı (və ya bazardakı) zərərlərini kompensasiya edir.
Rəqabət hüququnda çarpaz subsidiyalaşdırma və qiymət strategiyasının sxematik təsviri

Təsərrüfat subyektləri niyə çarpaz subsidiyalaşmaya tətbiq edirlər?

Təsərrüfat subyektlərinin bu strategiyaya əl atmasının bir neçə mühüm iqtisadi və strateji səbəbi mövcuddur:

  1. Yeni bazarlara giriş: Təsərrüfat subyekti yeni bir bazara daxil olarkən alıcı bazası formalaşdırmaq üçün məhsulları maya dəyərindən aşağı satmaq istəyir. Bu zaman yaranan zərər təsərrüfat subyektinin artıq artıq hökmran olduğu bazarlardakı gəlirləri hesabına bağlanır.
  2. Rəqiblərin bazardan sıxışdırılıb çıxarılması: Güclü maliyyə aktivlərinə malik təsərrüfat subyektləri rəqabətli bazarlarda qiymətləri süni şəkildə aşağı salaraq, maliyyə imkanı olmayan kiçik rəqibləri müvafiq bazarı tərk etməyə məcbur edirlər.
  3. Müştəri ekosisteminin yaradılması: Təsərrüfat subyekti müəyyən əsas məhsulları ucuz qiymətə satır və alıcılara həmin məhsulla bağlı yüksək marjalı əlavə xidmət və ehtiyat hissələrinin satışını stimullaşdırır. Praktiki misal: printerlərin ucuz satılıb, kartriclərin baha satılması, yaxud su filtr avadanlığının ucuz satılıb, filtrlərin baha satılması.

Çarpaz subsidiyalaşdırmanın rəqabət hüququ üçün təhlükəsi nədir?

Çarpaz subsidiyalaşdırma rəqabət mühitinə birbaşa neqativ təsir göstərmə potensialına malikdir. Çarpaz subsidiya bəzi hallarda hökmran mövqedən sui-istifadə, dempinq və qiymət ayrı-seçkiliyinə səbəb ola bilir. Bu təcrübənin ən böyük təhlükəsi bazarın səmərəliliyini pozmasındadır. Süni aşağı qiymətlər daha səmərəli işləyən, lakin çarpaz subsidiya imkanı olmayan rəqiblərin rəqabət qabiliyyətinin məhvinə səbəb olur. Nəticədə bazar inhisarlaşır və gələcəkdə istehlakçılar alternativsiz qalaraq yüksək qiymətlərlə üzləşirlər.

Hansı hallarda çarpaz subsidiyalaşma qadağandır?

Rəqabət hüququnda çarpaz subsidiyalaşdırma avtomatik olaraq qanunsuz sayılmır, lakin müəyyən hallarda rəqabət orqanının tənzimləmə obyekti olur. Bu hallar əsasən aşağıdakılardır:

  • Əgər təsərrüfat subyekti bir bazardakı hökmran mövqeyindən əldə etdiyi yüksək gəlirləri digər, rəqabətli bazara transfer edərək orada da süni hökmranlıq yaratmağa cəhd edirsə, bu
    qadağandır.
  • Əgər subsidiyalaşdırılan bazarda məhsulun qiyməti onun orta dəyişən xərclərindən (və ya maya dəyərindən) aşağıdırsa və məqsəd rəqabəti məhdudlaşdırmaqdırsa, bu, hökmran mövqedən sui-istifadə kimi tövsif olunur.

Hansı hallarda çarpaz subsidiyalaşma rəqabət hüququnda qadağan edilmir?

Çarpaz subsidiyalaşdırmanın qanuni və hətta zəruri hesab edildiyi mühüm istisnalar da mövcuddur. Bu əsasən ictimai maraqlar və təbii inhisarlar fonunda baş verir. Bəzi hallarda təbii inhisarların mövcud olduğu bazarlarda sabit xərclərin yüksək olduğu sahələr üçün çarpaz subsidiya zəruridir.
Məsələn, təbii inhisarçı telekommunikasiya və ya poçt xidmətlərini ölkənin ən ucqar və gəlirsiz dağ kəndlərində də təqdim edir.  Ucqar bölgələrdə infrastrukturun qurulması və saxlanılması xərcləri yüksək, gəlir isə aşağıdır. Bu zərəri qarşılamaq üçün təbii imhisarçı mərkəzi şəhərlərdəki daha ucuz xərcli və gəlirli əməliyyatlarından əldə etdiyi mənfəəti ucqar bölgələrə yönəldir. Bu hal, iqtisadi səmərəliliyi artırdığı və cəmiyyətin ümumi rifahına xidmət etdiyi üçün rəqabət orqanları tərəfindən pozuntu kimi sayılmır.

Çarpaz Subsidiyalaşdırma Beynəlxalq Məhkəmə Təcrübəsində

​Çarpaz subsidiyalaşdırma nəzəriyyəsini daha yaxşı başa düşmək üçün bu mövzu üzrə önəmli bir presedentə baxaq: ​Deutsche Post AG işi (2001).

Bu qərar təbii inhisarların iştirak etdiyi çarpaz subsidiyalaşdırma halları üçün klassik nümunədir. “Deutsche Post” şirkəti Almaniyada ənənəvi məktub göndərişi və universal poçt xidmətləri sahəsində təbii inhisarçı idi. Avrompa İttifaqı Komissiyasının araşdırmaları nəticəsində məlum oldu ki:

  • şirkət təbii inhisarçı olduğu bazarda yüksək mənfəət əldə edir;
  • və əldə etdiyi mənfəəti rəqabətə açıq olan “bağlamaların çatdırılması” bazarında zərərini kompensiasiya etmək üçün istifadə edir. Yəni bu bu bazarda dempinq etmişdir.

Avropa Komissiyası qeyd edilənləri rəqabət hüquq pozuntusu hesab etmişdir. Qərarın üzrə əsas nəticə budur ki, təbii inhisar subyektləri imtiyazlarını rəqabətli bazarlarda haqsız üstünlük əldə etmək üçün istifadə edə bilməzlər. Subyekti təbii inhisarçı fəaliyyəti ilə rəqabətli fəaliyyətinin mühasibat uçotunu bir-birindən ayırmalıdır.

Nəticə

Çarpaz subsidiyalaşdırma bir tərəfdən zəruri xidmətlərin əlçatanlığını təmin edən vacib bir alət ola bilər, digər tərəfdən isə inhisarçı gücün qorunması və rəqabətin məhdudlaşdırılması üçün alətə çevrilə bilər. Rəqabət orqanlarının əsas vəzifəsi isə bu incə xətti iqtisadi təhlillər və qanunvericilik meyarları əsasında düzgün müəyyənləşdirməkdir.