“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu qəbul edilmişdir. Bu Qanun ölkədə maliyyə icarəsi (lizinq) fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, sahəvi tənzimləməni Mərkəzi Bankın nəzarətinə verir və lizinq sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin hüquqi statusunu köklü şəkildə dəyişdirir.
1. Qanunun Mahiyyəti və Maliyyə İcarəsinin Xarakterik Meyarları
Yeni Qanun lizinq münasibətlərini Mülki Məcəllənin ümumi müddəalarından çıxararaq xüsusi normativ çərçivəyə salır. Qanunun 1.1.3-cü maddəsinə əsasən, əməliyyatın maliyyə icarəsi hesab edilməsi üçün müqavilənin aşağıdakı meyarlardan azı birinə cavab verməsi tələb olunur:
• Mülkiyyət hüququnun keçməsi və ya satınalma opsionu. Müqavilə müddəti bitdikdən sonra obyektin icarəçinin mülkiyyətinə verilməsi və ya onun əvvəlcədən güman edilən qiymətə almaq hüququnun nəzərdə tutulması;
• İstismar müddəti meyarı. Maliyyə icarəsi müddətinin obyektin istismar müddətinin 75 faizindən artıq olması;
• Qalıq dəyəri meyarı. Müqavilə müddəti bitdikdə obyektin qalıq dəyərinin müqavilənin əvvəlinə olan bazar qiymətinin 20 faizindən az təşkil etməsi;
• Ödənişlərin həcmi meyarı. İcarə ödənişlərinin ümumi məbləğinin obyektin bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıq olması.
Qanun həmçinin geriyə maliyyə icarəsi və subicarə mexanizmlərini, risklərin bölüşdürülməsi qaydalarını (Maddə 13) və müqavilənin vaxtından əvvəl ləğvi əsaslarını (Maddə 10) dəqiqləşdirir.
2. Təsərrüfat Subyektləri Üçün İnstitusional Tələblər və Keçid Rejimi
Qanunun 4-cü fəsli lizinq bazarına giriş və fəaliyyət şərtlərini sərtləşdirir:
• Reyestr tələbi: Maliyyə icarəsi fəaliyyəti yalnız Mərkəzi Bank tərəfindən aparılan reyestrə daxil edildikdən sonra həyata keçirilə bilər (Maddə 15.2).
• Kapital və İdarəetmə Meyarları: İcarəyə verən hüquqi şəxslər üçün minimum nizamnamə kapitalı, öz vəsaitlərinin normativi, daxili nəzarət qaydaları və idarəetmə orqanlarının üzvləri üzrə “vətəndaş qüsursuzluğu” tələbi müəyyən olunur.
• Firma Adı ilə bağlı Tələblər: Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “maliyyə icarəsi”, “maliyyə lizinqi” və ya “lizinq” sözlərindən istifadə etməsi qadağan edilir (Maddə 15.3).
• Keçid Müddəası (Maddə 24 və 25): Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir (yəni 25.12.2026-cı il tarixindən). 25.12.2026-cı il tarixindən etibarən 9 ay müddətində bazarda fəaliyyət göstərən lizinq subyektləri öz fəaliyyətlərini Qanuna uyğunlaşdırmalı və reyestrə daxil edilmək üçün müraciət etməlidirlər. Bu müddətdə uyğunlaşmanı təmin etməyən subyektlərə qadağandır:
- Yeni maliyyə icarəsi müqaviləsi bağlamaq;
- Mövcud lizinq müqavilələrin müddətini uzatmaq;
- firma adında “maliyyə icarəsi” , “maliyyə lizinqi” və ya “lizinq” sözlərindən istifadə etmək.
3. Rəqabət Hüququ Müstəvisi: İcarəyə Verənlərin “Maliyyə İnstitutu” Statusu
Yeni Qanunun qəbulu rəqabət hüququ tətbiqi baxımından həlledici dəyişiklik yaradır:
- Maliyyə İnstitutu Statusunun Yaranması. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən, maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilir. Rəqabət Məcəlləsinin 1.1.24-cü maddəsi isə müəyyən edir ki, maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq maliyyə xidmətlərini həyata keçirən və Mərkəzi Bank tərəfindən nəzarət olunan təsərrüfat subyektləri maliyyə institutları hesab olunur. Beləliklə, Mərkəzi Bankın reyestrinə daxil olan icarəyə verənlər ümumi təsərrüfat subyekti rejimindən çıxaraq rəqabət hüququnda maliyyə institutu statusu qazanırlar.
- Rəqabət Nəzarətinin Hüquqi Əsası. Qanunun 18.6-cı maddəsinə əsasən, icarəyə verənlər tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada rəqabət orqanı tərəfindən həyata keçirilir.
4. Antiinhisar Tənzimlənməsi və Xüsusi Rəqabət Rejimləri
İcarəyə verən təsərrüfat subyektlərinin maliyyə institutu statusu alması nəticəsində rəqabət nəzarətində aşağıdakı xüsusi normativ aktlar tətbiq olunacaqdır:
- Təmərküzləşməyə Razılıq Alınması. İcarəyə verənlərin təmərküzləşməsi zamanı Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 532 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar” tətbiq olunacaqdır.
Maliyyə institutlarının təmərküzləşməsi barədə daha ətraflı “Maliyyə İnstitutlarının Təmərküzləşməsi: Xüsusi Meyarlar və İstisnalar” məqaləmizlə tanış ola bilərsiz.
- Hökmran Mövqenin Qiymətləndirilməsi. Maliyyə icarəsi bazarında təsərrüfat subyektlərinin bazar gücü və hökmran mövqeyi Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 530 nömrəli Qərarı ilə təsdiq olunmuş “Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri” əsasında müəyyənləşdiriləcəkdir.
Maliyyə institutlarının hökmran mövqeyi barədə daha ətraflı “Maliyyə İnstitutlarının Hökmran Mövqeyi: Spesifik Meyarlar” məqaləmizlə tanış ola bilərsiniz.
5. Təsərrüfat Subyektləri Üçün Rəqabət Uyğunluğu (Compliance) Tövsiyələri
Lizinq fəaliyyəti ilə məşğul olan bazar subyektləri hüquqi və maliyyə risklərini neytrallaşdırmaq üçün aşağıdakı addımları atmalıdırlar:
- Uyğunluq: 25.12.2026-cı il tarixindən 9 ay müddətində nizamnamə kapitalını, idarəetmə strukturlarını və daxili qaydaları Mərkəzi Bankın tələblərinə uyğunlaşdıraraq reyestrə daxil olmaq.
- Təmərküzləşmə Şərtlərinin Yoxlanılması: Qanunun qəbulundan sonra təmərküzləşmə zamanı Nazirlər Kabinetinin 532 nömrəli Qərarındakı maliyyə institutu göstəricilərini təhlil etmək və zərurət olduqda Antiinhisar Agentliyinə müraciət etmək.

