06.03 – Hökmran Subyektlər Üçün Eksklüziv Və Selektiv Ticarət Qaydaları

​Giriş

Xüsusi ticarət şərtləri müasir iqtisadiyyatda mürəkkəb təchizat zəncirlərini idarə etmək üçün tez-tez istifadə olunur. Lakin müstəsnalıq yaradan sazişlər bazarda məhdudiyyətlərə səbəb olduğu üçün hökmran subyektlərin bu hüquqdan istifadəsi ciddi nəzarət altındadır. Bəs hökmran mövqedə olan təsərrüfat subyektlərinə hansı hallarda və hansı şərtlərlə eksklüziv və selektiv ticarətdə icazə verilir?

1.1. Eksklüziv və selektiv ticarətin mahiyyəti

Eksklüziv ticarət məhsulun yalnız müəyyən edilmiş bir distribyutora satılmasını və ya distribyutorun yalnız həmin istehsalçının məhsullarını almasını nəzərdə tutur. Selektiv ticarət isə istehsalçının məhsulu yalnız müəyyən keyfiyyət, texniki və xidmət meyarlarına cavab verən ixtisaslaşmış satıcılara təqdim etməsidir.

​İcazə verilən hallar və əsaslandırma meyarları: 

Hökmran mövqedə olan təsərrüfat subyektləri aşağıdakı obyektiv səbəblərlə eksklüziv və ya selektiv sazişləri əsaslandıra bilərlər:

  • Məhsulun spesifik təbiəti və təhlükəsizlik tələbləri. Əgər məhsul yüksək texnoloji avadanlıqdırsa və ya xüsusi saxlanma, məsələn, müəyyən temperatur rejimi tələb edən dərman preparatlarıdırsa, hökmran subyekt xidmət prosesində risklərin qarşısını almaq üçün yalnız bu standartlara cavab verən selektiv distribyutorlarla işləyə bilər;
  • Keyfiyyətin və brend imicinin qorunması. Xüsusilə lüks və ya premium məhsulların dəyərini və istehlakçı gözündəki statusunu qorumaq üçün məhsulların yalnız müəyyən vizual və xidmət standartlarına malik mağazalarda satılması tələb edilə bilər;
  • İqtisadi səmərəliliyin artması və logistik optimallaşdırma. Əgər eksklüziv müqavilə məhsulun saxlanma, daşınma və logistika xərclərini əhəmiyyətli dərəcədə azaldırsa və bu səmərəliliyin faydası birbaşa istehlakçıya (daha fasiləsiz təchizat, daha keyfiyyətli zəmanət xidməti formasında) çatırsa, rəqabət orqanı tərəfindən bu cür şərtlərə haqq qazandırıla bilər.

​Lakin burada mütləq və toxunulmaz bir hüquqi şərt mövcuddur: tətbiq edilən eksklüzivlik və ya selektivlik meyarları bütün potensial tərəfdaşlar üçün tam şəffaf, obyektiv olmalı və ayrı-seçkiliyə yol verilmədən bərabər şəkildə tətbiq olunmalıdır. Rəqiblərin bazara girişini tamamilə bağlayan və rəqabəti fiziki olaraq aradan qaldıran eksklüziv müqavilələr heç bir səmərəlilik meyarı ilə əsaslandırıla bilməz və inhisarçılıq fəaliyyəti sayılacaqdır.

1.2. Dünya Təcrübəsindən Keys: Coty və Brend İmicinin Qorunması

​2017-ci ildə Coty Germany keysində məhkəmə lüks kosmetika istehsalçısının öz distribyutorlarına Amazon və ya eBay kimi “üçüncü tərəf platformalarında” satış etməyi qadağan etməsini qanuni hesab etdi. Məhkəmə qərar verdi ki, lüks məhsulların prestijini və imicini qorumaq üçün belə bir selektiv paylama sisteminin qurulması obyektiv zərurilikdir.

Lakin mühüm bir detal nəzərə alınmalıdır: məhkəmə bu qadağaya o halda icazə verir ki, istehsalçı öz distribyutorlarının məhsulu öz fərdi veb-saytları vasitəsilə internetdə satmasına mane olmasın. Yəni internet satışı bütövlükdə qadağan edilmir, sadəcə brendin keyfiyyət standartlarına nəzarət edilə bilinməyən böyük platformalar məhdudlaşdırılır. Şərt budur ki, bu meyarlar şəffaf olmalı və bütün tərəfdaşlara eyni cür tətbiq edilməlidir.