BakuBus və BakıTaksi Metropolitenə qoşulur: Rəqabət hüququ baxımından nə dəyişir?

You are currently viewing BakuBus və BakıTaksi Metropolitenə qoşulur: Rəqabət hüququ baxımından nə dəyişir?

Ölkə başçısının fərmanına əsasən “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC “Bakı Metropoliteni” QSC-yə qoşulur. Paytaxtın ictimai nəqliyyat sistemində baş verən bu struktur dəyişikliyi vahid ödəniş sistemi, sinxronlaşdırılmış marşrutlar və mərkəzləşdirilmiş idarəetməni hədəfləyir. Lakin məsələyə rəqabət hüququ baxımından nəzər saldıqda fərqli bir mənzərə ortaya çıxır.

Hüquqi təhlil

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 07 may 2026-cı il tarixli fərmanına əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC “Bakı Metropoliteni” QSC-yə qoşulması formasında yenidən təşkil edilir. Məqsəd aydındır: sərnişindaşıma xidmətlərinin qarşılıqlı inteqrasiyası, vahid mərkəzdən idarəetmə və əhalinin mobilliyinin daha keyfiyyətli təşkili.

Vətəndaşlar üçün bu, vahid ödəniş sistemi, sinxronlaşdırılmış marşrutlar və daha rahat gediş-gəliş deməkdir. Lakin məsələyə rəqabət hüququ prizmasından baxdıqda mənzərə dəyişir. Hüquqi və iqtisadi tənzimləmələr baxımından bu yenidən təşkil mürəkkəb suallar doğurur.

İnzibati Qərar və Təmərküzləşmə İcazəsi

Təbii inhisar subyektlərinin yenidən təşkil edildikdə rəqabət orqanından əvvəlcədən razılıq alınmalıdır. Təbii inhisar subyekti olan Bakı Metropolitenə digər subyektlərin qoşulması kənardan baxanda təmərküzləşmə kimi görünür.

Lakin burada vacib bir nüans var: Bu qoşulma kommersiya subyektlərinin qarşılıqlı bazar razılaşması deyil, birbaşa inzibati qərarla (Prezident fərmanı ilə) həyata keçirilən struktur islahatıdır. Prezidentin tabeliyində olan Antiinhisar Agentliyinin bu fərmana müdaxilə etməsi mümkün deyil. Yəni proses klassik “birləşmə və ləğvetmə” (M&A) qaydalarından kənarda, dövlətin idarəetməni optimallaşdırmaq üzrə suveren hüququ çərçivəsində baş tutur.

Nəzarət Dairəsinin Genişlənməsi: Rəqabət Məcəlləsinin 39.2-ci Maddəsi

Məsələnin ən kritik cəhəti yenidən təşkildən sonra rəqabət orqanının nəzarət dairəsinin necə dəyişəcəyidir. Rəqabət Məcəlləsinin 39.2-cü maddəsinə əsasən, rəqabət orqanı təbii inhisar subyektləri tərəfindən həyata keçirilən hərəkətlər üzərində nəzarəti həyata keçirir. Rəqabət Məcəlləsinin 39.-cü maddəsinə görə, təbii inhisar subyektləri 39.2-ci maddələrində qeyd edilən hərəkətlərin edilməsi üçün rəqabət orqanından razılıq almalıdırlar. Qanunvericiliyin bu tələbi yalnız təbii inhisarlardan irəli gələn fəaliyyətə deyil, bu subyektin bütün fəaliyyətinə şamil edilir.

  • Əvvəlki vəziyyət: Rəqabət orqanı yalnız metro nəqliyyatında yolların, tunellərin, stansiyaların istismarına, sərnişindaşımaya və hərəkət təhlükəsizliyi sahəsindəki fəaliyyətə nəzarət edirdi. “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC təbii inhisar subyektləri olmadıqları üçün Rəqabət Məcəlləsinin 39.2 və 39.3-cü maddələrinin tələblərinə də tabe deyildilər.
  • Təmərküzləşmən sonra: Taksi, tramvay və avtobus daşımaları öz-özlüyündə təbii inhisar fəaliyyəti sayılmır. Lakin, yenidən təşkildən sonra “Bakı Metropoliteni” QSC taksi, tramvay və avtobus daşımaları bazarlarındakı fəaliyyətinə görə rəqabət orqanının tənzimləmə dairəsinə daxil olacaq. Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin tələblərinə uyğun olaraq, qurum sözügedən sahələrdə həyata keçirdiyi hərəkətlər üçün müvafiq razılıqların alınmasını təmin etməlidir. Bu tənzimləmə “Bakı Metropoliteni” QSC-nin iş yükünə də təsirsiz ötüşməyəcəkdir.

Çarpaz Subsidiyalaşma Riski və Özəl Sektor

Yeni formalaşan nəhəng subyekt təbii inhisar fəaliyyəti (metro), həm də rəqabətli bazar fəaliyyəti (taksi, xüsusi avtobus sifarişləri) ilə məşğul olacaq. Belə vəziyyətlərdə rəqabət orqanının ən çox çəkindiyi risk çarpaz subsidiyalaşmadır. Məsələn, yenidən təşkildən sonra yaranmış yeni təsərrüfat subyekti özünün geniş resurslarından istifadə edərək taksi xidməti bazarında fəaliyyət göstərən subyektlər üçün rəqabətədavamlı olmayan şərtlər yarada bilər. Rəqabət orqanının əsas vəzifəsi müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasının qarşını almaqdır.

Nəticə

Prezident fərmanı ilə həyata keçirilən bu yenidən təşkilin ictimai maraqlar və müştəri məmnuniyyəti üçün müsbət təsirləri olacaq:

  • nəqliyyat sahəsində qərarlar vahid mərkəzdən veriləcək;
  • xidmətlərin rəqəmsallaşmasını və əlaqələndirilməsini yeni səviyyəyə daşıyacaq.

Lakin digər tərəfdən, bazarda rəqabət mühitinin qorunması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qarşısında mürəkkəb tənzimləmə öhdəliyi yaradır. Balansın necə qorunacağını isə zaman göstərəcək.