06.05. – Hökmran mövqedən sui-istifadə: müdafiə mexanizmi və praktik tətbiqi

Giriş

Bazarda hökmran mövqe tutmaq özlüyündə qanun pozuntusu deyil. Rəqabət hüququ hökmran mövqeni deyil, həmin mövqedən rəqabəti məhdudlaşdıran formada istifadə edilməsini qadağan edir.

Hökmran mövqedən sui-istifadə inhisar qiymətlərinin tətbiqi, istehsalın məhdudlaşdırılması, müqavilə bağlamaqdan əsassız imtina, ayrı-seçkilik xarakterli şərtlərin tətbiqi, məhsulların bir-birinə bağlanması, mühüm resursa çıxışın məhdudlaşdırılması və digər formalarda baş verə bilər.

Bununla belə, hökmran mövqedə olan təsərrüfat subyektinin davranışı müəyyən hallarda texniki, iqtisadi və ya təhlükəsizlik səbəbləri ilə əsaslandırıla bilər. Belə halların qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2024-cü il tarixli 531 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” əsasında həyata keçirilir.

1. Hüquqi mexanizmin mahiyyəti

531 nömrəli Qərar hökmran mövqedə olan təsərrüfat subyektinə əvvəlcədən verilən ümumi fəaliyyət icazəsi deyil. Bu mexanizm rəqabət komissiyası tərəfindən konkret davranışla bağlı iş qaldırıldıqdan sonra tətbiq edilir.

Müdafiənin məqsədi davranışın baş verdiyini inkar etmək deyil. Əsas məqsəd davranışın legitim məqsəd daşıdığını, həmin məqsədə nail olmaq üçün zəruri olduğunu, rəqabəti daha az məhdudlaşdıran alternativinin olmadığını və yaratdığı müsbət nəticələrin mənfi rəqabət təsirlərindən üstün olmasını sübut etməkdir.

Təsərrüfat subyekti davranışını aşağıdakı qaydada əsaslandıra bilər:

  • Obyektiv zərurətdən irəli gəldiyini;
  • Texniki və ya iqtisadi səmərəlilik yaratdığını;
  • Məqsədə nail olmaq üçün zəruri olduğunu;
  • Rəqabəti daha az məhdudlaşdıran alternativinin olmadığını;
  • Yaratdığı müsbət nəticələrin rəqabətə mənfi təsirlərdən üstün olduğunu.

Obyektiv zərurilik kommersiya marağından deyil, texniki imkanlar, təhlükəsizlik, istehlakçı sağlamlığı, məhsul keyfiyyəti və ya əqli mülkiyyət hüquqları kimi səbəblərdən irəli gəlməsini nəzərdə tutur. 

Səmərəlilik isə istehsalın, ixracın, investisiyaların və ya innovasiyanın artması, xərclərin azalması kimi ölçülə bilən iqtisadi nəticələrlə ifadə olunur. Şirkətin gəlir və ya mənfəətinin artması ayrıca səmərəlilik əsası hesab edilmir. Müsbət təsir müvafiq bazar və rəqabət mühiti baxımından əsaslandırılmalıdır.

2. Rəqabət komissiyasına müraciət qaydası

Hökmran mövqedən sui-istifadə ilə bağlı iş qaldırılması haqqında qərarın işin tərəflərinə təqdim edildiyi tarixdən etibarən təsərrüfat subyektinin rəqabət komissiyasına vəsatət vermək üçün 30 gün vaxtı var (Qərarda “30 iş günü” deyil, “30 gün” ifadəsi işlədilir).

Müddət ötürüldükdə vəsatətin qəbul edilməsi avtomatik deyil — yalnız komissiyanın xüsusi qərarı ilə mümkündür. Yəni bu halda vəsatətin qiymətləndirmə üçün qəbul edilməsi rəqabət komissiyasının mülhaizəsinə əsasən qəbul edilə və ya edilməyə bilər.

Qeyd: Bu mexanizm ümumi etiraz və sübut təqdimetmə müddətindən fərqləndirilməlidir. Rəqabət komissiyasının fəaliyyətini tənzimləyən Nazirlər Kabinetinin 527 nömrəli Qərarına əsasən, işin tərəflərinə öz etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmək üçün 10 iş günündən az olmayan müddət verilir. 531 nömrəli Qərardakı 30 günlük müddət isə obyektiv zərurilik və səmərəlilik haqqında xüsusi vəsatətə aiddir.

Vəsatətdə aşağıdakılar göstərilməlidir:

  • Araşdırılan davranışın iqtisadi mahiyyəti, predmeti və məqsədi;
  • Texniki və iqtisadi xüsusiyyətləri;
  • Əlaqəli məhsullar və coğrafi ərazi;
  • Davranışın başlandığı tarix.

Vəsatətə müqavilələr, maliyyə və istehsal göstəriciləri, texniki rəylər, bazar araşdırmaları və digər əsaslandırıcı sənədlər əlavə edilməlidir.

3. Qiymətləndirmə meyarları

531 nömrəli Qərarın 3.3-cü bəndinə əsasən təsərrüfat subyekti yeddi meyardan ən azı üçünün mövcudluğunu sübut etməlidir:

3.1. Miqyas iqtisadiyyatı

Birinci meyar aşağıdakı elementlərdən ibarətdir:

  • davranış nəticəsində miqyas iqtisadiyyatı əldə edilməlidir;
  • bir il ərzində müvafiq bazarda məhsul istehsalı ən azı 40 faiz artmalıdır; və ya
  • ixrac ən azı 20 faiz artmalıdır.

Yalnız istehsalın artması kifayət deyil. Artımın davranış nəticəsində əldə edilmiş miqyas iqtisadiyyatı ilə əlaqəsi də göstərilməlidir.

3.2. İnnovativ məhsul

İkinci meyar davranış nəticəsində müvafiq bazara aid olmayan innovativ məhsulun istehsalının mümkün olmasını nəzərdə tutur. Burada iki məsələ sübut edilməlidir:

  1. məhsul həqiqətən innovativ xüsusiyyətlərə malikdir;
  2. həmin məhsul araşdırılan müvafiq məhsul bazarına daxil deyil.

3.3. Birbaşa investisiya

Üçüncü meyar davranış nəticəsində müvafiq bazarda birbaşa investisiyaların ən azı bir il ərzində əvvəlki illə müqayisədə 20 faiz artmasını tələb edir. Dövlət büdcəsindən ayrılan vəsait bu hesablamaya daxil edilmir.

Sübutlar investisiyanın məbləğini, mənbəyini, məqsədini və müvafiq bazarla əlaqəsini göstərməlidir. İnvestisiya artımı ilə iddia edilən davranış arasında səbəbli əlaqə ayrıca əsaslandırılmalıdır.

3.4. Texniki imkanların məhdudluğu

Dördüncü meyar texniki məhdudiyyətlər səbəbindən təsərrüfat subyektinin rəqabətli şəraitdə fəaliyyət göstərməsinin, məhsul istehsal etməsinin və ya satmasının qeyri-mümkün olmasını nəzərdə tutur. Texniki məhdudiyyət ümumi ifadələrlə deyil, texniki audit, mühəndis rəyi, sistem göstəriciləri və digər yoxlanıla bilən sənədlərlə təsdiq edilməlidir.

3.5. Keyfiyyət və əqli mülkiyyət tələbləri

Beşinci meyar məhsulun istehsalı ilə bağlı xüsusi keyfiyyət və ya əqli mülkiyyət hüquqları meyarlarının tətbiq edilməsini əhatə edir. Təsərrüfat subyekti göstərməlidir ki, müəyyən məhdudiyyət tətbiq edilmədən məhsulun istehsalı və satışı qeyri-effektiv nəticələrə səbəb olacaq.

Əqli mülkiyyət hüququnun mövcudluğu avtomatik olaraq rəqabəti məhdudlaşdıran davranışa əsas vermir. Məhdudiyyətin həmin hüququn və ya keyfiyyət standartının qorunması üçün zəruri olduğu sübut edilməlidir.

3.6. Təhlükəsizlik və ictimai maraq

Altıncı meyar mühüm əhəmiyyətli resursun ümumi istifadəyə açılmasının aşağıdakı nəticələrdən birinə səbəb ola biləcəyinə dair mənbəyi bəlli məlumatın mövcudluğunu tələb edir:

  • dövlət təhlükəsizliyinin pozulması;
  • istehlakçıların sağlamlığına təhlükə;
  • ictimai asayişin pozulması.

Belə risk fərziyyə ilə deyil, mənbəyi məlum olan məlumat, dövlət orqanının rəyi, təhlükəsizlik auditi və ya ekspert sənədi ilə əsaslandırılmalıdır.

Həmçinin məhdudiyyət riskin səviyyəsinə uyğun olmalıdır. Risk yalnız müəyyən istifadəçilərlə bağlıdırsa, bütün bazar iştirakçılarına tam giriş qadağasının tətbiqi ayrıca əsaslandırılmalıdır.

3.7. Eksklüziv xarici təchizat

Yeddinci meyar ölkə daxilində istehsal edilməyən və daxili tələbatı yüksək olan məhsulun idxalı zamanı xarici təsərrüfat subyekti ilə eksklüziv təchizat sisteminin tətbiqini əhatə edir. Bu meyarın tətbiqi üçün aşağıdakı hallar birlikdə mövcud olmalıdır:

  • məhsula ölkə daxilində yüksək tələbat olmalıdır;
  • məhsul ölkə daxilində istehsal edilməməlidir;
  • məhsul idxal edilməlidir;
  • təchizatçı Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərməlidir;
  • tərəflər arasında eksklüziv təchizat sistemi tətbiq edilməlidir;
  • sui-istifadə kimi qiymətləndirilən hal həmin sistem nəticəsində yaranmalıdır.

Eksklüzivliyin xarici təchizatçı tərəfindən tələb edilməsi təsərrüfat subyektini avtomatik olaraq məsuliyyətdən azad etmir. Eksklüziv sistemin zəruriliyi, müddəti və bazarı bağlama təsiri ayrıca qiymətləndirilir.

4. Sübutetmə yükü və praktik yanaşma

Sübutetmə yükü tamamilə təsərrüfat subyektinin öhdəsindədir. Vəsatət dörd əsas suala cavab verməlidir:

  1. Hansı nəticə əldə edilmişdir? (Konkret göstəricilərlə)
  2. Nəticə araşdırılan davranışdan yaranıbmı? (Səbəb-nəticə əlaqəsi)
  3. Daha az məhdudlaşdırıcı alternativ mövcud idimi? (Qismən eksklüzivlik, sertifikatlaşdırma, minimum öhdəlik və s.)
  4. Müsbət təsirlər mənfi təsirlərdən üstündürmü? (Rəqiblərin sıxışdırılması, qiymət artımı, seçim azalması kimi mənfi təsirlər nəzərə alınır)

5. Praktik nümunə

Tutaq ki, proqram təminatı bazarında hökmran mövqedə olan şirkət üçüncü tərəf proqramlarının öz platformasına inteqrasiyasını məhdudlaşdırır.

Rəqabət komissiyası bunu mühüm resursa çıxışdan imtina kimi qiymətləndirə bilər.

Təsərrüfat subyekti məhdudiyyəti aşağıdakı əsaslarla müdafiə edir:

  • inteqrasiya kibertəhlükəsizlik riski yaradır;
  • sistemin texniki gücü məhduddur;
  • proqram kodu və texniki interfeys əqli mülkiyyət hüquqları ilə qorunur.

Bu halda şirkət Qərarın 3.3.4, 3.3.5 və 3.3.6-cı yarımbəndlərinə istinad edə bilər. Lakin ümumi təhlükəsizlik arqumenti kifayət etmir. Şirkət texniki audit, sistem yüklənməsi haqqında məlumat, təhlükəsizlik hesabatı və daha məhdud çıxış modelinin mümkün olmadığını göstərən təhlil təqdim etməlidir. Əgər sertifikatlaşdırma, lisenziyalaşdırma və ya məhdud texniki interfeys vasitəsilə çıxış vermək mümkündürsə, tam imtina zəruri hesab edilməyə bilər.

6. Qərarın hüquqi nəticəsi

Rəqabət komissiyası təqdim edilmiş əsaslandırmanı qənaətbəxş hesab edə və ya rədd edə bilər. Əsaslandırma qəbul edildikdə Rəqabət Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulan qadağa konkret davranışa tətbiq edilmir. Bununla belə, bu nəticə daimi xarakter daşımır.

531 nömrəli Qərarın 4.2-ci bəndinə əsasən davranış yalnız onun qənaətbəxş hesab edilməsinə imkan verən şərtlərin mövcud olduğu müddətdə qəbul edilə bilər.

Məsələn, texniki məhdudiyyət aradan qalxdıqda, təhlükəsizlik riski azaldıqda, yerli istehsal yarandıqda, alternativ təchizatçı bazara daxil olduqda, investisiya və istehsal göstəriciləri əldə edilmədikdə, daha az məhdudlaşdırıcı texnologiya yarandıqda, davranışın əvvəlki əsaslandırması qüvvəsini itirə bilər.

Bu səbəbdən təsərrüfat subyekti yalnız ilkin vəsatət mərhələsində deyil, davranışın tətbiq edildiyi bütün müddətdə əsaslandırıcı şərtləri izləməlidir.

Nəticə

531 nömrəli Qərar hökmran mövqedən sui-istifadə hallarında bizneslərə güclü müdafiə mexanizmi təqdim edir.

Uğurlu vəsatət üçün yalnız hüquqi arqumentlər kifayət etmir — iqtisadi, texniki və bazar sübutları vahid sistem şəklində təqdim edilməlidir.

Hökmran mövqedə olan şirkətlərə tövsiyə: Rəqabəti məhdudlaşdıra biləcək qərarlar qəbul etməzdən əvvəl onların məqsədini, alternativlərini, müddətini və potensial təsirlərini sənədləşdirin.