“Azərişıq” ASC-yə Qarşı İş Yekunlaşdı: Regional Rəhbərlərə Maliyyə Sanksiyası və Məcburi Göstəriş!

You are currently viewing “Azərişıq” ASC-yə Qarşı İş Yekunlaşdı: Regional Rəhbərlərə Maliyyə Sanksiyası və Məcburi Göstəriş!

Xatırlayırsınızsa, bir müddət əvvəl reqabet.az saytında “Azərişıq” ASC-nin bildiriş təqdim etdikdən dərhal sonra (1 aylıq qanuni müddəti gözləmədən) elektrik enerjisinin kəsilməsi barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) iş qaldırdığını işıqlandırmışdıq (bu barədə daha ətraflı).

Artıq rəqabət orqanı işə baxılmasını yekunlaşdırıb və istehlakçıların xeyrinə önəmli bir qərar qəbul edib! Bu barədə Agentlik özü məlumat paylaşıb.

Rəqabət Komissiyası Nəyi Müəyyən Etdi?

Agentliyin Enerji Məsələləri Tənzimləmə Agentliyi (EMTA) ilə birgə apardığı araşdırma nəticəsində məlum olub ki, “Azərişıq” ASC Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinə qoyduğu qadağaları pozub. Komissiya təsdiq edib ki:

  • Elektrik enerjisinin kəsilməsi sahəvi qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə tam riayət edilməklə həyata keçirilməlidir.
  • İstehlakçılara təqdim olunan xəbərdarlıqlar və bildirişlər qanunun tələblərinə uyğunlaşdırılmalıdır.

İdarə Rəisləri Cərimələndi!

Bu işin ən diqqətçəkən tərəfi rəqabət qanunvericiliyinin pozulmasında birbaşa iştirak edən vəzifəli şəxslərin fərdi qaydada cəzalandırılmasıdır. Rəqabət qaydalarını pozan aşağıdakı Regional Enerji Təchizatı və Satışı İdarələrinin rəislərinə və onların enerji satışı üzrə müavinlərinə cərimə tətbiq edilib:

  1. Yasamal RETSİ
  2. Sumqayıt RETSİ
  3. Cənub RETSİ
  4. Şimal-Qərb RETSİ
  5. Şirvan RETSİ

Rəqabət Məcəlləsinin 77.12-ci maddəsinə əsasən, təsərrüfat subyektinin özünə tətbiq edilən sanksiyalardan əlavə, pozuntuda birbaşa iştirak etmiş vəzifəli şəxslərə də aldıqları sonuncu vəzifə maaşlarının 2 (iki) mislinədək məbləğdə maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, “Azərişıq” ASC-yə sistem daxilindəki yazılı xəbərdarlıqlarda və bildirişlərdə (qalıq borcların düzgün göstərilməsi və s.) qanunvericiliyə uyğun dəyişikliklərin edilməsi barədə icrası məcburi göstəriş verilib.

Sahəvi Qanunvericilik Nə Deyir?

“Azərişıq” ASC-nin fəaliyyəti və istehlakçıların hüquqları Nazirlər Kabinetinin 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydaları ilə tənzimlənir. Qərarda açıq şəkildə qeyd olunur:

Bənd 8.14 və 9.13.2: İstehlakçı (məişət abonenti) istifadə etdiyi enerjinin haqqını ödəmə sənədi (bildiriş) təqdim edildikdən sonra 1 (bir) ay müddətində ödəməlidir. Bu müddət bitmədən işığın kəsilməsi qanunsuzdur.

Bənd 9.13-3: Qəza və yanğın halları istisna olmaqla, elektrik enerjisinin verilməsinin dayandırılması, bir qayda olaraq, istehlakçının iştirakı ilə AKTLA rəsmiləşdirilməli və aktın bir nüsxəsi vətəndaşa verilməlidir. Yaşayış binasının blokuna elan yapışdırmaqla və ya akt tərtib etmədən işığı kəsmək qanun pozuntusudur.

Bəs İndi Nə Dəyişəcək?

Agentliyin rəsmi məlumatına görə, hazırda “Azərişıq” ASC tərəfindən abonentlərlə işin effektiv təşkili və qanunvericiliyə riayət olunması istiqamətində zəruri addımlar atılır.

Əgər bu qərardan sonra da hansısa regional idarə sizə bildiriş verdikdən dərhal sonra (1 ay tamam olmamış) və ya aktsız şəkildə işığınızı kəsərsə, bu artıq rəqabət orqanının icrası məcburi göstərişinə də tabe olmamaq deməkdir. Belə hallarla qarşılaşdıqda dərhal əvvəlki məqaləmizdə qeyd etdiyimiz qaydada sübutları (foto/video) toplayaraq həm “Azərişıq” ASC-yə (info@azerishiq.az), həm də Dövlət Agentliyinə (office@competition.gov.az) rəsmi şikayət ünvanlayın.