Rəqabət orqanı “Azərişıq” ASC barədə iş qaldırdı!

You are currently viewing Rəqabət orqanı “Azərişıq” ASC barədə iş qaldırdı!

Giriş

Bəzən şahidi oluruq ki, elektrik enerjisindən istifadəyə görə bildiriş təqdim edilir və cəmi bir həftə sonra “Azərişıq” ASC (bundan sonra – Azərişıq) əməkdaşı borcun ödənilmədiyi bəhanəsi ilə enerjinin kəsiləcəyini bildirir. Bir çox hallarda isə binaların girişinə “borcunuzu filan tarixədək ödəməsəniz, xəbərdarlıq edilmədən elektrik enerjisi dayandırılacaq” məzmunlu elanlar yapışdırılır.

Bəs “Azərişıq” tərəfindən edilən bu hərəkətlər qanunidirmi ?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) məlumat yayımlayıb ki, “Azərişıq” barədə Rəqabət Məcəlləsinin 40.5.7-ci və 40.5.11-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb. İşə baxılmasının predmeti aşağıdakılardır:

  • “Azərişıq” elektrik enerjisi barədə bildiriş təqdim etdiyi andan etibarən 1 (bir) ay müddət gözləmədən elektrik enerjisinin verilməsini dayandırıb;
  • elektrik enerjisinin verilişinin dayandırılması müvafiq aktla rəsmiləşdirilməyib.

Agentliyin “Azərişıq” barədə araşdırma aparmaq səlahiyyəti varmı ?

Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 8-ci sətrinə əsasən, “Azərişıq” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkə ərazisində elektrik enerjisinin paylanması fəaliyyəti üzrə təbii inhisarçıdır.

Rəqabət Məcəlləsinin 37.1-ci və 39.1-ci maddələrinə əsasən, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir.

Rəqabət Məcəlləsinin 40.5.7-ci və 40.5.11-ci maddələrinə əsasən, təbii inhisar subyektlərinə qadağandır:

  • müştərinin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol vermək;
  • məhsulların satışı və təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar müştərilər üçün qanunvericilikdə nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək.

Agentlik tərəfindən “Azərişıq” barədə hansı tədbirlər görülə bilər ?

Rəqabət orqanı “Azərişıq” barədə araşdırma aparıb və bu araşdırma iş qaldırma ilə yekunlaşıbsa, böyük ehtimal rəqabət orqanı  araşdırma prosesində bütün sənədləri və sübutları toplayıb, bundan sonra rəqabət komissiyası qanunvericiliyin formal tələblərini icra edəcək və yekun qərar qəbul edəcəkdir.

Rəqabət Məcəlləsinin 39.10-cu maddəsinə əsasən, Məcəllənin 40.5-ci maddəsində qadağan olunan hərəkətlərə yol verildiyi halda, təbii inhisar subyektinə bu hərəkətlərin dayandırılması və onun nəticələrinin aradan qaldırılması barədə icrası məcburi göstəriş verilir.

“Azərişıq” Sizə qarşı elektrik enerjisinin verilməsini dayandırdığı halda, nə etməlisiniz ?

Əgər işığınız bildiriş verildikdən sonra 1 aylıq müddət tamam olmadan kəsilibsə, aşağıdakı addımları ata bilərsiniz:

  1. Sizə təqdim edilən bildirişin fotosunu çəkin.
  2. bildiriş yoxdursa, “Azərişıq”ın mobil tətbiqi üzərindən son 12 ayın çıxarışını əldə edin (mobil tətbiqi endirin).
  3. sayğacın dayandığını əks etdirən foto/video çəkiliş aparın.
  4. Aşağıdakı şablon üzrə həm info@azerishiq.az, həm də office@competition.gov.az elektron poçt ünvanlarına şikayət məktubu ünvanlayın:

Müraciət Şablonu

“Mən, [Adınız Soyadınız Ata adınız], [Ünvan] ünvanında yaşayıram, abunə kodum: [Kod], əlaqə nömrəm:[telefon nömrəsi].

[gün, ay, il] tarixində mənə istifadə etdiyim elektrik enerjisi barədə bildiriş təqdim edilib. Lakin qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddət keçmədən və akt tərtib edilmədən elektrik enerjisi kəsilib.

Bildirirəm ki, “Azərişıq” ASC tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14 və 9.13.2-ci bəndlərinin, habelə Rəqabət Məcəlləsinin 40.5-ci maddəsinin tələbləri pozulmuşdur. Tələb edirəm ki, elektrik enerjisinin verilməsi 24 saat ərzində bərpa edilsin, o cümlədən nəticəsi barədə mənə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı məlumat verilsin.

Sübut edici sənədlər və foto/video çəkiliş bu elektron poçta əlavə edilir.”