09.02 – Praktiki Tətbiq, Hüquqi Kolliziyalar və Məsuliyyət

Giriş

Rəqabət qanunvericiliyinin ən maraqlı tərəflərindən biri Rəqabət Məcəlləsində (bundan sonra – Məcəllə) qeyd olunan müdəaların praktikada necə icra olunmasıdır. Xüsusilə təbii inhisar subyektlərinə tətbiq edilən sanksiyalar və göstərişlər mexanizmində diqqətçəkən spesifik məqamlar mövcuddur.

Ziddiyyət Kimi Görünən Məqam: 39.10 və 77.10-cu Maddələrin Tətbiqi

Məcəlləni oxuyarkən 39.10-cu və 77.10-cu maddələr arasında aşkar bir ziddiyyət (kolliziya) olduğu düşünülə bilər.

  • Məcəllənin 39.10-cu maddəsində yazılır ki, subyekt 40.5-ci maddədə qadağan olunan hərəkətlərə yol verdikdə, rəqabət orqanı (72-ci maddəyə əsasən) bu hərəkətlərin dayandırılması üçün icrası məcburi göstəriş verir.
  • Lakin Məcəllənin 77.10-cu maddəsində deyilir ki, 40.5-ci maddə pozulduqda, təbii inhisar subyektinə ümumi dövriyyəsinin 0,1 faizi məbləğində sanksiya tətbiq edilir.

Bəs praktikada bu necə tənzimlənir?

Təcrübədə bu maddələr bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayan xronoloji ardıcıllıq yaradır:

  1. Rəqabət orqanı aşkar etsə ki, təbii inhisar subyekti Məcəllənin 40.5-ci maddəsini pozur, ona birbaşa sanksiya təyin etmir. İlk olaraq icrası məcburi göstəriş verir ki, bu pozuntunu aradan qaldırsın. Misal təbii inhisar subyekti  eynixassəli məhsulun əldə edilməsi ilə bağlı müştərilər arasında ayrı-seçkiliyə yol verdiyini təsəvvür edək. Rəqabət orqanı bu faktı sübuta yertirdikdə, müştərilər arasında ayrı-seçkiliyə yol verilməsinin dayandırılması barədə icrası məcburi göstəriş verəcək.
  2. Əgər təbii inhisar subyekti rəqabət orqanının verdiyi bu rəsmi göstərişə əməl etməzsə, məhz o zaman rəqabət orqanı Məcəllənin 77.10-cu maddəsinə müraciət edir. Sadə dildə desək dövlət təbii inhisarçıya əvvəlcə səhvini düzəltmək üçün şans tanıyır.

Birbaşa Sanksiya Tələb Edən Pozuntu: 39.2 və 77.6-cı Maddələr

Yuxarıdakı mexanizmindən fərqli olaraq, Məcəllə bəzi pozuntulara qarşı çox sərtdir. Əgər təbii inhisar subyekti 39.2-ci maddəni pozarsa (yəni əsas vəsaitləri satmaq, yeni fəaliyyətə başlamaq və ya daxili hüquqi aktı müştəriyə tətbiq etmək kimi əməliyyatları rəqabət orqanı ilə razılaşdırmadan həyata keçirərsə), yanaşma tam fərqli olur.

  • Bu pozuntu sübuta yetirilərsə, rəqabət komissiyası işə baxılmanı təxirə sala, ləğv edə və ya icrası məcburi göstəriş verə bilməz.
  • Məcəllənin 39-2-ci maddəsinin pozuntusu aşkarlandığı təqdirdə qanunvericiliyin (77.6-cı maddə) tələbi qətidir: subyektə xəbərdarlıq edilmədən birbaşa olaraq əvvəlki ilin ümumi dövriyyəsinin 0,2 faizi məbləğində sanksiya təyin edilir.

Yüngülləşdirici və Ağırlaşdırıcı Halların Şamil Edilməməsi

Rəqabət qanunvericiliyinin digər pozuntularında qanunverici təsərrüfat subyektəri üçün məsuliyyəti yüngülləşdirici (könüllü etiraf, zərərin ödənilməsi) və ya ağırlaşdırıcı (təkrar pozuntu) halları nəzərdə tutur.

Lakin təbii inhisar subyektlərinə bu hallar şamil edilmir. Təbii inhisar subyekti yuxarıda qeyd olunan rəqabət pozuntularına yol verdikdə, onun davranışı və ya niyyətindən asılı olmayaraq, Məcəllədə birbaşa təsbit edilmiş sanksiya məbləğləri dəyişməz olaraq qalır.