04.06 – Alqoritmik Kartellər

Alqoritmik Kartellər Dövrünün Hüquqi və İqtisadi Təhlili

Rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellekt texnologiyalarının biznes proseslərinə inteqrasiyası rəqabət hüququ qarşısında yeni və mürəkkəb çağırışlar yaradıb. Ənənəvi rəqabət hüququ pozuntuları, xüsusilə də kartel sövdələşmələri adətən rəqib şirkət rəhbərlərinin qapalı qapılar arxasında qiymətləri razılaşdırması formatında təsəvvür edilirdi. Lakin müasir dövrdə bu prosesin rəqəmsallaşması “alqoritmik kartellər” anlayışını meydana çıxarmışdır (kartel anlayışı barədə daha ətraflı).

Qiymətqoyma siyasətinin proqram təminatlarına və öz-özünə öyrənən alqoritmlərə həvalə edilməsi, təsərrüfat subyektləri arasında ənənəvi “iradələrin üst-üstə düşməsi” olmadan da rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Bu məqalədə alqoritmik kartellərin hüquqi təbiəti, əsas işləmə mexanizmləri və qlobal rəqabət orqanlarının bu mövzuya yanaşması təhlil edilir.

Alqoritmik Kartellərin Hüquqi Təbiəti

Rəqabət qanunvericiliyində qadağan olunmuş sazişlərin sübuta yetirilməsi üçün tərəflər arasında qəsddən qurulmuş birbaşa və ya dolayı razılaşmanın olması tələb edilir. Lakin alqoritmlər vasitəsilə qiymət tənzimləməsində təsərrüfat subyektləri bir-biri ilə kommunikasiya qurmurlar.

Alqoritmik kartellərin ən geniş yayılmış formalarından biri “Hub-and-Spoke modelidir. Bu modeldə “Hub” – mərkəzi proqram təminatçısı (alqoritmi yaradan və ya xidmət kimi təqdim edən üçüncü tərəf), “Spokes” isə bu proqramdan istifadə edən rəqib təsərrüfat subyektləridir. Rəqiblər öz aralarında heç bir razılaşma əldə etmirlər. Lakin hər biri eyni proqram təminatından istifadə etdikdə, alqoritm bazardakı bütün məlumatları (tələb, təklif, rəqiblərin anbar qalıqları) mərkəzləşdirilmiş qaydada analiz edir və bütün istifadəçilər üçün ən optimal, çox vaxt isə süni şəkildə şişirdilmiş eyni qiyməti müəyyən edir.

Hüquqi baxımdan əsas dilemma budur: Əgər iki rəqib sadəcə olaraq bazarda mövcud olan eyni qiymət tənzimləmə proqramını alıb istifadə edirsə və proqram müstəqil şəkildə qiymətləri eyni səviyyədə saxlayırsa, bu, kartel sövdələşməsi sayıla bilərmi?

Ənənəvi hüquq nəzəriyyəsində “qəsd” olmadığı üçün bunu sübut etmək mürəkkəbdir, lakin iqtisadi nəticə – istehlakçıların zərərinə olan yüksək qiymətlər – dəyişməz qalır.

Real Bazar Nümunələri: Daşınmaz Əmlak və Elektron Ticarət Bazarı

Məsələnin abstrakt xarakter daşımaması üçün qlobal təcrübədəki real bazar vəziyyətlərinə diqqət yetirək.

Elektron ticarətdə “Yenidən qiymətqoyma” proqramları

Təsəvvür edin ki, onlayn satış platformalarında (məsələn, Amazon) eyni məhsulu satan onlarla müstəqil satıcı var. Onlar gün ərzində qiymətləri minlərlə dəfə rəqiblərin qiymətinə uyğunlaşdırmaq üçün eyni şirkətin təqdim etdiyi dinamik qiymətqoyma (ingilis dilində “repricing” adlanır) alqoritmini icarəyə götürürlər. Alqoritmə sadəcə “mənfəəti maksimallaşdır” əmri verilir. Qısa müddətdən sonra süni intellekt kəşf edir ki, əgər o, fərqli satıcıların qiymətlərini bir-birinə qarşı endirərsə, yaranan bu “qiymət müharibəsi” bütün satıcıların zərərinə olacaq. Nəticədə, proqram avtomatik olaraq bütün satıcılar üçün qiyməti yuxarı həddə dondurur. Satıcılar bir-birini tanımır, heç bir məlumat mübadiləsi aparmayıblar, lakin alqoritm onlar üçün süni və qeyri-şəffaf bir kartel yaradıb.

Real Presedent: David Topkins Keysi
Bu cür texnoloji vasitələrlə bazarın manipulyasiyası artıq nəzəriyyə deyil, real hüquqi cəzalarla nəticələnir. Belə ki, tarixə alqoritmik qiymət sövdələşməsinə görə açılmış ilk rəqabət işi kimi düşən “David Topkins işi”ndə məhz bu ssenari yaşanmışdı. 2015-ci ilin aprelində ABŞ Ədliyyə Departamenti (DOJ) tərəfindən açılan cinayət işi çərçivəsində, e-ticarət şirkətinin rəhbəri David Topkins “Amazon” platformasında posterlərin qiymətlərini süni şəkildə eyni səviyyədə saxlamaq üçün xüsusi alqoritmlərdən istifadə etdiyini etiraf edərək məsuliyyətə cəlb olunmuşdu.”

Daha ətraflı mənbə: ABŞ Ədliyyə Departamentinin (DOJ) Rəsmi Mətbuat Açıqlaması, 6 Aprel 2015-ci il

Daşınmaz əmlak bazarında eyni proqramın istifadəsi

Daşınmaz əmlak sektorunda süni intellektin istifadəsi hazırda qlobal rəqabət hüququnun ən aktual müzakirə mövzularından birinə çevrilib. Belə ki, ABŞ Ədliyyə Departamenti (DOJ) və 8 ştatın prokurorluğu “RealPage” adlı proqram təminatı şirkətinə qarşı genişmiqyaslı antiinhisar iddiası qaldırıb. Araşdırmalara görə, ABŞ-da yüzlərlə iri bina sahibləri mənzillərin kirayə qiymətlərini müəyyən etmək üçün məhz bu alqoritmdən istifadə edir.​

İşin halları: “RealPage” rəqib bina sahiblərindən mənzillərin doluluq səviyyəsi və icarə şərtləri barədə məxfi kommersiya məlumatlarını toplayır. Alqoritm bu böyük verilənləri mərkəzləşdirilmiş qaydada analiz edərək bütün istifadəçilərə “tövsiyə edilən kirayə qiymətləri”ni göndərir. Nəticədə, bazardakı rəqiblər bir-biri ilə rəqabət aparmaq əvəzinə, proqramın təyin etdiyi yüksək tarifləri sinxron şəkildə tətbiq edirlər. Təsərrüfat subyektləri “biz sadəcə bazar məlumatlarını analiz edən qanuni bir proqramdan istifadə edirik” deyərək müdafiə olunsalar da, DOJ bunun süni intellekt vasitəsilə idarə olunan klassik “Hub-and-Spoke” (Mərkəz və Çarxlar) karteli olduğunu iddia edir. Davam edən bu məhkəmə işinin yekun nəticəsi alqoritmik qiymətqoyma alətlərinin gələcək hüquqi statusunu müəyyən edəcək tarixi bir presedent olacağı şübhəsizdir.

Daha ətraflı mənbə: ABŞ Ədliyyə Departamentinin (DOJ) Rəsmi Mətbuat Açıqlaması, 23 Avqust 2024-cü il

Rəqabət Orqanlarının Mövqeyi

Son illərdə Avropa Komissiyası, ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) və Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) alqoritmik rəqabət pozuntuları ilə bağlı sərt mövqe nümayiş etdirməyə başlamışdır.

Rəqabət orqanlarının formalaşan ümumi yanaşması aşağıdakı prinsiplərə əsaslanır:

  1. “Texnoloji xəbərsizlik” Müdafiəsinin Rədd Edilməsi: Təsərrüfat subyektləri “bunu mən etmədim, alqoritm öz-özünə qərar verdi, alqoritmin necə işlədiyini biz də bilmirik” (daha ətraflı: black-box) arqumenti ilə hüquqi məsuliyyətdən qaça bilməzlər.
    Avropa İttifaqının rəqabət üzrə komissarı Margrethe Vestagerin də öz tarixi çıxışında qeyd etdiyi kimi, şirkətlər qərarları proqramın verdiyini bəhanə edib məsuliyyətdən qaça bilməzlər. Necə ki, bir şirkət öz işçisinin davranışına görə məsuliyyət daşıyır, istifadə etdiyi alqoritmin bazar davranışına görə də tam məsuliyyət daşıyır.
  2. Uyğunluq: Rəqabət orqanları tələb edir ki, təsərrüfat subyekləri qiymətqoyma proqramlarını və ya süni intellekt alətlərini istifadə etməzdən öncə rəqabət qanunvericiliyinə uyğunluq məhdudiyyətlərini onun alqoritminə daxil etməlidirlər. Alqoritm rəqiblərin məlumatlarını mübadilə etməməli və gizli sövdələşməyə meylli olmamalıdır.
  3. Məlumat Mübadiləsi kimi Qiymətləndirmə: Hətta birbaşa qiymət sövdələşməsi sübuta yetirilməsə belə, rəqiblərin öz gələcək qiymət və anbar ehtiyatları barədə məlumatları ortaq bir məlumat bazasına yükləməsi müstəqil şəkildə “rəqabətə zidd məlumat mübadiləsi” kimi tövsif edilə bilər.

Nəticə

Süni intellekt və alqoritmlərin bazarlarda şəffaflığı artırması və əməliyyat xərclərini azaltması şübhəsizdir. Lakin alqoritmlərin idarə etdiyi qiymət mexanizmləri rəqabət hüququnun fundamental prinsiplərini sınağa çəkir. Hər hansı bir texnoloji alət sadəcə qərar qəbulu prosesini avtomatlaşdırır, lakin o alətin istifadəsindən irəli gələn bazar nəticələrinə (hökmran mövqe, yüksək inhisar qiyməti və ya alqoritmik kartel) görə təsərrüfat subyektləri birmənalı olaraq hüquqi məsuliyyət daşıyırlar.

Bizneslər üçün bundan çıxan əsas qənaət odur ki, şirkətdaxili rəqabətə uyğunluq (compliance) prosedurları artıq yalnız satış menecerlərinin davranışlarını deyil, həm də onların istifadə etdiyi İT və proqram təminatlarının funksionallığını da əhatə etməlidir.