09.01 – Təbii İnhisar Subyektləri Necə Tənzimlənir?

Giriş

Təbii inhisar subyektləri üzərində dövlət nəzarətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. Agentliyin əsas məqsədi təbii inhisarçının müştərilərin mənafeyinə zərər vurmasının qarşısını almaq və iqtisadi cəhətdən əsaslandırılmış sərbəst rəqabət mühitinə keçidə mane olan fəaliyyətləri bloklamaqdır.

Tənzimləmə çərçivəsində təbii inhisar subyektləri maliyyə-təsərrüfat hesabatlarını rəqabət orqanına təqdim etməli və müştərilər üçün vacib olan məlumatların şəffaf şəkildə açıqlanmasını təmin etməlidirlər.

1. Təbii İnhisar Subyektlərinə Tətbiq Edilən Qadağalar

Bazar gücündən sui-istifadənin qarşısını almaq məqsədilə Rəqabət Məcəlləsi təbii inhisar subyektlərinə konkret qadağalar tətbiq edir. Bu subyektlərə aşağıdakı hərəkətlər qadağandır:

  1. Ödəniş vasitələrinin məhdudlaşdırılması: Müştərinin qanunla müəyyən edilmiş (nağd, qeyri-nağd və s.) ödəniş vasitələrini sərbəst seçmək imkanını məhdudlaşdırmaq.
  2. Əsassız imtina: Əlində kifayət qədər məhsul və ya resurs olduğu halda, müştərilərlə müqavilə bağlamaqdan imtina etmək.
  3. Ayrı-seçkilik: Eyni xassəli məhsulu alan müştərilər arasında fərq qoymaq.
  4. Əlavə şərtlərin irəli sürülməsi: Şəbəkəyə qoşulma zamanı müştərilərdən qanunvericilikdə nəzərdə tutulmayan əlavə tələblər istəmək.

2. Rəqabət Orqanından Əvvəlcədən İcazə Alınması Tələb Olunan Hallar

Təbii inhisar subyektləri istədikləri hər iqtisadi qərarı sərbəst verə bilməzlər. Onlar bazar mühitinə təsir edə biləcək mühüm əməliyyatları icra etməzdən əvvəl Agentlikdən mütləq razılıq almalıdırlar. Bura əsas vəsaitlərin satışı, icarəsi, yeni fəaliyyət sahələrinə başlanılması, subyektin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, qoşulma və s.) aiddir.

2.1. Hüquqi Aktların və Müqavilələrin Tətbiqi: Praktiki Məqamlar

Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinə əsasən, inhisar subyekti məhsulun istehsalı (satışı) üzrə öz müştərilərinə münasibətdə tətbiq edəcəyi hüquqi aktların (qərar, qayda, tələbnamə, reqlament, əmr və s.) və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu üçün əvvəlcədən Antiinhisar orqanından razılıq almalıdır. Lakin burada iki çox vacib praktiki nüans var:

  1. Qəbul etmə və tətbiq etmə: Təbii inhisar subyektinin hər hansı bir daxili hüquqi aktı sadəcə qəbul etməsi (imzalaması) özlüyündə rəqabət qanunvericiliyinin pozuntusu təşkil etmir. Əsas problem və məsuliyyət həmin hüquqi aktın razılıq alınmadan birbaşa müştəriyə tətbiq edildiyi andan başlayır.
  2. Tətbiq edən subyekt: Qanunun bu tələbi təbii inhisar subyektinin müştərilərə tətbiq etdiyi akt və müqavilələri əhatə edir. Əgər təbii inhisar subyekti başqa bir təsərrüfat subyekti ilə əməkdaşlıq edirsə və həmin subyekt bu əməkdaşlıq çərçivəsində müştərilərə hər hansı bir endirim tətbiq edirsə, bunun üçün rəqabət orqanından icazə alınması tələb olunmur.

3. Müraciət Prosesi: Razılıq Necə Alınır?

Təbii inhisar subyektləri yuxarıda qeyd olunan hərəkətləri icra etməzdən əvvəl Agentliyə müraciət etməli və müvafiq sənəd paketini təqdim etməlidirlər. Nazirlər Kabinetinin 537 nömrəli Qərarına əsasən, müraciətlər fəaliyyət növünə görə qruplaşdırılır:

3.1. Daxili aktlar və müştəri müqavilələri üzrə (Maddə 39.2.1):

Rəqabət qanunvericiliyinə uyğunluğu yoxlamaq üçün aşağıdakılar təqdim edilməlidir:

  • Müştərilərə münasibətdə tətbiq edilən hüquqi aktlar (qərar, qayda, tələbnamə, reqlament, əmr, göstərişlər və s.) və müqavilə layihəsi;
  • Hərəkətin zəruriliyinin iqtisadi-maliyyə əsaslandırılması;
  • Mövcud qiymətlərə, müştəri mənafelərinə və azad sahibkarlıq mühitinə mümkün təsirlər barədə məlumat.

3.2. Əsas vəsaitlərin əldə edilməsi və ya özgəninkiləşdirilməsi üzrə (Maddə 39.2.2–39.2.4):

  • Mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi/keçməsi barədə təsərrüfat müqaviləsinin layihəsi;
  • Əsas vəsaitlərin müştərilərə satışı və ya lizinqi ilə bağlı müqavilə layihəsi;
  • Vəsaitlərin adlı siyahısı və dəyərini təsdiq edən sənəd (audit rəyi və ya maliyyə hesabatı);
  • Aktivlərin balans dəyəri barədə təsdiqedici sənəd;
  • Hərəkətin maliyyə-iqtisadi əsaslandırılması.

3.3. İnvestisiya layihələri və yeni fəaliyyət sahələri üzrə (Maddə 39.2.5):

  • Təbii inhisar fəaliyyətinə aid olmayan sahələr üzrə investisiya layihələri və ya yeni fəaliyyət barədə məlumatlar;
  • Zərurətin maliyyə-iqtisadi əsaslandırılması;
  • Qiymətlərə və bazar rəqabətinə mümkün təsirlər barədə təhlil.

3.4. Yenidən təşkil və ya səlahiyyətlərin ötürülməsi üzrə (Maddə 39.2.6):

  • Yenidən təşkil, ləğv və ya səlahiyyətlərin təsisçi olduğu digər hüquqi şəxsə ötürülməsinə dair sənədlər;
  • Maliyyə-iqtisadi əsaslandırma.

Vacib qeyd: Əgər tələb olunan məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkündürsə, subyektdən həmin sənədlər tələb olunmur.

4. Agentlik müraciəti hansı meyarlarla qiymətləndirir?

Agentlik daxil olmuş müraciətləri araşdırarkən prosesi aşağıdakı ardıcıllıqla həyata keçirir:

Birinci mərhələ: Subyektin statusunun yoxlanılması.
İlk növbədə, müraciət edən tərəfin hüquqi statusu yoxlanılır. Razılıq üçün müraciəti birbaşa təbii inhisar subyekti özü ünvanlamalıdır. Onun filialı, nümayəndəliyi və ya şəxslər qrupuna daxil olan başqa şəxsin (əsas şirkət və ya törəmə müəssisə) subyekt adından müraciət etməsi qəbul edilən deyil.

İkinci mərhələ: Hərəkətin xarakterinin müəyyən edilməsi.
Müraciətdə qeyd edilən hərəkətin rəqabət orqanının öncədən razılığını tələb edib-etmədiyi araşdırılır. Burada Rəqabət Məcəlləsinin 39.2-ci və 36.4-cü maddəsində qeyd edilən hallar əsas götürülür.

Üçüncü mərhələ: imtina üçün əsasların araşdırılması. Əgər aşağıdakı hallardan hər hansı biri aşkar edilərsə, Agentlik razılıq verməkdən imtina edir:

  • Qiymət artımı riski: Hərəkət mövcud qiymətlərin artması ilə nəticələnə bilərsə;
  • Müqavilə öhdəlikləri: Müştərilərlə bağlanmış mövcud müqavilələrin pozulması təhlükəsi yarandıqda;
  • Müştəri mənafeləri: Müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərərsə və ya hüquqlarının pozulmasına gətirib çıxararsa;
  • Sahibkarlıq mühiti: Digər təsərrüfat subyektlərinin fəaliyyətinin məhdudlaşmasına və ya azad sahibkarlıq mühitinə mənfi təsir göstərərsə;
  • Texnoloji və Keyfiyyət riski: Texnoloji sistemin pozulmasına və ya məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olarsa;
  • Resurs çatışmazlığı: Subyektin imkan və resurslarının müştəri ehtiyaclarını tam həcmdə ödəməyə imkan vermədiyi hallarda.

Dördüncü mərhələ: Rəqabətin məhdudlaşdırılması risklərinin təhlili. İmtina üçün birbaşa əsaslar olmadıqda belə, Agentlik rəqabətin məhdudlaşdırılması risklərini qiymətləndirir. Bu mərhələdə iki fərqli qərar verilə bilər:

  1. Şərtli razılıq: Risk mövcuddur, lakin müəyyən öhdəliklərlə onun qarşısını almaq olar.
    Nümunə: “Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarələrdə internet xidməti tətbiq etmək istəyərkən, Agentlik bu xidmətin müştərilər üçün məcburi deyil, könüllü seçim olması şərtilə razılıq verdi.
  2. Şərtsiz razılıq: Hərəkət bazara və istehlakçıya müsbət və ya neytral təsir göstərir.
    Nümunə: “Aztelekom” MMC güzəştli kateqoriyaya aid abunəçilər üçün endirimli tariflərin tətbiqi ilə bağlı müraciət etdikdə, heç bir əlavə şərt qoyulmadan razılıq verildi.

Qızıl Qayda: Təbii inhisar subyekti müraciəti hazırlayarkən Məcəllənin 39.4-cü maddəsindəki mənfi halların baş verməyəcəyini əvvəlcədən iqtisadi və hüquqi baxımdan əsaslandırmalıdır. Əsaslandırma nə qədər mükəmməl olarsa, əlavə şərt qoyulmadan razılıq almaq ehtimalı bir o qədər yüksək olar.

5. Razılıqla Bağlı Müraciətlərin Araşdırılması Müddətləri

Agentliyə müraciət daxil olduqdan sonra qərarın verilməsi üçün qanunvericiliklə aşağıdakı konkret müddətlər və onların uzadılması qaydası müəyyən edilib:

  • Ümumi Müraciətlər: Agentlik tərəfindən 30 iş günü ərzində araşdırma aparılır. Zərurət yarandıqda, Agentlik bu müddəti bir dəfə, maksimum 30 iş günü müddətinə uzada bilər.
  • Məcəllənin 36.4-cü maddəsi üzrə müraciətlər: Əgər müraciət Rəqabət Məcəlləsinin 36.4-cü maddəsində nəzərdə tutulan halları əhatə edirsə, ona daha sürətli — 10 iş günü ərzində baxılır. Bu müddət Agentlik tərəfindən bir dəfə, maksimum 10 iş günü müddətinə uzadıla bilər.
  • Sənədlərdə Çatışmazlıq və ya Uyğunsuzluq: Agentlik sənədlərdə çatışmazlıq aşkar etdikdə müraciət daxil olduğu tarixdən 10 iş günü ərzində (36.4-cü maddə üzrə müraciətlərdə 5 iş günü) subyektə rəsmi bildiriş göndərir. Təbii inhisar subyekti aşkar edilmiş çatışmazlıqları və ya uyğunsuzluqları bildirişi aldığı tarixdən 5 iş günü ərzində aradan qaldırmalıdır.

6. Daimi Öhdəlik: Rüblük Maliyyə Hesabatlılığı

Təbii inhisar subyektləri üçün proses sadəcə birdəfəlik müraciətlə bitmir. Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinə əsasən, subyektlər öz fəaliyyətləri barədə rəqabət orqanına müntəzəm hesabat verməlidirlər.

Son tarix: Hər rüb bitdikdən sonra növbəti ayın 20-dən gec olmayaraq.

Nazirlər Kabinetinin 2024-cü il 19 dekabr tarixli 529 nömrəli Qərarı ilə təsdiq edilmiş hesabat formasına aşağıdakılar daxildir:

  1. Maliyyə vəziyyəti haqqında hesabat (balans);
  2. Mənfəət və ya zərər haqqında hesabat;
  3. Kapitalda dəyişikliklər haqqında hesabat;
  4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa və ya dolayı metod);
  5. Seçilmiş izahlı qeydlər.

Bütün bu hesabatlar əvvəlki ilin müvafiq dövrü ilə müqayisəli şəkildə təqdim edilməlidir. Bu, Agentliyin subyektin inkişaf dinamikasını və bazara təsirini izləməyə imkan verir.

Maliyyə hesabatlılığının təmin edilməsi sadəcə texniki prosedur deyil, həm də hüquqi təhlükəsizlik məsələsidir. Sadəcə son 5 ay ərzində rəqabət orqanı tərəfindən maliyyə hesabatlarını təqdim eməyən 4 təbii inhisar subyektinə qarşı araşdırmalara başlanılıb.

Yekun

Təbii inhisar subyektlərinin tənzimlənməsi təbii inhisarçıların strateji aktivlərini qorumaq və onların inhisar mənfəəti hesabına digər azad bazarlarda haqsız üstünlük qazanmasının (çarpaz subsidiyalaşdırmanın) qarşısını almaq üçün dövlətin əlindəki əsas mexanizmdir.