09 – Təbii İnhisarlar: Yaranma Səbəbləri, Tənzimlənmə Mexanizmləri

Giriş

Təbii inhisarlar iqtisadiyyatın elə bir spesifik sahəsidir ki, burada sərbəst rəqabət mexanizmləri ənənəvi qaydada işləmir. Dövlətin bu sahəyə müdaxiləsi və xüsusi tənzimləmə siyasəti həm müştərilərin hüquqlarını qorumaq, həm də iqtisadi səmərəliliyi təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqalədə təbii inhisarların hüquqi və iqtisadi təbiətini, terminoloji nüanslarını, yaranma səbəblərini və rəqabət hüququ çərçivəsində praktiki tənzimlənmə mexanizmlərini təhlil edəcəyik.

Təbii İnhisar və Təbii İnhisar Subyekti Anlayışları

Hüquqi və iqtisadi ədəbiyyatda təbii inhisar — istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı və ya iqtisadi baxımdan əlverişli hesab edilmədiyi bazar vəziyyətidir. Bu vəziyyətdə dövlət və ya ictimai maraqlar səbəbindən cəmiyyətin tələbatının ödənilməsi zəruridir, lakin sözügedən məhsul (mal, xidmət və ya iş) istehlakda başqa bir məhsul ilə əvəz edilə bilmir.

Təbii inhisar bazarının xüsusiyyətləri:

  • Bu bazarda fəaliyyət göstərmək iqtisadi cəhətdən əlverişli deyil, çünki sabit xərclər yüksəkdir və miqyas iqtisadiyyatı yoxdur;
  • Texnoloji xüsusiyyətlərinə görə bu bazarda rəqabət yoxdur;
  • Dövlət və ictimai maraqlar səbəbindən bu bazarın mövcudiyyəti önəmlidir;
  • Bu bazar növündə məhsullar homogen deyil, yəni müştəri bu məhsulu başqa məhsulla əvəz edib istehlak edə bilmir.

Təbii inhisar subyekti isə məhz bu şəraitdə məhsul istehsalı və ya satışı ilə məşğul olan və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən rəsmi siyahıya daxil edilmiş subyektidir. Təbii inhisar subyekti təbii inhisar bazarında təsərrüfat subyekti kimi çıxış etmir.

Vacib Fərqləndirmə: Təbii İnhisar, yoxsa Dövlət İnhisarı?

Təbii inhisarın iqtisadi təbiətini tam anlamaq üçün onu praktikada tez-tez qarışdırılan digər bir anlayışla – dövlət inhisarı ilə fərqləndirmək zəruridir. Rəqabət Məcəlləsinə əsasən, bu iki anlayışın hüquqi tənzimlənməsi tamamilə fərqlidir:

  • Dövlət inhisarı – təqdim etdiyi məhsullarla bağlı fəaliyyəti rəqabət qanunvericiliyi ilə tənzimlənməyən, fəaliyyətinə nəzarət və tənzimləmə üsulları birbaşa dövlət tərəfindən müəyyən edilən inhisar növüdür.
  • Konseptual İzah və Əsas Fərq: Təbii inhisar obyektiv iqtisadi və texnoloji reallıqlardan (infrastrukturun bahalığı, miqyas effekti) irəli gələrək təbii şəkildə yaranır, dövlət isə bu vəziyyəti qəbul edib rəqabət qanunvericiliyi vasitəsilə sadəcə onu tənzimləyir. Dövlət inhisarı isə hüquqi və inzibati qərarla yaradılır. Yəni, dövlət inhisarında rəqabətin olmamasının səbəbi iqtisadi səmərəsizlik deyil, dövlətin strateji, sosial və ya təhlükəsizlik məqsədləridir. Buna görə də dövlət inhisarları standart rəqabət qanunvericiliyindən kənarda qalır və xüsusi rejimdə fəaliyyət göstərir.

Təbii İnhisarın Yaranma Səbəbləri

Təbii inhisar halı o zaman yaranır ki, bir subyekt müvafiq mal və xidmətləri bazarda iki və ya daha çox subyektin fəaliyyət göstərdiyi ssenari ilə müqayisədə qat-qat az xərclərlə istehsal edə bilir. Bunun əsasında iqtisadiyyatda “miqyas effekti” adlanan prinsip dayanır (miqyas iqtisadiyyatı barədə daha ətraflı)

Təbii İnhisar Fəaliyyəti Niyə Xüsusi Tənzimlənir?

Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tərəfindən xüsusi tənzimlənməsi iki mühüm səbəbdən irəli gəlir:

  1. Rəqabətin yoxluğu: Alternativ təchizatçı olmadığı üçün subyekt qiymətləri süni şəkildə qaldıra bilər.
  2. Müştəri maraqlarının qorunması: müştərilər əvəzedicisi olmayan və həyati əhəmiyyətli məhsullara davamlı və ədalətli qiymətlərlə çıxış əldə etməlidir.

Terminoloji Fərq: Niyə “Alıcı” yox, məhz “Müştəri”?

Rəqabət Məcəlləsini təhlil edərkən diqqət çəkən çox vacib bir terminoloji məqam mövcuddur. Məcəllənin digər fəsillərində adətən “alıcı” anlayışından istifadə edildiyi halda, təbii inhisarlara həsr olunmuş fəsildə xüsusi olaraq “müştəri” termininə yer verilir. Bəs bunun səbəbi nədir?

“Alıcı” sərbəst bazar münasibətlərində iştirak edən, alternativ satıcılar arasında seçim imkanı olan və məhsulu müəyyən məqsədlər üçün əldə edən subyektdir. Təbii inhisar şəraitində isə alternativ (rəqib) mövcud deyil və qaz, su, elektrik kimi məhsullar şəbəkə vasitəsilə mütəmadi təchiz edilir. Bu terminoloji seçim tərəflər arasındakı mütəmadilik və asılılıq yaradan münasibətin hüquqi təbiətini daha dəqiq ifadə edir. Beləliklə, məhsulu qəbul edən şəxs:

  • sadəcə birdəfəlik məhsul alan “alıcı” deyil;
  • inhisarçı subyektdən asılı olan, onun xidmətlərinə daimi ehtiyac duyan (abunəçi tipli) “müştəri” statusunda çıxış edir.