Rəqabət orqanının qərarı ləğv edildi!
Telekommunikasiya bazarında azad rəqabət mühitinin formalaşması və dövlət tənzimləmələrinin hüdudları ilə bağlı mühüm məhkəmə presedenti formalaşıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (indiki Agentlik) “Aztelekom” MMC-yə qarşı qəbul etdiyi qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Ali Məhkəmənin bu qərarı tarif tənzimləmələrinin və hüquqi müəyyənlik prinsipinin necə təfsir edilməli olduğuna dair fundamental hüquqi aydınlıq gətirir.
Mübahisənin Predmeti: Dövlət Tənzimləməsi, yoxsa Sərbəst Bazar Qiyməti?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Antiinhisar Xidməti) tərəfindən 06 iyul 2023-cü il tarixində rəsmi məlumat yayılmışdı. Elan edilmişdi ki, “Aztelekom” MMC (bundan sonra – Aztelekom) və “Bakı Telefon Rabitəsi” MMC (bundan sonra – Baktelekom) antiinhisar qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, adıçəkilən şirkətlər Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini sərbəst şəkildə müəyyən edərək qanunvericiliyi pozmuş və buna görə onlara maliyyə sanksiyası tətbiq olunmuşdur.
Mübahisənin düyün nöqtəsi məhz data internet (ethernet port) xidmətinin tariflərinin dövlət tərəfindən tənzimlənən xidmətlər kateqoriyasına aid olub-olmaması idi.
Tərəflərin Mövqeləri:
- Antiinhisar Xidməti iddia edirdi ki, “Aztelekom” və “Baktelekom” “data port” xidmətinin qiymətlərini özü müəyyən etməməlidir. Belə ki, “data port” ilə “rəqəmli rabitə kanalı (port)” eyni xidmətlərdir. Bu səbəbdən də, rəqəmli rabitə kanalı xidmətinin qiymətinin müəyyən edildiyi Tarif (Qiymət) Şurasının 02.12.2013-cü il tarixli qərarı “data port” xidmətinə də şamil edilməlidir. Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarına görə, “Rabitə sahəsində xidmətlər”in qiymətləri dövlət tərəfindən tənzimlənir. Həmin Qərarda mötərizə daxilində xidmətlərin adları qeyd edilib, sonda isə “və s.” yazılıb.
- “Aztelekom” iddia edirdi ki, “data port” xidməti ilə “rəqəmli rabitə kanalı (port)” xidməti eyni deyil, ayrı xidmətlərdir və texnologiyaları da fərqlidir. Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarının 13-cü sətrində “data port” xidmətinin adı qeyd edilməyib.
Ali Məhkəmənin Mövqeyi
Ali Məhkəmə 2-1(103)-3234/2024 nömrəli, 28.11.2025-ci il tarixli qərarında qanunçuluq və hüquqi müəyyənlik prinsiplərini ön plana çəkmişdir. Məhkəmənin mövqeyinə görə:
Yeni yaranan və qanunda birbaşa öz əksini tapmayan texnologiyaların “və s.” ifadəsi altında qeyri-məhdud şəkildə təfsir edilərək dövlət tənzimlənməsinə aid edilməsi yolverilməzdir.
İşgüzar Nüfuzun Qorunması və Məlumatın Təkzibi
Ali Məhkəmə həmçinin müəyyən etmişdir ki, 06 iyul 2023-cü il tarixli məlumat “Aztelekom”un işgüzar nüfuzuna zərər vurduğu üçün Antiinhisar Xidməti tərəfindən rəsmi qaydada təkzib edilməlidir.

