04 – Qiymət Strategiyası P = MC və P > MC

You are currently viewing 04 – Qiymət Strategiyası P = MC və P > MC

Qiymət strategiyası: P = MC və P > MC nə deməkdir?

Giriş

Bir təsərrüfat subyekti məhsuluna 10 yox, məhz 15 manat qiymət qoyursa, bu, sadəcə onun istəyidir, yoksa bazarın diktəsidir? İqtisadçılar bunu anlamaq üçün iki sadə düsturdan istifadə edirlər: P = MC və P > MC. Bu yazıda həmin düsturların mənasını izah edəcəyik.

1. Marjinal Xərc (MC) nədir?

Düsturlardan əvvəl, “Marjinal Xərc” (Marginal Cost) anlayışını başa düşməliyik.

Marjinal xərc — ən sonuncu vahid məhsulu istehsal etmək üçün çəkilən əlavə xərcdir.

Məsələn, bir burgercinin gün ərzində 100 ədəd burger hazırlayıb satdığını düşünək. Həmin şəxsə 101-ci burgeri hazırlamaq üçün lazım olan əlavə çörək, ət, elektrik və işçi qüvvəsi onun marjinal xərcidir.

2. P = MC: ideal bazarın, yəni təkmil bazarın düsturu

P (price – yəni qiymət) = MC (marginal cost)

Qiymətin Marjinal xərcə bərabr olması yalnız təkmil rəqabət bazarında baş verir. Çünki təkmil rəqabət bazarında təsərrüfat subyektinin bazar üzərində heç bir gücü yoxdur.

  • Mahiyyəti: təsərrüfat subyekti məhsulu elə bir qiymətə satır ki, bu qiymət sonuncu məhsulun istehsal xərcinə tam bərabərdir.
  • İstehlakçı üçün mənası: bu, alıcı üçün ən sərfəli vəziyyətdir. Resurslar maksimum səmərəli istifadə olunur.
  • Niyə belədir? Çünki satıcı qiyməti marjinal xərcdən bir qədər yuxarı qaldırsa, çoxsaylı rəqiblər eyni malı daha ucuz satacaq və satıcı müştərilərini itirəcək. Belə ki, bu bazarda satıcıların satdığı məhsullar ya eynidir, ya da homogendir, yəni satıcılar məhsullarını fərqləndirə bilmir.

3. P > MC: Bazar gücü və inhisarın düsturu

Bu düstur təsərrüfat subyektinin bazarda hömkran mövqedə olduğunu və ya məhsulunun unikal olduğunu göstərir (inhisar və ya oliqopoliya).

  • Mahiyyəti: satıcı məhsulu istehsal xərcindən (sonuncu vahid üçün) xeyli baha satır. Aradakı fərq şirkətin “iqtisadi mənfəəti” və ya “marja”sıdır.
  • Rəqabət hüququ baxımından: qiymət ilə marjinal xərc arasındakı fərq çox böyükdürsə, bu, həmin satıcının bazar gücünün çox olduğunu göstərir.
  • Nəticə: istehlakçılar daha çox pul ödəyir, lakin daha az məhsul əldə edirlər.

4. Niyə bu düsturlar rəqabət hüququ üçün vacibdir?

Rəqabət orqanları bir təsərrüfat subyektinin bazarda rəqabəti məhdudlaşdırdığını yoxlamaq üçün bu nisbətə baxırlar:

  • Həddindən artıq yüksək qiymət: əgər qiymət, marjinal xərcdən dəfələrlə yüksəkdirsə, bu, inhisarçı qiymət qoymadır.
  • Yırtıcı qiymət (predatory pricing): bir təsərrüfat subyekti rəqiblərini bazardan çıxarmaq üçün qiyməti marjinal xərcdən aşağı salması (P < MC) dempinq hesab edilir və bu qanunsuzdur. Çünki demping vasitəsilə təsərrüfat subyekti rəqiblərini bazarda çıxarır və bazar payını gücləndirdikdən sonra qiymətləri yüksəldir.  

Yekun

  • P = MC — ideal tərəzi. Həm istehsalçı, həm istehlakçı üçün ədalətli balans.
  • P > MC — bazar gücünün göstəricisi. Təsərrüfat subyektinin müvafiq bazarda hökmran mövqədə olmasının ilkin əlaməti.