Antiinhisar Agentliyi “Azəriqaz” barəsində araşdırmaya başladı: Əsassız mənfi rəylər və podratçılara qarşı ayrı-seçkilik

You are currently viewing Antiinhisar Agentliyi “Azəriqaz” barəsində araşdırmaya başladı: Əsassız mənfi rəylər və podratçılara qarşı ayrı-seçkilik

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) elan edib ki, “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra — Azəriqaz) barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb. Araşdırma əhatə edir:

  • Qeyri-yaşayış obyektlərinin istismara qəbulu zamanı verilən rəyləri;
  • Qaz təchizatı qaydalarına riayət olunmasını və qaz təchizatı sahəsində fəaliyyət göstərən müstəqil podratçılara münasibətdə rəqabət mühitinin qorunmasını.

İşin mahiyyəti və Fərmanın texniki tələbləri

Araşdırmanın əsasını Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi haqqında” 14.06.2023-cü il tarixli 2181 nömrəli Fərmanı təşkil edir. Bu Fərman sahibkarlıq subyektlərinin qeyri-yaşayış sahələrinin rəsmiləşdirilməsi prosesini sadələşdirmək və inhisarçı qurumlar tərəfindən yaradılan süni maneələri aradan qaldırmaq məqsədi daşıyır.

Fərmanın və sahəvi normativ aktların tələblərinə əsasən, “Azəriqaz” tərəfindən mənfi rəyin verilməsi yalnız aşağıdakı hüquqi və texniki şərtlər daxilində mümkündür:

  • Obyektin bilavasitə mühafizə zonasında yerləşməsi. Fərmanın tələbinə görə, mənfi rəy yalnız tikinti obyektinin özü magistral boru kəmərinin mühafizə zonasında yerləşdiyi halda verilə bilər. Boru kəmərinin və ya onun mühafizə zonasının obyektin yerləşdiyi torpaq sahəsindən keçməsi tikintiyə mənfi rəy verilməsi üçün hüquqi əsas təşkil etmir.
  • “Magistral boru kəməri” statusu. Magistral boru kəmərinin anlayışı Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistral boru kəmərlərinin mühafizəsi Qaydaları”nın 2.2-ci bəndində müəyyən edilmişdir. Bu meyarlara cavab verməyən (daxili paylayıcı və ya qəsəbədaxili şəbəkələr) boru kəmərləri magistral hesab edilmir. Boru kəməri magistral statusu daşımadlqda, “Azəriqaz” 2181 nömrəli Fərmana əsasən, tikinti obyektinə mənfi rəy verilə bilməz.
  • Mühafizə zonalarının normativ ölçüləri. Magistral boru kəmərlərinin mühafizə zonalarının ölçüləri və ölçülmə qaydası bilavasitə yuxarıda qeyd olunan 103 nömrəli Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir. Əgər tikinti obyekti normativdə göstərilən məsafələrdən kənarda yerləşirsə, mühafizə zonasına düşmür və belə obyektlərə mənfi rəyin verilməsi qanunsuzdur.

Agentlik tərəfindən araşdırılan qanun pozuntusu əlamətləri

Agentliyin “Azəriqaz” ilə bağlı apardığı araşdırmanının oredmeti aşağıdakılardır:

  • Magistral boru kəmərlərinin mühafizə zonasında yerləşməyən və ya torpaq sahəsindən kəmər keçən tikinti obyektlərinə əsassız mənfi rəylərin təqdim olunması;
  • Qaz təchizatı şəbəkəsinə qoşulma və layihələndirmə prosesində sahəvi qanunvericiliyin tələblərinə tam riayət edilməməsi;
  • Qaz təchizatı sahəsində layihə və tikinti-quraşdırma işləri görən müstəqil podratçı şirkətlərə qarşı ayrı-seçkiliyə yol verilməsi və onların bazara çıxışının məhdudlaşdırılması.

Rəqabət Məcəlləsinin tələbləri və hüquqi təhlil

Qeyd olunan əməllər Rəqabət Məcəlləsinin 40.5.7-ci maddəsi (müştərinin mənafeyinə mənfi təsir göstərən hərəkətlər) və təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləyən digər qadağaları çərçivəsində qiymətləndirilir:

  • Müştərinin mənafeyinə xələl gətirmə. Əsassız verilən mənfi rəy sahibkarın əmlakını istismara verməsinə mane olur, investisiyaları zəyiflədir və biznes fəaliyyətini gecikdirir. Təbii inhisarçının öz mövqeyindən istifadə edərək sahibkarlara zərər vurması Məcəllənin birbaşa pozulmasıdır.
  • Podratçı bazarında rəqabətin sıxışdırılması. Qazpaylayıcı şəbəkə operatorunun müstəqil podratçılara qarşı ayrı-seçkilik etməsi və ya özünə yaxın strukturlara üstünlük yaratması azad rəqabət mühitinə ciddi zərbə vurur.

Mümkün sanksiyalar və baxılma proseduru

Araşdırma yekunlaşdıqdan sonra toplanmış materiallar əsasında Rəqabət Komissiyası tərəfindən rəqabət işi başlana bilər.

Bundan əvvəl analoji fəaliyyət üzrə “Azərişıq” barəsində qaldırılmış işin təcrübəsi göstərir ki, rəqabət komissiyası yekun qərarında bir neçə hüquqi mexanizmi tətbiq edə bilər:

  • İcrası məcburi göstərişlərin verilməsi. “Azəriqaz”ın üzərinə əsassız verilmiş mənfi rəylərin ləğv edilməsi, mühafizə zonalarının Nazirlər Kabinetinin 103 nömrəli Qərarına uyğunlaşdırılması və qaz təchizatı sahəsində fəaliyyət göstərən müstəqil podratçılar üçün bərabər rəqabət şəraitinin bərpa edilməsi barədə icrası məcburi göstəriş qoyula bilər.
  • Vəzifəli şəxslərin cərimələnməsi. Qanun pozuntularına yol verilməsində təqsiri sübuta yetirilən “Azəriqaz”ın vəzifəli şəxslərinə Rəqabət Məcəlləsinin 77.12-ci maddəsinə əsasən fərdi qaydada vəzifə maaşlarının iki mislinədək məbləğdə maliyyə sanksiyası (cərimə) tətbiq edilə bilər.