1.Rəqabət Komissiyasının Formalaşdırılması və Etiraz Müddəti
Rəqabət orqanının rəhbəri araşdırmanın və ya yoxlamanım yekunu barədə Akt qəbul edildikdən sonra 15 iş günü müddətində rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edir.
Komissiya üzvlərinin sayı minimum 5 nəfərdən ibarət olmalıdır. Komissiya iclasının səlahiyyətli olması üçün isə iclasda sədr və üzvlərin azı yarısı iştirak etməlidir. Nazirlər Kabinetinin 2024-cü il 18 dekabr tarixli 527 nömrəli Qərarına əsasən, komissiyanın sədri rəqabət orqanının rəhbərinin müavini və müşaviri, aparatın rəhbəri və onun müavini, şöbə müdiri və onun müavini, sektor müdiri, regional bölməsinin rəhbəri, həmçinin qeyd edilən şəxsləri əvəz edən vəzifəli şəxslər ola bilər. Komissiyanın üzvləri isə rəqabət orqanının vəzifəli şəxslərindən ibarət olur.
Rəqabət komissiyası yaradıldıqdan sonrakı 5 iş günü müddətində iş qaldırılması barədə qərar qəbul edir və bu qərarı tərəflərə təqdim edir. Qərar tərəflərə 6-cı iş günü təqdim edilsə, prosedur pozulmuş hesab edilir, iş qaldırılsa və sanksiya tətəbiq edilsə belə, məhkəmədə komissiyanın qərarını ləğv etmək üçün hüquqi əsas var.
İş qaldırılması barədə qərar cavabdeh qismində çıxış edən təsərrüfat subyektinə rəsmi şəkildə çatdırıldıqdan sonra, ona öz etirazlarını və arqumentlərini bildirmək üçün ən azı 10 iş günü müddət verilir.
2. İşə Baxılma Müddətləri və Uzadılma Mexanizmi
Komissiya daxil olan iş materiallarını araşdırarkən qanunla tənzimlənən müddətlərə tam riayət etməlidir:
- İlkin baxılma müddəti: İşə olaraq 3 ay müddətində baxılmalı və yekun qərar qəbul edilməlidir.
- Müddətin uzadılması: İşin həcmi böyük olduqda, əlavə iqtisadi ekspertizaların keçirilməsi və ya beynəlxalq bazarların təhlili tələb olunduqda komissiya müddəti uzada bilər. Müddətin uzadılması hər dəfə +3 ay olmaqla, ilkin müddət də daxil olmaqla ümumi işə baxılma müddəti maksimum 9 ayadək ola bilər.
3. Sübutetmə Yükü: Rəqabət Komissiyası Nəyi İsbat Etməlidir?
Rəqabət hüququnda dövlət nəzarət tədbirləri çərçivəsində ən fundamental prinsiplərdən biri təqsirsizlik prezumpsiyasına bənzər sübutetmə yükünün bölüşdürülməsidir. Təsərrüfat subyekti özünün təqsirsiz olduğunu sübut etmək məcburiyyətində deyil. İşə baxılması zamanı rəqabət qanunvericiliyinin pozulduğunu rəqabət komissiyası özü sübut etməlidir. Rəqabət komissiyası aşağıdakı dörd faktı tam isbat etməyə borcludur:
- Rəqabət qanunvericiliyinin pozulması faktı, bu hadisənin dəqiq başvermə vaxtı və coğrafi/məhsul bazarı baxımından yeri;
- Rəqabət qanunvericiliyini pozan konkret təsərrüfat subyekti və onun qərarlarına təsir edən məsul vəzifəli şəxsləri;
- Həmin təsərrüfat subyektinin və (və ya) onun vəzifəli şəxsinin qanunazidd hərəkətlərdə birbaşa və ya dolayısı ilə təqsiri;
- Rəqabət qanunvericiliyinin pozulması nəticəsində təsərrüfat subyektinin əldə etdiyi qanunsuz gəlir müəyyən olunduqda, həmin gəlirin dəqiq məbləği.

4. Komissiyanın Yekun Qərarları və İşə Xitam Verilməsi Halları
İşin baxılması mərhələsi tamamlandıqdan sonra rəqabət komissiyası kollegial şəkildə yekunlaşdırıcı hüquqi akt qəbul edir.
4.1. Komissiya Tərəfindən Qəbul Edilən Qərarların Növləri
Rəqabət komissiyası materialları qiymətləndirərək aşağıdakı qərarlardan birini qəbul edir (bu qərarlarda Rəqabət Məcəlləsinin 66.2-ci maddəsində yazılan bütün əsaslandırmalar mövcud olmalıdır):
- İşə xitam verilməsi: Pozuntu qəti olaraq təsdiqlənmədikdə və ya xüsusi qanuni əsaslar yarandıqda iş bağlanır.
- İşin dayandırılması: Müvafiq qərar aşağıdakı obyektiv hallarda qəbul edilir:
- Eyni predmet üzrə məhkəmələrdə və ya aidiyyəti dövlət orqanlarında başqa bir icraat aparıldıqda;
- Məhkəmələrdə və digər dövlət orqanlarında və ya rəqabət orqanının özündə baxılmaqda olan fərqli bir işin nəticələri cari iş üçün fundamental əhəmiyyət kəsb etdikdə;
- İş üzrə ekspertizanın aparılması və ya kənar mütəxəssis rəyinin alınması zərurəti yarandıqda;
- İşə baxılmasını qeyri-mümkün edən digər hallar.
- İşin təxirə salınması: Tərəflər üzrlü səbəbdən (məsələn, xəstəlik, ezamiyyət) iclasa gəlməmək barədə əsaslandırılmış vəsatət verdikdə, yaxud komissiya əlavə sübutların toplanmasını və ekspertlərin iclasda birbaşa iştirakını zəruri hesab etdikdə tətbiq olunur.
- Digər orqana göndərilməsi: Aşkar edilən pozuntu rəqabət hüququnun deyil, birbaşa cinayət və ya digər inzibati qanunvericiliyin predmetinə aid olduqda materiallar müvafiq qurumlara (məsələn, Prokurorluq orqanlarına) yönləndirilir.
- İcrası məcburi göstəriş verilməsi: Xüsusilə təbii inhisar subyektlərinə münasibətdə bazarda rəqabəti məhdudlaşdıran hərəkətlərin dayandırılması məqsədilə verilir.
- Maliyyə sanksiyalarının tətbiqi: Qanun pozuntusu törətmiş təsərrüfat subyektinə qarşı pul cəriməsi müəyyən edilir.
- Qarışıq sanksiya tətbiqi: Sanksiya və göstərişin eyni anda tətbiqi, yaxud həm sanksiya, həm göstəriş verilməklə materialların digər orqana göndərilməsi barədə qərarlar.
4.2. Rəqabət Orqanı Hansı Hallarda İşə Xitam Verə Bilər?
Təsərrüfat subyektləri işə sanksiyasız xitam verilməsini təmin edən halları bilməkdir. Rəqabət Məcəlləsinə əsasən, aşağıdakı hallarda işə birbaşa xitam verilir:
- Könüllü aradan qaldırma: təsərrüfat subyekti Məcəllənin 77.1-ci maddəsində qeyd olunan pozuntunu (haqsız rəqabət, sazişlər və s.) törətmiş olsa belə, əgər rəsmi iş qaldırılmazdan əvvəl həmin qanun pozuntusunu könüllü surətdə tamamilə aradan qaldırıbsa, işə xitam verilir.
- Sübut yetərsizliyi: İddia olunan rəqabət pozuntusu aparılan icraat zamanı təsdiq olunmadıqda və ya hüquqi sübutlarla əsaslandırılmadıqda.
- İqtisadi faydanın üstün olması: Əgər araşdırılan hərəkət qanunla istisna edilmiş saziş kateqoriyasına düşürsə, yaxud hökmran mövqedən sui-istifadə iddialarında bunun obyektiv zəruriliyi sübut edilirsə, həmçinin təmərküzləşmə zamanı əldə olunan ümumi iqtisadi fayda rəqabətin məhdudlaşmasından yaranan zərərdən çox olduqda.
- Müddətin keçməsi: Qanunla müəyyən edilmiş məsuliyyətə cəlbetmə müddəti keçdikdə.
- Subyektin ləğvi: Pozuntunu törətmiş fiziki şəxs vəfat etdikdə və ya hüquqi şəxs tam ləğv edildikdə. (Vacib xəbərdarlıq: təsərrüfat subyektinin fəaliyyətini müvəqqəti dayandırması və ya VÖEN-in dondurulması ləğv sayılmır, bu halda işə xitam verilmir).
- Subyektin müəyyən edilməməsi: Pozuntunu törədən konkret təsərrüfat subyektini və ya onun hüquqi/faktiki ünvanını müəyyən etmək tamamilə qeyri-mümkün olduqda.
5. Rəqabət Hüququnda Məsuliyyətə Cəlb Etmə Müddətləri
Rəqabət Məcəlləsinin 82-ci maddəsinə əsasən, təsərrüfat subyektlərinin qanun pozuntularına görə məsuliyyətə cəlb edilməsi qanunla müəyyən olunmuş müddətlərlə məhdudlaşdırılır. Bu müddətlərin keçməsi sanksiyaların tətbiqini hüquqi cəhətdən qeyri-mümkün edir.
5.1. Məsuliyyətə Cəlb Etmə Müddətlərinin Bölgüsü
Qanunvericilik pozuntunun xarakterindən asılı olaraq iki əsas müddət müəyyən edir (Maddə 82.1):
- 3 illik müddət: Rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər, hökmran mövqedən sui-istifadə və haqsız rəqabət hərəkətlərinə (Maddə 77.1) görə tətbiq edilir.
- 5 illik müddət: İnformasiya sorğularına yanlış və ya saxta sənəd verilməsi, yoxlamaların keçirilməsinə mane olma və icazəsiz təmərküzləşmə kimi prosedur pozuntularına (Maddə 77.2, 77.3 və 77.6–77.13) görə tətbiq edilir.
5.2. Müddətin Hesablanması Qaydası
Müddətin başlanğıc nöqtəsi qanun pozuntusunun formasına görə fərqlənir (Maddə 82.4):
- Birdəfəlik qanun pozuntularında: Müddət pozuntunun törədildiyi gündən hesablanır.
- Uzanan və davam edən qanun pozuntularında: Müddət qanun pozuntusunun dayandırıldığı tarixdən, dayandırılmadığı halda isə rəqabət orqanı tərəfindən aşkar edildiyi gündən hesablanır.
Rəqabət orqanına rəsmi müraciət daxil olduqda və ya qanun pozuntusu əlamətləri üzrə iş qaldırıldıqda müddətin hesablanması dayanır. Bu qayda icraat prosesi zamanı müddətin başa çataraq cavabdehin məsuliyyətdən yayınmasının qarşısını alır.
5.3. Müqavilələrin etibarsızlığı
Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı sazişlərin və ya müqavilələrin etibarsız hesab edilməsi (etibarsızlığının təsdiq edilməsi) və onun nəticələrinin tətbiq olunması barədə iddialara Rəqabət Məcəlləsinin deyil, Mülki Məcəllənin müvafiq iddia müddətləri tətbiq edilir (Maddə 82.3). Rəqabət orqanı təsərrüfat subyektinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edir (Maddə 82.2).
Əlaqəli yazılar
11 – Rəqabət Hüququnda Dövlət Nəzarət Tədbirləri.
Azad və sağlam rəqabət mühitinin qorunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Təsərrüfat subyektlərinin qanunvericiliyin…
11.01. – Dövlət Nəzarət Tədbirləri: Araşdırma və Yoxlama.
1. Araşdırmanın Başlanması və Hüquqi Əsasları Rəqabət hüququnda dövlət nəzarət tədbirləri çərçivəsində rəqabət orqanı tərəfindən…
11.03 – Rəqabət Hüququnda Müdafiə Strategiyası
Rəqabət hüququnda dövlət nəzarət tədbirləri və ya Rəqabət Komissiyası iş qaldırdığı zaman təsərrüfat subyektlərinin maliyyə…
