Bakı–Tbilisi Sərnişindaşıma Tarifləri: Təbii İnhisarın Qərarları Rəqabət Məcəlləsinin Tələblərinə Uyğundurmu?

You are currently viewing Bakı–Tbilisi Sərnişindaşıma Tarifləri: Təbii İnhisarın Qərarları Rəqabət Məcəlləsinin Tələblərinə Uyğundurmu?

6 illik fasilədən sonra Bakı–Tbilisi qatarı nəhayət bərpa olunur. Sosial şəbəkələrdə böyük maraq doğuran 81 AZN-lik yeni gedişhaqqı isə iqtisadi tərəfi ilə yanaşı, həm də ciddi hüquqi suallar yaradır. Rəqabət Məcəlləsinə görə, təbii inhisar subyekti müştəriyə münasibətdə tətbiq ediləcək qərarları ilə bağlı öncədən rəqabət orqanından rəsmi razılıq almalı idi. Bəs qanunvericilik bu barədə dəqiq nə deyir? Mövzunun hüquqi təhlilini təqdim edirik:

Yeni Və Köhnə Tariflərin Müqayisəsi

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi açıqlamasına əsasən, 26 may 2026-cı il tarixindən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımaları bərpa edilir. Qurumun bəyanatında bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir, yataq tipli vaqonlardan ibarət qatarların hərəkət edəcəyi və minimum gedişhaqqının komfort sinfi üzrə 81 AZN-dən başlayacağı qeyd olunmuşdur.

BakuPost internet portalının məlumatına əsasən isə marşrutun dayandırılmasından əvvəl (2017–2019-cu illər aralığında) tətbiq olunan tariflər əhəmiyyətli dərəcədə fərqli idi:

  • plaskart vaqonlar üçün təxminən 24.54 AZN;
  • kupe üçün 35.32 AZN;
  • SV (lüks) sinfi üçün isə 58.43 AZN.

ADY rəsmi açıqlamasında mövcud qiymətlərin vaqon parkının tamamilə müasirləşdirilməsi və tariflərin Gürcüstan tərəfi ilə hesablaşma əsasında İsveçrə frankının (CHF) manata olan məzənnəsinə indekslənməsi ilə əsaslandırır.

Rəqabət Məcəlləsinin 39.2.1-ci Maddəsinin Mütləq Tələbi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə ADY təbii inhisar subyekti statusuna malikdir. Yeni qəbul edilmiş Rəqabət Məcəlləsi təbii inhisar subyektlərinin istehlakçılarla münasibətlərini şəffaflıq prinsipi əsasında sərt şəkildə tənzimləyir.

Məcəllənin 39.2.1-ci maddəsində rəqabət orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) vəzifələri imperativ (məcburi) qaydada təsbit edilmişdir:

“39.2. Rəqabət orqanı təbii inhisar subyektləri tərəfindən həyata keçirilən aşağıdakı hərəkətlər üzərində nəzarəti həyata keçirir: 39.2.1. təbii inhisar subyektləri tərəfindən məhsulun istehsalı (satışı) üzrə müştərilərə münasibətdə tətbiq edilən hüquqi aktların (qərar, qayda, tələbnamə, reqlament, əmr, göstərişlərin və s.) və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu;”

Məcəllənin 39.3-cü maddəsi isə qeyd olunan hərəkətlərin edilməsinə başlamazdan əvvəl rəqabət orqanından razılıq alınmasını subyekt üçün hüquqi öhdəlik olaraq müəyyən edir.

Məcəllənin 39.2.1-ci maddəsinin tətbiqində hər hansı bir istisnaya yer verilməmişdir. Məcəllənin müddəası fəaliyyətin daxili və ya beynəlxalq xarakterli olmasından, yaxud məhsulun yeni və ya köhnə olmasından asılı olmayaraq, təbii inhisar subyektinin müştəriyə yönəlmiş hər bir hüquqi aktını birbaşa rəqabət orqanının öncədən razılığına tabe edir.

Bir nüansı qeyd etmək zəruridir: dəmir yolu ilə sərnişindaşıma fəaliyyəti özlüyündə birbaşa təbii inhisar sahəsi hesab edilmir. Lakin Məcəllənin 39.2-ci maddəsi fəaliyyət növünə deyil, bilavasitə subyektin hüquqi statusuna bağlanmışdır. Bu səbəbdən, Məcəllənin 39.2-ci maddəsinin tələbləri təbii inhisar subyektinin təbi inhisar hesab edilməyən fəaliyyətinə də şamil edilir.

Reyestrdə Görünməyən ADY??

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin saytında yerləşdirilən Təbii inhisar subyektlərinin razılıq hərəkətləri barədə reyestrdə ADY tərəfindən Bakı–Tbilisi marşrutu üzrə yeni tariflərin təsdiqinə dair hər hansı müraciət yer almamışdır.

Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 537 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, təbii inhisar subyektlərinin rəqabət orqanına müraciətlərinə 30 (otuz) iş günü müddətində baxılır və qərar verilir.

ADY rəqabət orqanından müvafiq razılığı almadan müştərilərə tətbiq ediləcək yeni tarifləri tətbiq etdiyi halda, bu fəaliyyət  Rəqabət Məcəlləsinin 39.2.1 və 39.3-cü maddələrinin tələblərinin pozulması mənasına gələcəkdir.

Nəticə

Beynəlxalq marşrutlar çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlıq zəruri olsa da, təbii inhisar subyektlərinin qərarları rəqabət orqanının nəzarətindən kənarda qala bilməz. Mövzunun aktuallığını nəzərə alaraq, aidiyyəti qurumların məsələyə münasibəti istiqamətində atacağı addımlar ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.