XƏBƏR: 26 may tarixindən etibarən Bakı ilə Tbilisi arasında gündəlik sərnişin qatar əlaqəsi altı illik fasilədən sonra bərpa olunur. Bu barədə Gürcüstan Hökuməti Administrasiyasının məlumat yayıb. Belə ki, bu qərar Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü nəticəsində qəbul edilib. İmzalanan ikitərəfli koordinasiya Şurasının protokolu, həmçinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu hissəsinin tam istifadəyə verilməsini də nəzərdə tutur (daha ətraflı BANKER.AZ).
Rəqabət Hüququ Baxımından Təhlil: Nələr Dəyişir?
Bu mühüm regional xəbər sadəcə nəqliyyat və logistika hadisəsi deyil. Məsələyə rəqabət iqtisadiyyatı və Rəqabət Məcəlləsi nöqteyi-nəzərindən yanaşdıqda, sərnişindaşıma bazarında bir neçə konseptual dəyişikliyin şahidi oluruq:
1.Təbii İnhisarın Coğrafi Sərhədləri
Rəqabət Məcəlləsinin 36.1.4-cü maddəsinə əsasən, magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar sahəsidir. Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli Qərarına əsasən “Azərbaycan Dəmir Yolları” QSC ölkə ərazisində bu sahə üzrə təbii inhisar subyektidir.
Sərnişindaşıma fəaliyyəti təbii inhisar fəaliyyəti sayılmasa da, Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinə görə ADY sərnişindaşıma fəaliyyəti ilə bağlı müştərilərə münasibətdə tətbiq ediləcək qərarlarını rəqabət orqanı ilə razılaşdırmalıdır.
2. Nəqliyyat Növlərarası Rəqabət
Altı illik fasilə dövründə Bakı və Tbilisi arasında sərnişindaşıma əsasən hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi ki, bu da “Azərbaycan Hava Yolları” QSC-nin hökmran mövqeyini gücləndirirdi. Dəmir yolu əlaqəsinin bərpası bazara güclü bir əvəzedici xidmət daxil edir. Dəmir yolu ümumi sərnişindaşıma bazarında hava yolları ilə rəqabətə girərək “nəqliyyat növlərarası rəqabəti” stimullaşdırır.
Nəticə
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətə başlaması sadəcə nəqliyyat infrastrukturunun canlanması deyil. Bu, istehlakçıların sərbəst seçim imkanlarını artıraraq ümumi beynəlxalq sərnişindaşıma bazarında formalaşmış inhisarçı qiymət təzyiqini əhəmiyyətli dərəcədə zəiflədən müsbət və klassik bir rəqabət hadisəsidir.

