Dövlət Agentliyi 4 təbii inhisar subyektinə qarşı araşdırma aparır!

You are currently viewing Dövlət Agentliyi 4 təbii inhisar subyektinə qarşı araşdırma aparır!

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat paylaşıb ki, öz təşəbbüsü ilə aşağıdakı təbii inhisar subyektlərinə qarşı araşdırmaya başlayıb:

  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti;
  • “Regional Su Meliorasiya Xidməti” PHŞ;
  • “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ;
  • “ULTEL” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Araşdırmanın hüquqi əsası Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərindən irəli gəlir. Bu maddənin tələblərinə əsasən, təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rüb bitdikdən sonra növbəti ayın 20-dək rəqabət orqanına təqdim etməlidirlər.

Rəqabət orqanı tərəfindən Rəqabət Məcəlləsinin 39.7-ci maddəsi üzrə başladılan araşdırma iş qaldırılması ilə nəticələndiyi halda, böyük ehtimal işin yekununda Dövlət Agentliyi iş qaldırılan subyektlərin hər birinə sanksiya tətbiq edəcəkdir. Rəqabət Məcəlləsinin 77.7-ci maddəsinə əsasən, sanksiyanın məbləği qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,2 faizini təşkil edir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minib. Rəqabət Məcəlləsinin 37.1-ci və 39.1-ci maddələrinə əsasən, Dövlət Agentliyi təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir.