11 – Rəqabət Hüququnda Dövlət Nəzarət Tədbirləri.

Azad və sağlam rəqabət mühitinin qorunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Təsərrüfat subyektlərinin qanunvericiliyin tələblərinə riayət etməsini təmin etmək məqsədilə rəqabət orqanı müəyyən edilmiş hüquqi mexanizmlərdən istifadə edir. Bu mexanizmlərin əsasını rəqabət hüququnda dövlət nəzarət tədbirləri təşkil edir. Rəqabət Məcəlləsinin tələblərinə əsasən, bu tədbirlər həm pozuntuların qarşısının alınması, həm də mövcud qanun pozuntularının hüquqi müstəvidə araşdırılması məqsədilə həyata keçirilir.

Təsərrüfat subyektləri üçün dövlət nəzarəti prosesinin incəliklərini bilmək kritik əhəmiyyət kəsb edir. Çünki proses zamanı buraxılan kiçik bir prosedur səhvi və ya hüquqların düzgün müdafiə edilməməsi şirkətlər üçün ciddi maliyyə sanksiyaları və işgüzar nüfuz itkisi ilə nəticələnə bilər. Qanunvericiliyə görə, rəqabət orqanı tərəfindən həyata keçirilən rəsmi dövlət nəzarət tədbirləri yalnız qərar əsasında başlana bilər. Qərar olmadan icra edilən hər hansı bir nəzarət hərəkəti hüquqi qüvvəyə malik deyil və təsərrüfat subyektləri bu cür hallarda qərarların qanuniliyini mübahisələndirmək hüququna sahibdirlər.

Rəqabət hüququnda dövlət nəzarət tədbirləri ilə bağlı ən çox qarışdırılan məqamlardan biri nəyin rəsmi tədbir, nəyin isə sadəcə köməkçi vasitə olmasıdır. Qanunvericilik bu bölgünü dəqiq şəkildə müəyyən edir. Rəqabət hüququnda dövlət nəzarət tədbirlərinin yalnız iki növü var:

  1. Araşdırma – təsərrüfat subyektlərinin rəqabət qanunvericiliyini pozması əlamətləri və ya müraciətlər əsasında məlumatların toplanması və hüquqi qiymətləndirilməsi mərhələsidir.
  2. Yoxlama – subyektin fəaliyyətinin, sənədlərinin və faktiki vəziyyətinin yerində və ya sənədlər üzərində birbaşa təftiş edilməsidir.

Vacib Qeyd: rəqabət orqanı tərəfindən tez-tez tətbiq olunan təhlil və monitorinq müstəqil bir dövlət nəzarət tədbiri deyil. Bunlar rəqabət orqanının araşdırma və yoxlama aparmaq üçün istifadə etdiyi köməkçi alətlərdir (vasitələrdir).

Aşağıdakı yol xəritəsi rəqabət hüququnda dövlət nəzarət tədbirləri bələdçimizin tam strukturunu əks etdirir. Hər bir alt başlıq ayrıca və geniş bir hüquqi təlimat olaraq bu giriş yazısına qoşma şəklində əlavə ediləcəkdir.

Dövlət Nəzarəti və İş Qaldırma Prosesinin Yol Xəritəsi

1. Araşdırmanın Başlanması və Hüquqi Əsasları

  • 1.1.Araşdırma üçün qanuni əsaslar nədir? Mediada yer alan məlumatlar, rəqabət orqanının öz daxili monitorinqləri, təhlilləri və yoxlamaları nəticəsində pozuntu aşkar edilməsi, verilmiş göstərişlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması halları.
  • 1.2. Bazar subyektinin müraciəti əsasında araşdırma: Rəqabət Məcəlləsinin 43.5-ci maddəsinə uyğun olaraq bazar subyektinin müraciəti daxil olduqdan sonra rəqabət orqanının qərar qəbul etməsi üçün müəyyən olunmuş 10 iş günü müddətinin tətbiqi qaydaları. Müddətin pozulmasının (məsələn, 11-ci gün qəbul edilən qərarın) qanunazidd olması və dövlət qurumlarından daxil olan məlumatların bu qaydadan istisna təşkil etməsinin izahı.
  • 1.3. İnformasiya sorğularına münasibətdə davranış strategiyası: Rəqabət orqanı vətəndaş müraciəti haqqında qanunvericiliyə əsasən məlumat və ya sənəd tələb etdikdə təsərrüfat subyektinin hüquqi mövqeyi. Artıq və gərəksiz məlumat verməkdən niyə qaçınmaq lazımdır? Məlumatların müəyyən edilən müddətdə çatdırılması mümkün olmadıqda, dərhal əlavə vaxt istənilməsi barədə rəsmi müraciət məktubunun yazılmasının zəruriliyi.

2. Planlı Nəzarət Mexanizmləri: Yoxlama və Monitorinq Fərqi

  • 2.1. Planlı yoxlama prosesi: Hər il dekabrın 1-nə qədər yoxlanılacaq subyektlərin siyahısının dərc edilməsi öhdəliyi. Planlı yoxlamaların yalnız təbii inhisar subyektlərinə və bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinə tətbiq edilməsinin səbəbləri.
  • 2.2. Planlı monitorinq prosesi: Monitorinq aparılacaq müvafiq təsərrüfat siyahısının hər il dekabrın 1-nə qədər dərc edilməsi qaydası. Monitorinqin istənilən təsərrüfat subyektinə şamil oluna bilməsi və rəqabət orqanının bu monitorinqləri əsaslandırması üçün Nazirlər Kabinetinin 528 nömrəli qərarının 3.4-cü və 4.1-ci maddələrinin tələbləri.

3. Araşdırma Prosesinin Mərhələləri və Müddətlər

  • 3.1. İlkin araşdırma müddəti: Araşdırma başladılması barədə qərarın qəbulu və 30 iş günlük ilkin müddət (qərarla daha 30 iş günü artırılma mexanizmi).
  • 3.2. Araşdırmanın yekunu barədə akt: Səlahiyyətli şəxs anlayışı. Aktın yalnız rəqabət orqanının rəhbəri tərəfindən araşdırma aparmaq səlahiyyəti verilmiş şəxs tərəfindən imzalanmasının zəruriliyi (əks halda aktın hüquqi qüvvəsinin olmaması).
  • 3.3. Akt qəbul edildikdən sonra fərqli hüquqi ssenarilər:
    ◦ a) Qanun pozuntusu aşkar edilmədikdə və ya məsuliyyətə vəlb etmə müddəti keçdikdə araşdırmaya xitam verilməsi.
    ◦ b) Rəqabət orqanı tərəfindən əlavə yoxlama aparılması barədə qərar.
    ◦ c) Pozuntu aşkar edildikdə: Rəqabət orqanının rəhbəri tərəfindən 15 iş günü müddətində Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edir.

4. Rəqabət Komissiyasının Yaradılması və İşə Baxılması Proseduru

  • 4.1. Rəqabət komissiyasının formalaşdırılması: Minimum 5 nəfərdən ibarət komissiyanın yaradılması barədə qərar və cavabdehin etiraz bildirmək üçün sahib olduğu ən azı 10 iş günlük müddət hüququ.
  • 4.2. İşə baxılma müddətləri: İlkin 3 aylıq müddət və daxil olan uzadılmalarla birgə ümumi baxılma müddətinin maksimum 9 ayadək artırılması mexanizmi.
  • 4.3. Sübutetmə yükü: İşə baxılması zamanı rəqabət orqanının sübut etməli olduğu kritik hallar: pozuntunun yeri və vaxtı, təqsirkar təsərrüfat subyekti və vəzifəli şəxslər, təqsirin dərəcəsi və qanunsuz gəlir müəyyən olunduqda onun dəqiq məbləği.

5. Komissiyanın Yekun Qərarları və İşə Xitam Verilməsi Halları

  • 5.1. Komissiya tərəfindən qəbul edilən qərarların növləri: İşə xitam verilməsi, işin dayandırılması (məhkəmə prosesləri, ekspertiza zərurəti, yerində yoxlama və sorğu halları), işin təxirə salınması, digər orqana göndərilməsi, göstəriş verilməsi (təbii inhisar subyektlərinə münasibətdə) və sanksiya növləri.
  • 5.2. Hansı hallarda işə xitam verilə bilər? Qanun pozuntusunun iş qaldırılmazdan əvvəl könüllü aradan qaldırılması (Məcəllənin 77.1-ci maddəsi), pozuntunun sübuta yetirilməməsi, istisna edilmiş sazişlərin olması və ya hökmran mövqenin obyektiv zəruriliyinin təsdiqi, məsuliyyətə cəlb etmə müddəti keçdikdə.
  • 5.3. Məsuliyyətə cəlb etmə müddətləri: Məcəllənin 77.1-ci maddəsindəki pozuntular üçün 3 il, digər maddələr (77.2, 77.3 və 77.6–77.13) üçün müəyyən edilmiş 5 illik iddia müddəti. Fiziki şəxsin vəfatı, hüquqi şəxsin tam ləğvi və ya subyektin yerini müəyyən etməyin qeyri-mümkünlüyü səbəbindən xitam qaydaları.

6. Sazişlər və Uyğunlaşdırılmış Hərəkətlərin Araşdırılması Xüsusiyyətləri

  • 6.1. Sazişlərin isbatı və Məcəllənin 43.8-ci maddəsi: Saziş aşkar edilmədikdə araşdırmanın qeyri-mümkünlüyü, işin mütləq istisna edilmiş saziş prinsipləri ilə əsaslandırılması strategiyası.
  • 6.2. Uyğunlaşdırılmış hərəkətlər üzrə iş açılmasının çətinlikləri: İş başlamaq üçün Məcəllənin 11.1-ci maddəsində yazılan hallardan ən azı birinin aşkar edilməsinin məcburiliyi.

7. Cavabdeh Təsərrüfat Subyektləri üçün İclas və Müdafiə Strategiyası

  • 7.1. Araşdırma və iş qaldırma zamanı ilkin addımlar: Pozuntu varsa, onun dərhal və ya ən gənişi iş qaldırılana qədər aradan qaldırılması (lakin bu barədə rəqabət orqanına qabaqcadan məlumat verməməyin səbəbləri). Komissiya üzvlərinin qanuni tələblərə uyğunluğunun yoxlanılması.
  • 7.2. İclas zamanı reqlamentə nəzarət: Komissiya sədrinin izah etdiyi reqlamentin qeydə alınması və kənaraçıxmalara dərhal rəsmi etiraz edilməsi.
  • 7.3. Sənədlərin təftişi və gizlilik tələbi: İş qaldırma barədə qərarda yazılmayan hər hansı sənəd və ya təhlildən bəhs edilərsə, ona baxılmasını tələb etmək hüququ. Kommersiya sirlərini qorumaq üçün iclasın mütləq qapalı keçirilməsini tələb etməyin praktiki əhəmiyyəti.