Giriş
Azərbaycanın maliyyə və pərakəndə satış bazarında diqqətçəkən bir satınalma baş tutub. Yerli mətbuatın məlumatına görə, ölkənin ən böyük elektronika mağazaları şəbəkələrindən biri olan “Baku Electronics” MMC əsasən istehlak kreditləri verən “TCF” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-ni satın alıb. Məlumata əsasən, bu yaxınlara qədər fiziki şəxsə məxsus olan səhmlərin 100%-i “Baku Electronics”ə ötürülüb.
Bəs nəhəng bir pərakəndə satış şəbəkəsinin özünün şəxsi kredit təşkilatını alması rəqabət hüququ prizmasından nə anlama gəlir? Bu cür sövdələşmələr üçün dövlətdən razılıq alınması zəruridirmi? reqabet.az olaraq məsələnin hüquqi və iqtisadi tərəflərini təhlil edirik.
Rəqabət hüququnda təmərküzləşmə nədir?
Bir təsərrüfat subyektinin digərini satın alaraq və ya onunla birləşərək bazarda daha da böyüməsi hüquqda təmərküzləşmə adlanır. “Baku Electronics” (pərakəndə satış bazarı) və “TCF” BOKT (maliyyə bazarı) arasındakı bu sövdələşmə eyni bazarda deyil, fərqli, lakin bir-birini tamamlayan bazarlardakı subyektlərin birləşməsini ehtiva etdiyi üçün klassik bir “konqlomerat təmərküzləşmə” halıdır.
Bu cür birləşmələr təsərrüfat subyektlərinə öz ekosistemlərini yaratmaq imkanı verir. Elektronika şəbəkəsi artıq müştərilərinə kredit vermək üçün kənar banklara və ya BOKT-lara möhtac qalmır, maliyyələşməni birbaşa öz daxili resursları ilə həyata keçirir. Lakin bu cür “qapalı ekosistemlərin” yaradılması rəqabət mühiti üçün müəyyən risklər formalaşdırır.
Niyə Antiinhisar Orqanından razılıq alınmalıdır?
Təsərrüfat subyektlərinin birləşməsi rəqabəti məhdudlaşdıra və ya inhisarçılıq meyillərini gücləndirə bilər. Dövlət (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) məhz bu riskləri öncədən sığortalamaq üçün təmərküzləşmələri nəzarətdə saxlayır.
Pərakəndə satış şəbəkəsinin kredit təşkilatına sahib olması bazarda aşağıdakı riskləri yarada bilər:
- Öz maliyyə qurumu olmayan digər kiçik elektronika mağazaları kreditli satışlarda rəqabət apara bilməyərək bazardan sıxışdırıla bilər.
- Şirkət sərfəli kredit şərtlərini və ya faizsiz taksit imkanlarını yalnız öz mağazalarından alınan məhsullar üçün tətbiq edərək alıcıları öz şəbəkəsinə “bağlaya” bilər.
Məhz bu səbəbdən dövlət müdaxilə edərək yoxlayır ki, “bu alqı-satqı qüvvəyə minsə, bazarda rəqabət məhdudlaşdırılmayacaq?”
Qanunvericiliyin tələbləri: Nəzarət Mexanizmi
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə əsasən, şirkətlər istədikləri vaxt sərbəst şəkildə birləşə bilməzlər. Əgər təmərküzləşmədə iştirak edən tərəflərin dövriyyələri Rəqabət Məcəlləsində müəyyən edilmiş maliyyə həddini aşırsa, müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən razılıq alınması məcburidir.
Mövcud məlumatlara nəzər salaq:
- “TCF” BOKT-nin rəsmi saytında yayımlanan 2025-ci il tarixli maliyyə hesabatına əsasən, təşkilatın yalnız faiz və komissiya gəlirləri 2,066,211 manat təşkil edib. Eyni zamanda, BOKT-nin aktivləri 7.19 milyon manat həcmindədir.
- Digər tərəfdən, “Baku Electronics” hazırda ölkə üzrə 24 mağazası olan və 60-dan çox qlobal brendin rəsmi distribyutoru kimi çıxış edən nəhəng pərakəndə satış şəbəkəsidir. Şirkətin maliyyə hesabatları ictimaiyyətə açıq olmasa da, kifayət qədər böyük ticarət dövriyyəsinə malik olduğu məlumdur.
Rəqabət Məcəlləsinin tələblərinə əsasən, əgər bu təmərküzləşmədə iştirak edən tərəflərin maliyyə göstəricililəri qanunvericilikdə nəzərdə tutulmuş nəzarət hədlərindən yüksəkdirsə, o zaman bu satınalmanın hüquqi baxımdan tam etibarlı olması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən əvvəlcədən rəsmi razılıq alınmalıdır.
Növbəti addım nə olacaq?
Beləliklə, “Baku Electronics”in bu strateji gedişi təkcə sıradan bir biznes xəbəri deyil, həm də ölkədə rəqabət qaydalarının və təmərküzləşmə mexanizmlərinin necə işlədiyini müşahidə etmək üçün mühüm bir prosesdir.
Reqabet.az platforması olaraq məsələni diqqətdə saxlayacağıq. Bu satınalma ilə bağlı rəsmi mövqeni öyrənmək, eləcə də təmərküzləşməyə razılıq üçün müraciət edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agrntliyinə rəsmi sorğu göndərəcəyik. Rəsmi qurumdan gələn cavabı və prosesin sonrakı gedişatını oxucularımızla bölüşəcəyik. Bizi izləməyə davam edin!
İstinad olunmuş mənbələr:
- Azərbaycan Respublikası Rəqabət Məcəlləsi
- Banker.az – Xəbərlər
- “TCF BOKT” ASC-nin 2025-ci il tarixli Mənfəət və zərər haqqında hesabatı.

