06 – Oyunlar Nəzəriyyəsi və Məhbus Dilemması

You are currently viewing 06 – Oyunlar Nəzəriyyəsi və Məhbus Dilemması

Oyunlar Nəzəriyyəsi və Məhbus Dilemması: Şirkətlər Niyə Razılığa Gələ Bilmir ?

Giriş

Bazarda yalnız bir neçə böyük oyunçunun fəaliyyət göstərdiyi hallarda, yəni oliqopol bazar strukturu mövcud olduqda təsərrüfat subyektlərinin verdiyi qərarlar heç vaxt müstəqil olmur. Bir təsərrüfat subyektlərinin qiymət endirməsi, istehsal həcmini artırması və ya bazara yeni məhsul çıxarması dərhal rəqiblərin reaksiyasına səbəb olur. Məhz bu qarşılıqlı asılılıq oliqopol bazarları digər bazar növlərindən fərqləndirir.

Bu cür strateji davranışları anlamaq üçün iqtisadiyyat və rəqabət hüququnda tez-tez oyunlar nəzəriyyəsinə (game theory) müraciət edilir. Oliqopolist bazarlarda təsərrüfat subyektlərinin davranış məntiqini izah edən əsas analitik alətlərdən biri oyunlar nəzəriyyəsidir.

Oyunlar nəzəriyyəsi nədir?

İştirakçıların (oyunçuların) qərarlarının bir-birinə təsir etdiyi vəziyyətləri öyrənən riyazi və iqtisadi analiz metodu oyunlar nəzəriyyəsi hesab edilir. Bu nəzəriyyə yalnız iqtisadiyyatda deyil, eyni zamanda rəqabət hüququnda da tətbiq olunur.

Oliqopol bazarlarda oyunlar nəzəriyyəsinin rolu xüsusilə böyükdür. Çünki bu bazarlarda:

  • Şirkətlərin sayı azdır
  • Hər bir şirkət bazarda mühüm paya malikdir
  • Qiymət və istehsal qərarları rəqiblərin reaksiyasından asılıdır

Məsələn, bir şirkət qiyməti aşağı salmaq qərarı verərkən öz xərclərini deyil, eyni zamanda rəqibin buna necə cavab verəcəyini də əvvəlcədən hesablamaq məcburiyyətindədir. Əks halda, başlanılan “qiymət müharibəsi” bütün bazar iştirakçıları üçün zərərli nəticələr doğura bilər.

Məhbus dilemması.

Oliqopol bazarların ən klassik və ən çox müzakirə edilən problemlərindən biri əməkdaşlıq və xəyanət dilemmasıdır. Bu vəziyyət oyunlar nəzəriyyəsində məşhur olan Məhbus dilemması (Prisoner’s Dilemma) modeli ilə izah edilir.

Sadə izah

İki məhbus eyni cinayətdə şübhəli bilinir və ayrı-ayrı dindirilmə olunur. Onların bir-biri ilə əlaqə saxlamaq imkanı yoxdur. Hər birinin iki seçimi var:

  • Susmaq (digər cinayətkar ilə əməkdaşlıq etmək)
  • Öz törətdiyi cinayəti etiraf etmək, digər cinayətkarın törətdiyi cinayəti ifşa etmək (xəyanət etmək)

Nəticələr

VəziyyətMəhbus AMəhbus B
Hər ikisi susur1 il1 il
A etiraf edir, B susur0 il5 il
A susur, B etiraf edir5 il0 il
Hər ikisi etiraf edir3 il3 il

Paradoks haradadır?

  • Rasional fərdi seçim: etiraf etmək (çünki qarşı tərəfin nə edəcəyini bilmirsən).
  • Ən yaxşı ümumi nəticə: hər ikisinin susması.

Amma qorxu və etimadsızlıq səbəbindən hər iki məhbus, bu seçim qarşısında adətən etiraf edir və nəticədə hər ikisi üçün daha pis nəticə yaranır.

Məhbus dilemmasının rəqabət hüququnda tətbiqi:

Əməkdaşlıq. İki və ya daha çox rəqib təsərrüfat subyekti aşağıdakı qaydada razılaşsa, hər biri qısa müddətdə maksimum mənfəət əldə edə bilər:

  • Qiymətləri yüksək səviyyədə saxlayır
  • Bazarı və ya müştəriləri bölüşdürür
  • Rəqabəti süni şəkildə məhdudlaşdırır

Xəyanət (razılaşmanı pozma). Problem ondadır ki, kartel daxilində hər bir iştirakçının fərdi marağı onu xəyanətə sövq edir. Təsərrüfat subyektlərindən biri:

Gizlicə qiyməti bir qədər aşağı salaraq, daha çox müştəri cəlb edə və qısa müddətdə rəqiblərindən daha çox qazanc əldə edə bilər.

Bu davranış digər təsərrüfat subyektləri üçün ciddi risk yaradır.

Nəticə: Naş tarazlığı

Hər iki tərəf rəqibinin onu aldadacağından ehtiyat etdiyi üçün, nəticədə hər iki tərəf eyni vaxtda qiymətləri aşağı salır, kartel dağılır və potensial yüksək mənfəət itirilir.

Bu vəziyyət naş tarazlığı (nash equilibrium) adlanır. Naş tarazlığında heç bir iştirakçı təkbaşına qərarını dəyişməklə daha yaxşı nəticə əldə edə bilmir, baxmayaraq ki, kollektiv əməkdaşlıq hər kəs üçün daha sərfəli olardı.

Oyunlar nəzəriyyəsinin rəqabət hüququ baxımından əhəmiyyəti

Məhbus dilemması modeli rəqabət hüququnun əsas məntiqini izah edir. Dövlətin və rəqabət orqanlarının kartelləri qadağan etməsinin səbəbi məhz budur:

  • Kartellər istehlakçı rifahını azaldır
  • Qiymətlərin süni artımına səbəb olur
  • Bazarda səmərəli rəqabəti məhdudlaşdırır

Bu səbəbdən leniency proqramları (etiraf mexanizmləri) tətbiq edilir, yəni üzvü olduğu kartel barədə rəqabət orqanına məlumat verən və qanun pozuntusunun açılmasında kpməklik göstərən təsərrüfat subyekti kartel iştirakçısı olmaqla qanunu pozduğuna görə məsuliyyətdən azad edilir. Bu səbəbdən də şirkətlər bir-birinə etibar etmir və kartellər daha tez ifşa olunur.

Nəticə

Oliqopol bazarlarda şirkətlərin davranışı sadəcə iqtisadi deyil, eyni zamanda strateji və psixoloji xarakter daşıyır. Oyunlar nəzəriyyəsi, xüsusilə də məhbus dilemması və naş tarazlığı, bu davranışların arxasındakı məntiqi anlamağa imkan verir. Rəqabət hüququnun əsas prinsipləri də məhz bu nəzəri çərçivə üzərində qurulmuşdur.