Giriş
Rəqabət Məcəlləsinin ümumi müddəaları bütün iqtisadiyyat üçün təməl çərçivə müəyyən etsə də, maliyyə bazarlarının özünəməxsus strukturu bazar payının ölçülməsində spesifik yanaşma tələb edir. Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 530 nömrəli Qərarı bu sahədə boşluqları dolduraraq banklardan sığorta brokerlərinə qədər bütün maliyyə subyektləri üçün dəqiq kəmiyyət meyarları təyin etmişdir.
1. Bazar payı necə hesablanır? (Kəmiyyət meyarları)
Maliyyə institutları üçün bazar payı məhsulların sayı ilə deyil, göstərilən xidmətin maliyyə həcmi və gəlirlərlə ölçülür. Qərara əsasən, fərqli fəaliyyət sahələri üçün aşağıdakı bazis göstəriciləri əsas götürülür:
- Kredit təşkilatları (Banklar, BOKT-lar və Kredit ittifaqları): Sonuncu hesabat ilində əldə edilmiş faiz və qeyri-faiz gəlirlərinin cəmi;
- Sığortaçılar: Son hesabat ilində əldə edilmiş sığorta haqları (həyat və qeyri-həyat sığorta sahələri üzrə ayrı-ayrılıqda);
- Sığorta brokerləri və agentləri: Komisyon haqları (brokerlik və agentlik fəaliyyətindən əldə edilmiş gəlirlər);
- İnvestisiya şirkətləri: Fond birjasındakı ticarət dövriyyəsinin həcmi;
- İnvestisiya fondları: İdarə olunan aktivlərin həcmi;
- Bank olmayan ödəniş xidməti təchizatçıları: Ödəniş xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərin həcmi;
- Klirinq təşkilatları: Klirinq əməliyyatlarının həcmi;
- Valyuta mübadilə məntəqələri: Aparılan mübadilə əməliyyatlarının cəmi həcmi.
1.1. Mühüm nüans: Müvafiq bazarın sərhədləri və seqmentasiya
Maliyyə institutları tərəfindən bazar payını qiymətləndirərkən ən çox yol verilən yanlışlıq onu ümumi maliyyə sektorunun məcmu dövriyyəsi ilə müqayisə etməkdir. Rəqabət hüququnda “müvafiq bazar” anlayışı olduqca dar və spesifikdir. Bazarın genişliyi deyil, məhsulun təyinatı və əvəzedicilik qabiliyyəti əsas götürülməlidir.
Məsələn, nağd pul istehlak kreditləri bazarı ilə nağd pul biznes kreditləri bazarı tamamilə fərqli müvafiq bazarlar hesab olunur. İstehlakçının hədəfləri və risk profili fərqli olduğu üçün bu iki məhsul bir-birini əvəz etmir. Rəqabət hüququnda buna məhsulun tələb əvəzediciliyinin olmaması deyilir. Nəticə etibarilə, bir bank nağd pul istehlak kreditləri bazarında hökmran mövqedə ola bilər, lakin eyni zamanda biznes kreditləri bazarında cüzi paya sahib ola bilər.
Bir başqa misal: səyahət sığortası məhsulu ilə daşınmaz əmlakın sığortası məhsulu eyni müvafiq bazara aid deyil. Bu məhsullar bir-birini əvəz etmir, çünki onların təyinatı və risk profili tamamilə fərqlidir. Rəqabət orqanı səyahət sığortası bazarını araşdırırsa, konkret olaraq səyahət sığortası üzrə sığorta təşkilatlarının əldə etdiyi sığorta haqlarını nəzərə alacaq.
Bazar payı hesablanarkən gəlirlər yalnız müvafiq bazar üzrə müqayisə edilməlidir.
2. Maliyyə institutlarının hökmran mövqe hədləri
Maliyyə sektorunda hökmranlıq statusu iki formada müəyyən edilir:
- Təkbaşına hökmranlıq: Bir maliyyə institutu müvafiq bazarda 50% və ya daha çox bazar payına malik olduqda.
- Birgə hökmranlıq: Koordinasiyalı hərəkətlər (birbaşa və ya dolayısı ilə) nəticəsində hər birinin payı 10%-dən çox olan subyektlər aşağıdakı hallarda birgə hökmran sayılırlar:
- 2 subyektin birgə bazar payı 50%-dən çox olduqda.
- 3 və ya 4 subyektin birgə bazar payı 70%-dən çox olduqda.
3. Rəqabət Orqanı və Mərkəzi Bank
Maliyyə bazarlarında rəqabətin təhlili kompleks yanaşma tələb edir. Qərara əsasən, subyektlərin hərəkətlərinin birbaşa və ya dolayı yolla “birgə xarakter” daşıması (məsələn, birgə hökmranlığın müəyyən edilməsi zamanı) Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla rəqabət orqanı tərəfindən müəyyən edilir. Bu, maliyyə sabitliyi ilə bazar rəqabəti arasında zəruri koordinasiyanı təmin edir.
Yekun
Maliyyə institutları üçün müəyyən edilmiş bu meyarlar rəqabət risklərini daha ölçülə bilən edir. Bazar iştirakçıları öz mövqelərini qiymətləndirərkən yalnız ümumi dövriyyəyə deyil, məhz hədəf seçdikləri “müvafiq bazar” seqmentindəki xüsusi çəkilərinə diqqət yetirməlidirlər.
İstifadə edilmiş mənbələr:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 530 nömrəli Qərarı;
- Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi (Maddə 15.3);
- Rəqabət Terminlərinin İzahlı Lüğəti (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, II nəşr, 2024).
