Giriş
Müasir iqtisadiyyatda bir çox iri şirkətlər şaquli inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Yəni, bir təsərrüfat subyekti həm xammalı istehsal edir, həm də həmin xammaldan istifadə edərək son məhsulu istehlakçıya satır. Belə bir strukturda şirkət həm öz rəqiblərinə xammal satan təchizatçı, həm də eyni bazarda onlarla rəqabət aparan tərəfdir. Bu ikitərəfli mövqe “marja sıxışdırılması” (qiymət sıxışdırması) adlanan sui-istifadə halına zəmin yaradır.
1. Təchizat zəncirinin sütunları: Üst bazar və Alt bazar nədir?
Marja sıxışdırılması mexanizmini daha yaxşı başa düşmək üçün təchizat zəncirinin iki təməl mərhələsini tanımaq vacibdir:
- Üst bazar (Upstream): İstehsal və ya paylama zəncirindən bir addım qabaqda olan bazardır. O, istehsalın müxtəlif mərhələlərində, xüsusən də şaquli inteqrasiya olunmuş təchizat zəncirlərində xammal və ya resurs bazarını təsvir edir. Məsələn, xammalın istehsalı və satışı təcrübədə üst bazar kimi xarakterizə olunur.
- Alt bazar (Downstream): İstehsal və paylama zəncirində növbəti addımda olan bazardır. Məsələn, motorlu nəqliyyat vasitələrinin satışı avtomobil istehsalına nəzərən alt bazar sayılır.

2. Marja sıxışdırılmasının mahiyyəti
Marja sıxışdırılması üst bazarda hökmran mövqeyə malik təsərrüfat subyektinin alt bazarda rəqabəti məhdudlaşdırmaq üçün tətbiq etdiyi qiymət strategiyasıdır.
İnhisarçı subyekt şaquli inteqrasiya olunmuş struktura malik olduğu üçün rəqibini aşağıdakı iki yolla məhdudiyyət yaradır:
- Üst bazarda (Xərc tərəfi): İnhisarçı subyekt rəqibinin istehsal üçün möhtac olduğu xammalın və ya infrastrukturun qiymətini qaldırır. Bununla da rəqibin xərcləri süni şəkildə artır.
- Alt bazarda (Gəlir tərəfi): Eyni zamanda, inhisarçı subyekt son məhsulun satış qiymətini elə aşağı salır ki, rəqib bu qiymətlə rəqabət apara bilməsin.
Bu strategiyanın məqsədi alt bazarda eyni dərəcədə təsirli rəqibin belə rentabelli (mənfəətli) fəaliyyət göstərməsinə maneə yaratmaq və bazara giriş maneələri yaratmaqdır.
3. “Eyni dərəcədə səmərəli rəqib” (AEC) testi
Beynəlxalq praktikada marja sıxışdırılmasını təsbit etmək üçün “eyni dərəcədə səmərəli rəqib” (As Efficient Competitor) testindən istifadə olunur. Bu test inhisarçı subyektin öz rəqiblərinə tətbiq etdiyi xammal qiymətləri ilə özünün tətbiq etdiyi pərakəndə satış qiymətləri arasındakı fərqin (marjanın), həmin subyektin özünün alt bazardakı xərclərini ödəyib-ödəmədiyini yoxlayır.
Əsas sual budur: Əgər inhisarçı subyekt özü rəqibinin yerində olsaydı, bu qiymətlərlə zərərdən çıxa bilərdimi ?
AEC testinin nəticəsində inhisarçı subyektin özünün də zərərdən çıxa bilməyəcəyi aşkar olunsa, tərbiq edilən qiymətlər sui-istifadə halı kimi tövsif olunur.
4. Rəqabət Məcəlləsində hüquqi əsaslar
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 1.1.22-ci maddəsinə əsasən, bazarın ümumi tələblərindən asılı olmadan hökmran mövqe tutmuş təsərrüfat subyekti tərəfindən rəqabətin məhdudlaşdırılması məqsədilə qiymətlərin azaldılması, bir səviyyədə saxlanılması və ya yüksəldilməsi qiymət manipulyasiyası hesab edilir. Rəqabət Məcəlləsi bu cür halları hökmran mövqedən sui-istifadə kimi qadağan edir.
Marja sıxışdırılması zamanı subyekt eyni vaxtda həm yuxarı inhisar qiymətini (xammal üçün), həm də aşağı inhisar qiymətini (son məhsul üçün) tətbiq edərək rəqabəti məhdudlaşdırır.
5. Praktiki misal: Telekommunikasiya sektoru
Bu sui-istifadə halına ən çox infrastruktur inhisarının olduğu sahələrdə rast gəlinir. Təsəvvür edin ki, “A” şirkəti ölkədəki bütün internet kabellərinin (infrastrukturun) sahibidir (Üst bazar). O, provayder olan “B” şirkətinə bu infrastrukturdan istifadəni ayda 10 manata satır. Eyni zamanda, “A” şirkəti özü də son istehlakçılara interneti 11 manata təklif edir (Alt bazar).
Əgər “B” şirkətinin texniki xərcləri və işçi maaşları abunəçi başına 2 manatdırsa, o, interneti ən azı 12 manata satmalıdır. Lakin infrastruktur sahibi olan “A” şirkəti 11 manata satdıqca, “B” şirkəti bu iki qiymət arasında sıxılaraq bazarı tərk etməyə məcbur olur.
Yekun
Marja sıxışdırılması rəqabət orqanları üçün araşdırma tələb edən bir haldır. Bu strategiya kənardan istehlakçı üçün müvəqqəti “ucuzluq” kimi görünsə də, əslində rəqabəti uzunmüddətli dövrdə məhv edərək gələcəkdə qiymətlərin daha yüksək həddə qalxmasına və bazarın inhisarlaşmasına xidmət edir.
İstifadə edilmiş mənbələr:
- Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi.
- Rəqabət Terminlərinin İzahlı Lüğəti (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, II nəşr, 2024)
