Giriş
Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsi iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilmədiyini bəyan edir. Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və Nazirlər Kabinetinin rəqabət hüququ ilə bağlı qəbul etdiyi qaydalar mülki dövriyyədə müqavilə sərbəstliyinin rəqabət hüququ çərçivəsində tənzimlənməsi zərurətini yaradır.
Təchizat, distribütorluq, xidmət və ya əməkdaşlıq müqavilələri hazırlayarkən rəqabət qanunvericiliyinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Əks halda, müqavilə şərtləri etibarsız sayıla və ciddi maliyyə sanksiyaları tətbiq edilə bilər. Mülki müqavilələrdə diqqət yetirilməli olan əsas istiqamətlər aşağıdakılardır:
1. Qiymət və Ərazi Məhdudiyyətləri (Şaquli və Üfüqi Sazişlər)
Müqavilələrdə tərəflərin bir-birinə qiymət və ya fəaliyyət coğrafiyası diktə etməsi hüquqi risk yaradan əsas məsələlərdəndir. Nazirlər Kabinetinin 64 nömrəli Qərarına (Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması barədə meyarlar) əsasən, bu məsələlərdə dəqiq hüquqi sərhədlər mövcuddur.
1.1. İcazə verilən (və ya risk təşkil etməyən) şərtlər:
- Tövsiyə edilən və ya maksimum qiymətlər: Təchizatçının distribütora “Tövsiyə edilən pərakəndə satış qiyməti” (MSRP) və ya “Maksimum satış qiyməti” təqdim etməsi qanunidir. Lakin müqavilədə mütləq şəkildə qeyd olunmalıdır ki, bu qiymətlər məcburi deyil və alıcı/distribütor öz qiymət siyasətini formalaşdırmaqda tam sərbəstdir. Təcrübədə tövsiyə edilən qiymətin “gizli” minimum qiymətə çevrilməməsinə diqqət yetirilməlidir.
1.2. Qadağan olunan şərtlər:
- Təkrar satış qiymətinin saxlanması (RPM – Resale Price Maintenance): Şaquli sazişlərdə məhsulun minimum və ya sabit hansı qiymətə satılacağının diktə edilməsi birbaşa qanun pozuntusudur.
- Üfüqi bazarların bölünməsi: yəni üfüqi sazişlərdə “bu regionda yalnız mən satacam, digər regionda sən” və ya “dövlət satınalmalarına mən girəcəm, özəl sektora sən” şəklində müştəri və ərazi bölgüsü klassik kartel razılaşmasıdır və qadağandır.
2. Eksklüzivlik və Rəqabət etməmə öhdəliyi (Non-Compete): Nəyə İcazə Var, Nə Qadağandır?
Distribütorluq və agent müqavilələrində eksklüzivlik şərtləri tərəflərin investisiyalarını qorumaq üçün vacibdir. Lakin Rəqabət Məcəlləsi və Nazirlər Kabinetinin 65 nömrəli Qərarı (İstisna edilmiş sazişlər) bu məhdudiyyətlərin “sərhədlərini” dəqiq müəyyən edir.
2.1. İcazə verilən şərtlər:
- Aktiv satışların məhdudlaşdırılması: Təchizatçı bir distribütora müəyyən ərazi verib, digər distribütorların həmin ərazidə aktiv reklam və marketinq (aktiv satış) etməsini qadağan edə bilər. Bu, eksklüziv distribütorun fəaliyyətini stimullaşdırmaq üçün qanunidir.
- Nou-hau və ticarət sirrinin qorunması: Franşiza (Françayzinq) müqavilələrində texnologiyanın və ya biznes modelin qorunması məqsədilə rəqabətəgirməmə öhdəliyi müqavilə müddətində məqbul sayılır.
- Alıcının ehtiyaclarının böyük qisminin təmin edilməsi: Müəyyən həcmdə (məsələn, ehtiyacın 70-80%-i qədər) məhsulun yalnız bir təchizatçıdan alınması öhdəliyi, əgər bazarın girişini tam bağlamırsa, səmərəlilik meyarı ilə əsaslandırıla bilər.
2.2. Qadağan olunan şərtlər:
- Passiv satışların qadağan edilməsi: Distribütorun eksklüziv ərazisindən kənarda olan, lakin öz təşəbbüsü ilə gələn müştəriyə (məsələn, veb-sayt vasitəsilə) məhsul satmasını qadağan etmək birbaşa qanun pozuntusudur.
- Müqavilə bitdikdən sonra uzunmüddətli qadağalar: Müqaviləyə xitam verildikdən sonra alıcının və ya distribütorun bazarda fəaliyyət göstərməsini (non-compete) qeyri-müəyyən və ya həddindən artıq uzun müddətə qadağan etmək hüquqi cəhətdən etibarsızdır.
3. Subyekt Hökmran Mövqedədirsə, Müqavilədə Nələrə Diqqət Etməlidir?
Əgər təsərrüfat subyekti müvafiq bazarda hökmran mövqedədirsə (və ya maliyyə institutudursa), onun üzərinə xüsusi məsuliyyət düşür. Hökmran mövqedə olan subyekt müqavilə bağlayarkən təkcə “bağlı satışlar” (tied-selling) məsələsinə deyil, bir neçə kritik davranışa diqqət etməlidir:
- Ayrı-seçkilik (Qiymət və Şərtlərin Diskriminasiyası): Hökmran mövqedə olan subyekt eyni vəziyyətdə olan iki fərqli müştəriyə/tərəfdaşa əsaslı obyektiv səbəb olmadan fərqli qiymətlər və ya müqavilə şərtləri tətbiq edə bilməz. Bu, rəqiblərdən birini digərinə nisbətdə haqsız rəqabət üstünlüyündən məhrum edir.
- Sadiqlik endirimləri (Loyalty/Fidelity Rebates): Hökmran mövqedə olan şirkətin müqaviləyə “bütün ehtiyacını (və ya 90%-ni) məndən alsan sənə ilin sonunda xüsusi bonus/endirim verəcəyəm” şərti əlavə etməsi rəqabəti məhdudlaşdıran hal kimi qiymətləndirilə bilər. Bu, digər rəqiblərin bazara daxil olmasını (foreclosure effect) süni şəkildə əngəlləyir. Güzəştlər yalnız real iqtisadi qənaətə (məsələn, böyük həcmli logistika qənaətinə) əsaslanmalıdır.
- Əsassız imtina (Refusal to Deal): Hökmran mövqedə olan şirkət öz köhnə tərəfdaşı ilə müqaviləni yeniləməkdən və ya yeni bir şirkətlə müqavilə bağlamaqdan heç bir obyektiv səbəb olmadan imtina edə bilməz. (Qeyd: İmtinanın obyektiv zəruriliyi və səmərəliliyi bilavasitə Nazirlər Kabinetinin 531 nömrəli Qərarında göstərilmiş meyarlarla qiymətləndirilir).
- Qeyri-mütənasib cərimə və sanksiyalar: Asimmetrik gücə malik olan subyektin müqavilədə qarşı tərəfə hədsiz ağır cərimələr, asan birtərəfli ləğv hüquqları qoyması hökmran mövqedən sui-istifadə kimi qiymətləndirilə bilər.
4. Təbii İnhisar Subyektləri Müqavilə Bağlayarkən Nələrə Riayət Etmələri Zəruridir?
Təbii inhisar subyektləri bazarın tamamilə spesifik iştirakçılarıdır. Onların alternativi olmadığı üçün mülki dövriyyədəki müqavilə sərbəstliyi kəskin şəkildə məhdudlaşdırılır. Aşağıdakı məcburi qaydalara əməl edilməlidir:
- Tənzimlənən Qiymətlərə (Tariflərə) Ciddi Riayət: Təbii inhisar xidmətlərinin qiyməti Nazirlər Kabinetinin 178 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən tənzimlənir. Müqavilədə hər hansı “əlavə xidmət” adı altında gizli qiymət artımına (və ya qeyri-qanuni xidmət haqqına) yol verilə bilməz.
- İnfrastruktura Bərabər Çıxış (Essential Facilities Doctrine): Təbii inhisarçı öz infrastrukturundan istifadə etmək istəyən şəxslərə (əgər texniki imkan varsa) müqavilə bağlamaqdan imtina edə bilməz. Şərtlər hamı üçün bərabər, şəffaf və ayrı-seçkiliyə yol verilmədən tətbiq olunmalıdır.
- Süni Məhdudiyyətlərin Yaradılmaması: İstehlakçının və ya təsərrüfat subyektinin şəbəkəyə qoşulması üçün müqavilədə inhisarçı tərəfindən irəli sürülən texniki şərtlər süni surətdə ağırlaşdırılmamalıdır.
- Təmərküzləşmə Üçün İcazə Alma Öhdəliyi: Nazirlər Kabinetinin 537 nömrəli Qərarına əsasən, təbii inhisar subyektləri əsas fəaliyyət sahələrindən kənara çıxan müəyyən struktur dəyişiklikləri (məsələn, başqa bir şirkətin səhmlərini və ya paylarını əldə etmək, qoşulmaq) ilə bağlı Rəqabət orqanına müraciət edərək əvvəlcədən razılıq almalıdırlar.
- Rəqabət Orqanının Razılığının Alınması: Rəqabət Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, təbii inhisar subyektləri tərəfindən məhsulun istehsalı (satışı) üzrə müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğunun yoxlanılması, habelə qanunla müəyyən edilən əsas fəaliyyət sahələrinə aid olmayan istiqamətlərə investisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinə başlanılması rəqabət orqanı ilə razılaşdırılmalıdır.
5. Məlumat Mübadiləsi (Information Exchange).
Təsərrüfat subyektləri arasındakı məlumat mübadiləsi rəqabət orqanlarının xüsusi diqqət yetirdiyi sahədir.
- İcazə verilən məlumat mübadiləsi: Müqavilənin icrası üçün zəruri olan, keçmiş dövrə aid və ya ümumiləşdirilmiş statistik məlumatların ötürülməsi qanunidir.
- Qadağan olunan məlumat mübadiləsi: Tərəflərin gələcək qiymət strategiyalarını, nəzərdə tutulan qiymət artımlarını, marjaları və ya spesifik müştəri siyahılarını paylaşması kartel fəaliyyəti kimi tövsif olunur.
6. Praktiki Əlavə: Müqavilələr Üçün Rəqabət Hüququna Uyğunluq Maddəsi
Aşağıdakı bəndi kommersiya müqavilələrinə əlavə edərək hüquqi riskləri sığortalaya bilərsiniz:
Maddə [X]. Rəqabət Qanunvericiliyinə Uyğunluq
X.1. Tərəflər bəyan və təminat verirlər ki, bu Müqavilənin imzalanması və icrası prosesində Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin və Nazirlər Kabinetinin qərarlarının, o cümlədən digər qanunvericilik aktlarının tələblərinə tam şəkildə riayət edəcəklər.
X.2. Tərəflər təsdiq edirlər ki, bu Müqavilə çərçivəsində bilavasitə və ya dolayısı ilə aşağıdakı hərəkətlərə yol verməyəcəklər:
- Qiymətlərin və ya endirimlərin birgə müəyyən edilməsi, habelə şaquli sazişlərdə minimum və ya sabit yenidən satış qiymətinin diktə edilməsi (məcburi xarakter daşımayan tövsiyə edilən qiymətlər istisnadır);
- Müştərilərin və ya bazarın qanunsuz bölünməsi;
- Qarşı tərəfin və ya onun özünün rəqiblərinin fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması;
- Rəqabətə zərər vura biləcək strateji kommersiya məlumatlarının mübadiləsi.
X.3. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət nəzarət tədbirləri aparılarsa, tərəflər bir-birini məlumatlandırmağı və tələb olunan məlumatları vaxtında təqdim etməklə rəqabət orqanı ilə tam əməkdaşlıq etməyi öhdələrinə götürürlər.
X.4. Tərəflərdən birinin rəqabət qanunvericiliyini pozması nəticəsində digər tərəfə hər hansı zərər dəyərsə və (və ya) maliyyə sanksiyası tətbiq edilərsə, pozuntuya yol vermiş Tərəf bütün zərərlərin və (və ya) maliyyə sanksiyalarının əvəzini tam həcmdə ödəməyi öhdəsinə götürür.
