Rəqabəti məhdudlaşdıran sazişlərin əsas növləri: üfüqi və şaquli sazişlər
Rəqabət hüququnda sazişlər tərəflərin bazardakı mövqeyinə görə əsasən iki kateqoriyaya bölünür:
- Üfüqi sazişlər;
- Şaquli sazişlər.
Bu bölgü təsadüfi deyil. Çünki rəqabətə təsirin intensivliyi, hüquqi qiymətləndirmə metodu və tətbiq olunan analiz standartı məhz bu fərqə əsasən dəyişir.
1.1. Üfüqi sazişlər
Üfüqi sazişin anlayışı: üfüqi sazişlər eyni bazar səviyyəsində fəaliyyət göstərən, yəni bir-biri ilə birbaşa rəqabət aparan təsərrüfat subyektləri arasında bağlanan razılaşmalardır. Başqa sözlə, bu sazişlərin tərəfləri rəqiblərdir.

Predmet olaraq üfüqi sazişlərin ən çox rast gəlinən növləri:
- qiymətlərin razılaşdırılması;
- bazar və ya müştəri bölgüsü;
- istehsalın məhdudlaşdırılması;
- tenderlərin razılaşdırılması;
- bazara girişin bloklanması;
- rəqabət aparmamaq öhdəliyi.
Per se (a priori) qadağa prinsipi
Rəqabət hüququnda bəzi üfüqi sazişlər o qədər təhlükəli hesab edilir ki, onların real bazar təsirinin ayrıca sübut edilməsinə ehtiyac qalmır.
Bu yanaşma ABŞ hüququnda “per se”, Avropa hüququnda isə mahiyyət etibarilə “obyekt üzrə məhdudlaşdırma” (restriction by object) kimi tanınır.
Per se nə deməkdir?
- Fəaliyyət öz təbiətinə görə rəqabətə açıq və ciddi zərər vurur;
- Onun iqtisadi nəticələrinin ayrıca təhlili tələb olunmur;
- “Yaxşı niyyət” və ya “müsbət təsir” arqumentləri hüquqi qiymətləndirməni dəyişmir.
Aşağıdakıların hər hansı biri üfüqi sazişlərdə nəticədən asılı olmayaraq qadağandır:
- təsərrüfat subyektləri arasında rəqabət aparmamaq öhdəliyi;
- qiymət razılaşdırılması;
- qiymət təsbiti;
- bazarın bölüşdürülməsi;
- Sazişdə rəqabəti məhdudlaşdırma, yəni başqa təsərrüafat subyektlərinin bazara daxil olmamasına səy göstərmək barədə razılaşma.
Rəqabət Məcəlləsinin 11.8-ci maddəsinə əsasən, yuxarıda sadalanan qadağalar şəxslər qrupuna şamil edilmir. Başqa sözlə, eyni şəxslər qrupuna daxil olan təsərrüfat subyektləri arasında həmin qadağalarda nəzərdə tutulan məzmunlu müqavilələrin bağlanmasına yol verilir (Şəxslər qrupu barədə daha ətraflı məlumat üçün bax).
United States v. Socony-Vacuum Oil Co. (1940)
Bu məhkəmə işi üzrə faktlar belə idi: 1930-cu illərdə ABŞ-da neft bazarında qiymətlər kəskin şəkildə enirdi. Bir sıra iri neft şirkətləri artıq nefti bazardan toplamaq və bununla təklifi azaltmaq barədə razılaşmışdılar. Məqsəd qiymətlərin daha da aşağı düşməsinin qarşısını almaq idi.
Şirkətlər iddia edirdilər ki:
- məqsədləri bazarı sabitləşdirmək idi;
- qiymətləri “süni şəkildə artırmaq” niyyətləri yox idi;
- iqtisadi böhran şəraitində sabitlik yaratmaq istəyirdilər.
Rəqabət hüququ baxımından probelm bu idi ki, rəqiblər qiymətləri “sabitləşdirmək” və ya “qorumaq” məqsədilə hərəkət etdikdə bu, hüquqazidd hesab olunmalıdırmı ?
ABŞ Ali Məhkəmənin mövqeyi belə oldu ki:
- qiymət mexanizminə yönəlmiş istənilən koordinasiya per se qaydada qanunsuzdur;
- qiymətin artırılması, azaldılması və ya sadəcə sabit saxlanılması arasında fərq yoxdur;
- müsbət iqtisadi əsaslandırma və ya “yaxşı niyyət” müdafiə vasitəsi ola bilməz.
💡Fundamental prinsip
Bu iş rəqabət hüququnda mühüm tezisi təsdiqlədi: “Yaxşı niyyətli kartel” anlayışı mövcud deyil. Qiymət mexanizmi bazar iqtisadiyyatının mərkəzi elementidir. Rəqiblərin bu mexanizmə kollektiv müdaxiləsi avtomatik olaraq hüquqazidd hesab edilir.
İqtisadi əsaslandırma
Qiymətin təsbit edilməsi ilə bağlı razılaşmalara bu qədər sərt yanaşmanın səbəbi nədir ?
Rəqabətli bazarda qiymət:
- tələb və təklifin nəticəsidir;
- effektivlik siqnalıdır;
- resurs bölgüsünün əsas mexanizmidir.
Rəqiblər qiyməti birlikdə müəyyən etdikdə bazarın özünütənzimləmə mexanizmi sıradan çıxır və kartel effekti yaranır.
1.2. Hub-and-Spoke karteli: dolayı koordinasiyanın mürəkkəb forması
Hub-and-spoke karteli rəqabət hüququnda üfüqi və şaquli əlaqələrin kəsişməsində yaranan, dolayı koordinasiyaya əsaslanan kartel formasıdır.
Bu modeldə “mərkəz” (hub) rolunu oynayan subyekt, bir-biri ilə birbaşa əlaqədə olmayan rəqiblər (spokes) arasında məlumat ötürərək və ya davranışı uyğunlaşdıraraq faktiki üfüqi koordinasiya yaradır.
Mexanizm adətən belə işləyir:
- mərkəz rəqiblərdən həssas kommersiya məlumatlarını toplayır (məsələn, gələcək qiymətlər);
- bu məlumatlar digər rəqiblərə ötürülür;
- nəticədə paralel və koordinasiya olunmuş davranış yaranır.

B, C, D bir-birilə rəqib olan təsərrüfat subyektləridir. B,C,D hər biri məxfi məlumatlarını A-ya ötürür, A-da bu bir rəqibinin məlumatlarını digərləri ilə bölüşür. Nəticədə bazarda rəqib olan B, C,D bir-birilə birbaşa əlaqə yaratmadan birləşib, müvafiq bazarı idarə edir və rəqabəti məhdudlaşdırırlar.
Yuxarıda təsvir edilən mexanizmin klassik nümunəsi Apple-ın e-kitab bazarına daxil olması ilə bağlı işdir. United States v. Apple Inc. qərarı göstərdi ki, rəqiblər birbaşa əlaqədə olmasalar belə, mərkəzi platforma vasitəsilə faktiki üfüqi koordinasiya yarana bilər. Daha ətraflı öyrənmək üçün məhkəmə işinin təhlilinə keçid edin.
1.3. Uyğunlaşdırılmış hərəkətlər: formal saziş olmadan koordinasiya
Rəqabət hüququnda məsuliyyət üçün hər zaman klassik müqavilə və ya açıq razılaşma tələb olunmur. Bəzi hallarda formal saziş mövcud olmadan da rəqabəti məhdudlaşdıran koordinasiya yarana bilər. Bu fenomen hüquqi doktrinada uyğunlaşdırılmış hərəkətlər (concerted practices) kimi tanınır.
Uyğunlaşdırılmış hərəkətlərə dair xarakterik elementlər:
- açıq müqavilənin olmaması;
- rəqiblər arasında məlumat mübadiləsi;
- bazar şərtləri ilə izah edilə bilməyən paralel davranış;
- şüurlu koordinasiya ehtimalı.
Yuxarıda yazılanlardan aydın olduğu kimi uyğunlaşdırılmış hərəkətlərdə “ortaq iradə” yazılı sənəddə deyil, davranışın özündə təzahür edir.
Bu yazı belə anlaşılmasın ki, uyğunlaşdırılmış hərəkətlər hər bir halda qadağandır. Təsərrüfat subyektlərinin bazar payı uğrunda mübarizə apardığı zaman bir-birini izləməsi və rəqibin (və ya rəqiblərin) fəaliyyətinə uyğun öz fəaliyyətini təşkil etməsi hüquq pozuntusu sayılmır. Bəs uyğunlaşdırılmış hərəkətlər hansı hallarda qadağandır ?
- Təsərrüfat subyektləri arasında məlumat mübadiləsi üçün kartel tipli razılaşmalar olduğu halda;
- Saziş olmadan belə təsərrüfat subyektləri sabit qiymət siyasəti apardığı halda;
- Müvafiq bazarda Rəqabət Məcəlləsinin 11.2-ci maddəsində yazılanlardan ən az biri müşahidə edildiyi halda.
Bell Atlantic Corp. v. Twombly (2007)
Bu məhkəmə işində ABŞ Ali Məhkəməsi bildirmişdir ki, təkcə paralel davranış Sherman Antitörst Qanunun pozuntusunu sübut etmək üçün kifayət deyil. Paralellikdən əlavə koordinasiya ehtimalını gücləndirən faktlar göstərilməlidir.
Xüsusilə təsərrüfat subyektləri arasında aşağıdakı məlumatların mübadiləsi risklidir:
- gələcək qiymət planları;
- istehsal həcmi;
- tender strategiyası;
- endirim siyasəti;
- bazar payı proqnozları.
Bu cür məlumat mübadiləsi, bazar qeyri-müəyyənliyini azaldır və müstəqil qərarverməni zəiflədir.
2.3. Şaquli sazişlər
Rəqabət hüququnda şaquli sazişlər istehsal və paylama zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən subyektlər arasında bağlanır:
- istehsalçı – distribütor;
- topdansatış – pərakəndə satış və s.
Tərəflər bir-birinə rəqib deyil, eyni iqtisadi zəncirin fərqli pillələrində yerləşirlər.

Aşağıdakıların hər hansı birinin şaquli sazişlərdə təsbiti nəticədən asılı olmayaraq qadağandır:
- Qiymət razılaşdırılması (istisna olaraq təkrar satış üçün tövsiyə edilən qiymət və ya təkrar satış üçün maximum qiymət müəyyən edilə bilər);
- bazarın bölüşdürülməsi (istisna olaraq eksklüziv təchizat sistemində bazar bölüşdürülməsinə icazə verilir);
- Sazişdə rəqabəti məhdudlaşdırma, yəni başqa təsərrüafat subyektlərinin bazara daxil olmadını məhdudlaşdırmağa səy göstərmək barədə razılaşma;
- Təsərrüfat subyektlərinin bir-biri arasında rəqabət aparmamaq öhdəliyi şaquli sazişlərdə icazə verilir, lakin bu razılaşmanın müddəti 3 ildən çox olmamalıdır.
Yuxarıda sadalanan qadağalar şəxslər qrupuna şamil edilmir. Başqa sözlə, eyni şəxslər qrupuna daxil olan təsərrüfat subyektləri arasında həmin qadağalarda nəzərdə tutulan məzmunlu müqavilələrin bağlanmasına yol verilir.
💡Qızıl qayda: Bir-birilə rəqib olan təsərrüfat subyektlərinin şaquli sazişləri üfüqi saziş olaraq qiymətləndirilir.

Baxmayaraq ki, A və B arasındakı müqavilə mahiyyət etibarilə şaquli sazişdir, A və B həm də rəqib olduğu üçün bu müqavilə üfüqi saziş hesab ediləcəkdir.
Pierre Fabre Dermo-Cosmétique 2011
Bu məhkəmə işində Pierre Fabre Dermo-Cosmétique Fransada dermo-kosmetik məhsulların (məsələn, eczanə markaları) istehsal və satışını həyata keçirirdi. Şirkət məhsullarını selektiv satış sistemi vasitəsilə bazara çıxarırdı. Müqaviləyə əsasən:
- Məhsullar yalnız fiziki apteklərdə və ixtisaslı əczaçı nəzarəti altında satılmalı idi;
- İnternet üzərindən satış faktiki olaraq tam qadağan edilmişdi;
- Distribyutorlar onlayn satış kanallarından istifadə edə bilmirdilər.
Fransa rəqabət orqanı hesab etdi ki, bu məhdudiyyət rəqabəti məhdudlaşdırır və məsələ nəticədə Avropa Məhkəməsinə göndərildi.
Avropa Məhkəməsi qərara aldı ki:
- İnternet satışına ümumi və mütləq qadağa rəqabəti obyekt üzrə məhdudlaşdırma təşkil edə bilər;
- Brend imicinin qorunması özü-özlüyündə belə geniş qadağanı əsaslandırmaq üçün kifayət deyil;
- Selektiv satış sistemi prinsip etibarilə qanuni ola bilər, lakin tətbiq edilən məhdudiyyət proporsional və zəruri olmalıdır;
- Tam internet qadağası, xüsusilə də passiv satışların qarşısını alırsa, daxili bazarın parçalanmasına səbəb ola bilər.
Pierre Fabre işi göstərdi ki, selektiv satış sistemi qanuni ola bilər, amma:
- İnternet satışına total qadağa yüksək risklidir;
- Keyfiyyət və brend imici arqumenti avtomatik müdafiə yaratmır;
- Rəqabət hüququ fiziki mağaza ilə onlayn mağaza arasında ayrı-seçkiliyi diqqətlə qiymətləndirir.
Nəticə
Rəqabət hüququ yalnız yazılı müqavilələri deyil, bazarda faktiki koordinasiyanı da hədəfləyir. Müasir yanaşma formallığa deyil, iqtisadi reallığa əsaslanır: əgər təsərrüfat subyektləri müstəqil qərar vermək əvəzinə davranışlarını uyğunlaşdırır və bununla rəqabəti zəiflədirlərsə, hüquqi məsuliyyət yarana bilər.
Növbəti yazımızda rəqabəti məhdudlaşdıran şaquli və üfüqi sazişlərin qadağan olunmadığı hallar — istisna edilmiş sazişlər və az əhəmiyyətli sazişlərlə bağlı əsas məqamları nəzərdən keçirəcəyik.
