Rəqabəti Məhdudlaşdıran Sazişlər: Yeni Başlayanlar üçün Hüquqi və İqtisadi Baxış
Giriş
Rəqabət hüququ bazar iqtisadiyyatının “oyun qaydalarını” müəyyən edən fundamental hüquq sahələrindən biridir. Bu sahənin mərkəzində isə rəqabəti məhdudlaşdıran sazişlər dayanır.
Rəqabəti məhdudlaşdıran sazişlər aşağıdakılara səbəb ola bilər:
- qiymətlərin süni şəkildə artırılmasına;
- istehlakçı seçiminin azalmasına;
- məhsul və xidmət keyfiyyətinin aşağı düşməsinə;
- innovasiyanın zəifləməsinə.
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi təsərrüfat subyektlərinin bazar davranışlarını tənzimləyərək azad və ədalətli rəqabətin qorunmasını əsas məqsəd kimi müəyyən edir. Bu kontekstdə saziş anlayışı yalnız mülki-hüquqi müqavilə kimi deyil, bazar davranışının koordinasiyası kimi qiymətləndirilir.
Bu yazıda saziş anlayışı və onun hüquqi mahiyyəti ilkin mərhələdə ümumi çərçivədə izah edilir. Üfüqi və şaquli sazişlər isə növbəti hissədə ayrıca təhlil olunacaqdır.
1. Rəqabət hüququnda Saziş nədir ?
Rəqabət Məcəlləsinə görə saziş:
- yazılı və ya şifahi,
- açıq və ya gizli,
- hüquqi baxımdan etibarsız, ləğv edilmiş və ya xitam verilmiş əqd və ya razılaşmadır.
Saziş anlayışına həmçinin təsərrüfat subyektlərinin birliklərinin (məsələn, assosiasiyaların) qəbul etdiyi qərarlar da daxildir.
Beləliklə, saziş təsərrüfat subyektləri arasında bazar davranışına dair ortaq iradə ifadəsini təcəssüm etdirir.
Qızıl qayda: Sazişin mülki hüquq baxımından qüvvədə olub-olmaması rəqabət hüququ baxımından həlledici deyil, o cümlədən elektron poçt, mesaj, şifahi razılaşma da rəqabət hüququ baxımından saziş hesab edilir.
Əgər tərəflər bazarda müstəqil davranmaq əvəzinə ortaq qərar əsasında hərəkət edirlərsə, bu artıq rəqabət hüququnun müdaxilə predmetinə çevrilə bilər. Rəqabət hüququnda diqqət sazişin formasına yönəlmir, belə olan halda önəmli olan nədir ?
Klassik keyslərlər üzərindən izah edək:
Consten and Grundig v Commission (1966)
Bu məhkəmə işində, Almaniyanın elektronika istehsalçısı Grundig Fransada məhsullarının distribusiyası üçün Consten ilə eksklüziv müqavilə bağlamışdı. Müqaviləyə əsasən:
- Consten Fransada yeganə rəsmi distribyutor idi;
- Digər distribyutorların Fransaya paralel idxal yolu ilə məhsul gətirməsi faktiki olaraq bloklanmışdı;
- Müqavilədə ərazi üzrə mütləq qoruma mexanizmi nəzərdə tutulmuşdu.
Hüquqi problem: Distribusiya müqaviləsi mülki hüquq baxımından uyğun olduğu halda, bu müqavilə rəqabəti məhdudlaşdıran saziş sayıla bilərmi ?
Avropa Məhkəməsi qərara gəldi ki:
- Müqavilənin mülki hüquqi etibarlılığı onu rəqabət hüququ baxımından toxunulmaz etmir;
- təsərrüfat subyektlərinin bazarı bölüşdürməsi müvafiq bazarda rəqabəti süni şəkildə məhdudlaşdırır;
- Bu tip sazişlər bazarın parçalanmasına və ticarətin qarşısının alınmasına səbəb olur.
Beləliklə, əvvəl verdiyimiz suala geri qayıdırıq, rəqabət hüququ müqavilənin formasına deyil, onun bazara təsirinə baxır. Hətta klassik distribusiya müqaviləsi belə, əgər bazara digər təsərrüfat subyektlərinin daxil olmasını məhdudlaşdırırsa, qadağan edilə bilər.
United States v. Trenton Potteries Co. (1927)
Bu məhkəmə işində isə sanitar keramika istehsalçıları qiymətləri birlikdə müəyyən etmək barədə razılaşmışdılar. Tərəflər qiymətlərin “ədalətli” və “sabitlik yaradan” olduğunu iddia edirdilər.
Hüquqi problem: Əgər tərəflər qiymətləri “ağlabatan” səviyyədə müəyyən etdiklərini iddia edirlərsə, bu onları məsuliyyətdən azad edirmi ?
Ali Məhkəmənin mövqeyi belə oldu ki:
- Qiymətlərin birgə müəyyən edilməsi özlüyündə rəqabətin əsas mexanizmini aradan qaldırır;
- Qiymətin yüksək və ya aşağı olması həlledici deyil;
- Qiymət razılaşmaları mahiyyət etibarilə təhlükəlidir.
- Beləliklə, rəqiblər arasında qiymət razılaşması iqtisadi sistemin əsas sütununa – müstəqil qərarverməyə – zərbə vurur.
2. İqtisadi baxış: Saziş niyə iqtisadiyyat üçün problem yaradır ?
Rəqabətli bazarda hər bir təsərrüfat subyektlərinin aşağıdakılar barədə müstəqil qərar verməsi önəmlidir:
- qiymət,
- istehsal həcmi,
- keyfiyyət strategiyası
Əgər rəqiblər yuxarıda sadalanan qərarları birlikdə qəbul edirlərsə, nə başa verər ?
- bazarda qiymət təzyiqi azalır,
- istehlakçı rifahı aşağı düşür,
- innovasiya motivasiyası zəifləyir.
Bu səbəbdən rəqabət hüququnun əsas sualı belə formalaşır: təsərrüfat subyektləri bazarda müstəqil davranırlarmı, yoxsa koordinasiyalı bir şəkildə hərəkət edirlər ?
3. Bütün sazişlər qadağandır ?
Bu yazıdan belə bir nəticə çıxmamalıdır ki, müvafiq bazarda təsərrüfat subyektlərinin birgə əməkdaşlıq etməsi, yaxud əməkdaşlıq müqavilələri imzalaması və ya assosiasiyaların qərar qəbul etməsi qeyri-qanunidir.
Rəqabət hüququ bazarda təsərrüfat subyektlərinin əməkdaşlıq etməsini və ya əməkdaşlıq müqaviləsi imzalamasını qadağan etmir, bir şərtlə ki: bu əməkdaşlıqlar və sazişlər bazarda rəqabəti məhdudlaşdırmasın. (rəqabətin məhdudlaşdırılması barədə daha ətraflı oxuyun)
Növbəti yazımızda bazarı birbaşa hədəf alan üfüqi sazişlər və şaquli sazişlər ilə bağlı incə məqamlara toxunacağıq.
Mövzunun davamı:

