08 – SSNIP Testi və Çarpaz Qiymət Elastikliyi nədir ?

SSNIP Testi və Çarpaz Qiymət Elastikliyi: İqtisadi Ölçü və Hüquqi Nəticə

Giriş

Müvafiq bazarın müəyyən edilməsi rəqabət hüququnda bütün sonrakı qiymətləndirmələrin əsasını təşkil edir. (Bax: Müvafiq bazar anlayışı)

Beynəlxalq praktika göstərir ki, bu mərhələdə iki əsas alət tətbiq olunur:

  • Çarpaz qiymət elastikliyi (cross-price elasticity of demand)
  • SSNIP testi (Small but Significant and Non-transitory Increase in Price)

Bu alətlər bir-birini tamamlayır: biri iqtisadi ölçü təqdim edir, digəri həmin ölçünün hüquqi nəticəsini qiymətləndirir. Avropa Komissiyasının 2023-cü il tarixli Market Definition Notice sənədində də bu yanaşma təsdiqlənir.

I. Çarpaz Qiymət Elastikliyi

Anlayışı

Çarpaz qiymət elastikliyi bir məhsulun qiyməti dəyişdikdə digər məhsula olan tələbatın hansı istiqamətdə və hansı həcmdə dəyişdiyini ölçür.

Sadə sual belədir: A məhsulunun qiyməti artdıqda istehlakçılar B məhsuluna keçirmi ? Əgər keçid baş verirsə, məhsullar arasında substitutluq (bir-birini əvəz etmə qabiliyyəti) mövcuddur. Bu göstərici müvafiq bazarın müəyyən edilməsində real rəqabət təzyiqini göstərən iqtisadi sübut kimi çıxış edir.

Düsturu

burada:

Exy – X məhsuluna olan tələbin Y məhsulunun qiymətinə görə çarpaz elastikliyi;

%ΔQx – X məhsuluna olan tələbin faiz (%) dəyişməsi;

%Δpy – Y məhsulunun qiymətinin faiz (%) dəyişməsi.

Tələbin çarpaz qiymət elastikliyi əmsalı, yəni Exy 1 və ya 1-dən yuxarı bir ədəd olduqda, müqayisə edilən məhsullar qarşılıqlı əvəz oluna bilən məhsullar hesab olunur və eyni müvafiq bazarın məhsul sərhədlərinə aid edilir.

Praktik nümunə: A məhsulunun qiyməti 10% artdıqda B məhsuluna tələbat 15% artır → elastiklik = 1.5, yəni güclü substitutluq mövcuddur.

II. SSNIP Testi

Məntiqi

SSNIP testi belə bir sual verir: Hipotetik inhisarçı qiyməti 5–10% artırsa, satış itkisinə baxmayaraq qiymət artımını mənfəətlə davam etdirə bilərmi ? Əgər istehlakçılar qiymət artımından sonra alternativ məhsullara keçid edərək satışları azaldırsa və qiymət artımı hipotetik inhisarçı üçün mənfəətli olmursa, həmin alternativ məhsullar müvafiq bazara daxil edilir.

Qeyd etmək lazımdır ki, SSNIP testi Azərbaycan qanunvericiliyində birbaşa normativ tələb kimi nəzərdə tutulmamışdır. Bununla belə, bu test Avropa İttifaqı və digər inkişaf etmiş yurisdiksiyalarda müvafiq bazarın müəyyən edilməsi üçün geniş tətbiq olunan iqtisadi analiz alətidir və nəzəri-metodoloji baxımdan Azərbaycanda da bazarın təhlilində də istifadə oluna bilər.

Tətbiq mexanizmi

  • İlkin məhsul qrupu müəyyən edilir;
  • Hipotetik inhisarçı fərziyyəsi qurulur;
  • 5–10% davamlı qiymət artımı tətbiq edilir;
  • Keçid səviyyəsi və mənfəətlilik analiz edilir;
  • Alternativ məhsullar mərhələli şəkildə bazara daxil edilir.

Bu, “hipotetik inhisarçı testi”nin praktiki tətbiqidir və bazarın sərhədləri iqtisadi baxımdan sabitləşənə qədər davam edir.

III. Çarpaz Qiymət Elastikliyi və SSNIP Testinin Əlaqəsi

  • Elastiklik iqtisadi əlaqəni ölçür, yəni məhsullar arasında faktiki substitutluq varmı ?
  • SSNIP isə həmin əlaqənin bazarın sərhədini hüquqi baxımdan dəyişmək üçün kifayət edib-etmədiyini qiymətləndirir.

Praktik nümunə: təsəvvür edək ki, enerji içkiləri bazarında A markasının qiyməti 10% artdıqda, bunun nəticəsində B markasına tələbat 12% yüksəlir. Bu vəziyyət çarpaz qiymət elastikliyinin müsbət olduğunu göstərir, yəni istehlakçılar A və B məhsullarını bir-birinə alternativ kimi qəbul edirlər. Lakin bu faktın özü hələ bazarın sərhədlərini müəyyən etmir. Əgər istehlakçıların B-yə keçidi A markası üçün qiymət artımını mənfəətsiz edəcək qədər güclüdürsə, bu vəziyyət B məhsulunun A üzərində real rəqabət təzyiqi yaratdığını göstərir. Bu halda B məhsulunun A ilə eyni müvafiq bazara daxil edilməsi əsaslı hesab oluna bilər.

IV. AB Məhkəmə Presedentləri və SSNIP/Çarpaz Qiymət Elastikliyi

United Brands Company v Commission (Case 27/76)

Məhkəmə, banan bazarını daha geniş “təzə meyvə” bazarı ilə müqayisə etmək istəyən şirkətin iddiasını rədd etdi. Burada əsas meyar istehlakçı davranışı və substitutluq (çarpaz elastiklik) idi.
SSNIP və elastiklik tətbiqi: Bananların digər meyvələrə nisbətən qiymət artımına qarşı elastikliyi yox idi (yəni istehlakçılar başqa məhsula keçmirdi). Bu, SSNIP testinin nəticəsi kimi qiymətləndirilə bilər: qiymət 5–10% artsa belə istehlakçılar keçid etmədiyi üçün bazar dar və spesifik olaraq təyin edildi (banan meyvəsi müvafiq bazar hesab edildi).
Hüquqi əhəmiyyəti: Presedent göstərir ki, çarpaz elastiklik və SSNIP testi birlikdə bazarın sərhədini müəyyən etmək üçün istifadə edilə bilər və bu, dominantlıq analizi üçün əsas rol oynayır.

Topps Europe v Commission (T-699/14)

Bu işdə Məhkəmə vurğuladı ki, bazar sərhədini müəyyən etmək üçün SSNIP testi təkbaşına kifayət deyil, digər iqtisadi göstəricilər, o cümlədən çarpaz elastiklik və istehlakçı davranışı nəzərə alınmalıdır.
SSNIP və elastiklik tətbiqi: Topps Europe bazarının qiymətləndirilməsində yalnız SSNIP testinə əsaslanmaq istədi, amma Məhkəmə göstərdi ki, bazar sərhədini düzgün müəyyən etmək üçün çarpaz qiymət elastikliyi, istehlakçı vərdişləri və davranış faktorları da nəzərə alınmalıdır.
Hüquqi əhəmiyyəti: Bu presedent SSNIP və elastiklik analizi üçün məhdudiyyətləri və çərçivəni göstərir: testlər yalnız bir-biri ilə birləşdirildikdə və real istehlakçı davranışı ilə dəstəkləndikdə hüquqi baxımdan güclü nəticə verir.

V. Məhdudiyyətlər və Praktik Risklər

Çarpaz Qiymət Elastikliyi Baxımından

  • Məlumat çatışmazlığı: Bazara dair məlumatlar tam olmaya bilər, elastiklik hesablamalarını təsir edə bilər.
  • Qısa müddətli dəyişikliklərin məhdudluğu: Qısa müddətli müşahidələr uzunmüddətli istehlakçı davranışını tam əks etdirməyə bilər.
  • Rəqəmsal və sıfır qiymətli bazarlar: Klassik elastiklik yanaşması bütün hallarda uyğun olmaya bilər.
  • Davranış faktorları: İstehlakçı vərdişləri və brend bağlılığı nəticəni dəyişə bilər.

SSNIP Testi Baxımından

  • Cellophane fallacy riski: Əgər qiymət artıq inhisar səviyyəsindədirsə, əlavə 5–10% artım istehlakçıları alternativlərə yönəldə bilər və bazar süni şəkildə geniş görünə bilər.
  • Məlumat çatışmazlığı: Qiymət artımı və mənfəətlilik məlumatları bəzən dəqiq əldə olunmur.
  • Rəqəmsal bazarlar və sıfır qiymət modelləri: Klassik 5–10% qiymət artımı hər zaman uyğun olmaya bilər, misal sosial şəbəkələrdən istifadnin pulsuz olduğunu nəzərə alaraq bu bazar üçün qiymət artımını testi etməyin mənası yoxdur, bu halda keyfiyyət, innovasiya və istifadəçi davranışı nəzərə alınmalıdır.
  • Davranış faktorları: İstehlakçıların qərarları hər zaman tam rasional olmur; brend bağlılığı və vərdişlər nəticəyə təsir edə bilər.
  • Hüquqi qiymətləndirmə vacibdir: Yalnız elastiklik və SSNIP nəticələrinə əsaslanmaq kifayət deyil; presedentlər göstərir ki, bütün sübutlar birlikdə qiymətləndirilməlidir (United Brands, Topps Europe).

VI. Nəticə

  • Çarpaz qiymət elastikliyi məhsullar arasında iqtisadi əlaqəni ölçür.
  • SSNIP testi həmin əlaqənin müvafiq bazarın sərhədlərini dəyişmək üçün kifayət edib-etmədiyini qiymətləndirir.
  • AB məhkəmə presedentləri göstərir ki, elastiklik və SSNIP birlikdə bazarın sərhədini müəyyən etmək üçün istifadə olunur.
  • Bu mərhələdə aparılan analiz bazar payının, dominantlıq qiymətləndirməsinin və hüquqi məsuliyyətin dəyişməsinə səbəb ola bilər.