Azərbaycanda, Türkiyədə, Avropa Birliyində və ABŞ-da Rəqabətin Qorunması Mexanizmləri
Giriş
Bazar iqtisadiyyatının əsas şərtlərindən biri azad və ədalətli rəqabətin mövcudluğudur. Rəqabət mühitinin pozulması — inhisarçılıq, kartel razılaşmaları, hökmran mövqedən sui-istifadə və rəqabəti məhdudlaşdıra biləcək təmərküzləşmələr— istehlakçı rifahına, innovasiyaya və iqtisadi səmərəliliyə birbaşa zərər vurur. Məhz bu risklərin qarşısını almaq məqsədilə dövlətlər rəqabət orqanları yaratmışdır.
Bu yazıda Azərbaycanda, Türkiyədə, Avropa Birliyində və ABŞ-da fəaliyyət göstərən rəqabət orqanları, onların hüquqi əsasları, rəsmi internet saytları və müvafiq rəqabət qanunvericiliyinə dair əsas sənədlər təqdim olunur. Məqalənin məqsədi məlumatlandırma və hüquqi mənbələrə çıxışı asanlaşdırmaqdır.
1. Rəqabət Orqanı nədir və niyə vacibdir?
Rəqabət orqanı — bazarda rəqabətin qorunmasına cavabdeh olan, adətən inzibati müstəqilliyə malik dövlət qurumudur. Bu orqanlar:
- Rəqabətə zidd sazişləri (kartelləri) aşkar edir;
- Hökmran mövqedən sui-istifadəni araşdırır;
- Təmərküzləşmələri qiymətləndirir;
- Rəqabəti məhdudlaşdıran halları araşdırır, qiymətləndirir və sanksiya mexanizmləri tətbiq edir;
- Bazar təhlilləri və tövsiyələr hazırlayır.
Rəqabət orqanlarının fəaliyyəti olmadan bazar mexanizmi ya formal qalır, ya da güclü bazar oyunçuların nəzarətinə keçir.
2. Azərbaycanda Rəqabət Orqanı
Azərbaycanda rəqabətə nəzarət funksiyası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Agentlik Azərbaycan Respublikası Prezidentinə tabedir.
2.1. Hüquqi əsas
- Agentliyin əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Eyni fərmanla Agentliyin strukturu da təsdiq edilmişdir.
- Rəsmi internet səhifəsi: https://competition.gov.az/az
- Agentlik tərəfindən aparılan araşdırmalar ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://competition.gov.az/az/page/melumat-merkezi/information
- Rəqabət orqanı tərəfindən yayımlanan rəqabət terminləri lüğəti ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://competition.gov.az/az/page/melumat-merkezi/nesrler
2.2. Azərbaycan Rəqabət Qanunvericiliyi:
Azərbaycan Respublikas Konstitusiyası
Maddə 15. İqtisadi inkişaf və dövlət
II. Azərbaycan dövləti …azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Qanunlar
- Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsi
- Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanunu
- Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsi Maddə 199. Rəqabəti məhdudlaşdırma
Prezidentin fərmanları
- Rəqabət Məcəlləsinin təsdiq edilməsi barədə – Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanı
- Agentliyin əsasnaməsinin və strukturunun təsdiqi –Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı
- Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə – Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 585 nömrəli Fərmanı
Nazirlər Kabinetinin qərarları
- Maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydaları – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il “10” mart tarixli 67 nömrəli Qərarı
- Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin müəyyən edilməsi – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 66 nömrəli Qərarı
- İstisna edilmiş sazişlər barədə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 65 nömrəli Qərarı
- Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması barədə meyarlar – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 64 nömrəli Qərarı
- Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 63 nömrəli Qərarı
- Təbii inhisar subyektləri tərəfindən razılıq almaq üçün rəqabət orqanına müraciət etmə qaydalar – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 537 nömrəli Qərarı
- Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydaları – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 536 nömrəli Qərarı
- Təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınması ilə bağlı meyarlar – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 532 nömrəli Qərarı
- Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsinin əsasları – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 531 nömrəli Qərarı
- Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 dekabr tarixli 530 nömrəli Qərarı
- Təbii inhisar subyektlərinin təqdim etdikləri maliyyə hesabatlarının forması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 19 dekabr tarixli 529 nömrəli Qərarı
- Bazarın monitorinqinin aparılması qaydalarının təsdiqi barədə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 dekabr tarixli 528 nömrəli Qərarı
- Rəqabət komissiyasının yaradılması, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi barədə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 dekabr tarixli 527 nömrəli Qərarı
- Təbii inhisar subyektlərinin siyahısı – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı
- Təmərküzləşmələr ilə bağlı razılıq almaq üçün ərizənin nümunəsini təsdiqi barədə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyul tarixli 363 nömrəli Qərarı
- Araşdırmanın nəticələrinə dair aktın forması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyul tarixli 362 nömrəli Qərarı
- Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların siyahısı – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı
3. Türkiyədə Rəqabət Orqanı
Türkiyədə rəqabətə nəzarət funksiyası Rəqabət Qurumu (Rekabet Kurumu) tərəfindən həyata keçirilir. Qurum, mal və xidmət bazarlarında rəqabəti maneə törədən, pozan və ya məhdudlaşdıran qərarları, sazişləri və fəaliyyətləri tənzimləmək məqsədilə yaradılmışdır. Rəqabət Qurumu inzibati və maliyyə muxtariyyətinə malik olan dövlət orqanıdır və Türkiyə Respublikası Ticarət Nazirliyi ilə əlaqəli fəaliyyət göstərir.
3.1. Hüquqi əsas
Rəqabət Qurumu 1994-cü il 7 dekabr tarixli 4054 saylı “Rəqabətin Qorunması haqqında Qanun” əsasında yaradılmış və 1997-ci ildən fəaliyyətə başlamışdır. Qurumun qərar qəbul edən ali orqanı Rəqabət Şurasıdır (Rekabet Kurulu).
- Rəsmi internet səhifəsi: https://www.rekabet.gov.tr
- Qurumun qərarları: Aparılan araşdırmalar və Şura qərarları ilə bu link vasitəsilə tanış ola bilərsiniz: Rekabet Kurumu – Kararlar
- Nəşrlər və Lüğət: Rəqabət hüququna dair terminlər, hesabatlar və akademik nəşrlər üçün: Rekabet Kurumu – Yayınlar
3.2. Türkiyə Rəqabət Qanunvericiliyi:
Türkiyə Cumhuriyyəti Konstitusiyası: Maddə 167. Dövlət; pul, kredit, kapital, mal və xidmət bazarlarının sağlam və nizamlı işləməsini təmin edən və təkmilləşdirən tədbirlər görür; bazarlarda faktiki və ya razılaşma nəticəsində yarana biləcək inhisarlaşmanın və kartelləşmənin qarşısını alır
- Sahə üzrə əsas qanun – Rekabetin Korunması Hakkında Kanun
- Razılıq alınması tələb edilən təmərküzləşmələr: Rekabet Kurulundan İzin Alınması Gereken Birleşme ve Devralmalar Hakkında Tebliğ
- Şaquli sazişlər üzrə qrup istisnası: Dikey Anlaşmalara İlişkin Grup Muafiyeti Tebliği
- Sanksiyaların tətbiqi: Rekabeti Sınırlayıcı Anlaşma, Uyumlu Eylem Ve Kararlar İle Hakim Durumun Kötüye Kullanilmasi Halinde Verilecek İdari Para Cezalarina İlişkin Yönetmelik
- Peşmanlıq proqramı: Kartellerin Ortaya Çıkarılması Amacıyla Aktif İşbirliği Yapılmasına Dair Yönetmelik
4. Avropa Birliyində Rəqabət Orqanı
Avropa Birliyində rəqabət qaydalarına nəzarət və onların tətbiqi funksiyası Avropa Komissiyası (European Commission), konkret olaraq isə Rəqabət üzrə Baş Direktorluq (Directorate-General for Competition – DG COMP) tərəfindən həyata keçirilir.
DG COMP birbaşa Avropa Komissiyasının Rəqabət üzrə üzvünə (Komissara) tabedir. Bu orqan transmilli birləşmələrə nəzarət edir, kartelləri aşkar edir və dövlət yardımlarının daxili bazarın rəqabət mühitinə zərər verməsinin qarşısını alır.
4.1. Hüquqi əsas
Avropa Komissiyasının rəqabət sahəsindəki səlahiyyətləri Avropa Birliyinin Fəaliyyəti haqqında Müqavilə (Treaty on the Functioning of the European Union – TFEU) əsasında müəyyən edilmişdir. DG COMP-un daxili strukturu və fəaliyyət prinsipləri Komissiyanın inzibati qərarları ilə tənzimlənir.
- Rəsmi internet səhifəsi: https://ec.europa.eu/competition
- İşlər və Araşdırmalar: Komissiya tərəfindən baxılan işlər (antitrest, birləşmələr və s.) üzrə axtarış bazası: EU Competition Cases
- Məhsullar və Nəşrlər: Rəqabət siyasətinə dair bülletenlər və lüğətlər: Competition Publications
4.2. Avropa Birliyi Rəqabət Qanunvericiliyi:
AB rəqabət hüququ birbaşa tətbiq olunan müqavilə maddələri və reqlamentlərdən ibarətdir:
- TFEU Maddə 101: Rəqabəti məhdudlaşdıran sazişləri və kartelləri qadağan edir.
- TFEU Maddə 102: Bazar hakim mövqeyindən sui-istifadəni qadağan edir.
- 139/2004 saylı Reqlament (Aİ Birləşmə Reqlamenti): Şirkətlərin təmərküzləşməsinə (birləşmə və devralmalar) nəzarəti tənzimləyir.
- 2022/1925 saylı Reqlament -Rəqəmsal Bazarlar Aktı (Digital Markets Act – DMA): Böyük texnologiya şirkətlərinin (“qapıçıların”) rəqabət davranışlarını tənzimləmə.
- 2022/2560 saylı Xarici Subsidiyalar Reqlamenti (FSR): Aİ xaricindəki dövlətlərdən subsidiya alan şirkətlərin daxili bazarda rəqabəti pozmasının qarşısını alan yeni tənzimləmə.
- 1/2003 saylı Reqlament: TFEU 101 və 102-ci maddələrinin tətbiqi qaydalarını müəyyən edən əsas prosessual sənəd.
Dövlət Yardımı Qaydaları: Dövlətlərin öz müəssisələrinə verdiyi qanunsuz üstünlükləri tənzimləmə
- TFEU Maddə 107: Dövlət yardımının ümumi qadağasını və hansı hallarda (məsələn, təbii fəlakətlər, regional inkişaf) istisna olaraq icazə verilə biləcəyini müəyyən edir.
- TFEU Maddə 108: Avropa Komissiyasının dövlət yardımına nəzarət prosedurlarını (yoxlama, təsdiq və ya geri qaytarma) tənzimləyir.
- TFEU Maddə 109: Avropa Birliyi Şurasına dövlət yardımı ilə bağlı konkret reqlamentlər qəbul etmək səlahiyyəti verir.
- GBER (General Block Exemption Regulation) – 651/2014 saylı Reqlament: Avropa Komissiyasına əvvəlcədən xəbər vermədən dövlətin hansı sahələrə (məsələn: kiçik və orta sahibkarlıq, AR-GE, ətraf mühitin qorunması) yardım edə biləcəyini tənzimləyir.
- De Minimis Reqlamenti – 2023/2831 saylı Reqlament: “Cüzi yardım” qaydasıdır. Dövlət tərəfindən bir şirkətə 3 il ərzində verilən cəmi 300.000 avroya qədər yardım “rəqabəti pozmayan” hesab olunur və Avropa Komissiyasının icazəsinə ehtiyac qalmır.
- Prosedur Reqlamenti – 2015/1589 saylı Reqlament: Qanunsuz verilmiş yardımların necə geri alınacağını və araşdırmaların müddətlərini müəyyən edir.
5. Amerika Birləşmiş Ştatlarında Rəqabət Orqanı
ABŞ-da rəqabətə nəzarət funksiyası “ikili idarəetmə” sistemi vasitəsilə Federal Ticarət Komissiyası (Federal Trade Commission – FTC) və ABŞ Ədliyyə Nazirliyinin Antitrest Bölməsi (U.S. Department of Justice Antitrust Division – DOJ) tərəfindən həyata keçirilir.
FTC müstəqil inzibati agentlikdir, DOJ-un Antitrest Bölməsi isə birbaşa icraedici hakimiyyətə (Prezident administrasiyasına) tabedir. Bu iki qurum sənaye sahələri üzrə işləri öz aralarında bölüşdürürlər (məsələn, texnologiya sektoruna adətən FTC, telekommunikasiya və ya aviasiya sektoruna isə DOJ daha çox diqqət yetirir).
Daha ətraflı: Rəqabət hüququ tarixində Federal Ticarət Komissiyasının təsis olunmasının əhəmiyyəti nədir ?
5.1. Hüquqi əsas
FTC 1914-cü ildə yaradılmışdır, DOJ isə daha qədim tarixə malikdir.
Rəsmi internet səhifələri:
- FTC: https://www.ftc.gov
- DOJ Antitrust: https://www.justice.gov/atr
- Aparılan araşdırmalar və qərarlar:
- FTC işləri: FTC Cases and Proceedings
- DOJ işləri: DOJ Antitrust Case Filings
- Rəhbər sənədlər və terminlər: Hər iki qurumun birgə hazırladığı “Birləşmə Rəhbərliyi” (Merger Guidelines) rəqabət hüququnun tətbiqi üçün əsas sənəddir: 2023 Merger Guidelines
5.2. Amerika Birləşmiş Ştatları Antitrest Qanunvericiliyi:
ABŞ rəqabət hüququnun əsas qanunları bunlardır:
- Şerman qanunu
- Kleyton Qanunu
- Federal Ticarət Komissiyası Qanunu
- Robinson-Patman Aktı (1936): Kiçik müəssisələri qorumaq məqsədilə satıcıların alıcılara fərqli qiymətlər tətbiq etməsini (qiymət diskriminasiyası) tənzimləyir.
- Hart-Scott-Rodino (HSR) Aktı (1976): Şirkətlərin müəyyən həcmdən böyük təmərküzləşmələr həyata keçirməzdən əvvəl dövlət orqanlarına (FTC və DOJ) əvvəlcədən məlumat verməsini məcbur edir.
Nəticə
Məqalədə nəzərdən keçirdiyimiz Azərbaycan, Türkiyə, Avropa Birliyi və ABŞ rəqabət modelləri fərqli olsa da, hamısının təməl məqsədi azad bazar iqtisadiyyatını qorumaq və istehlakçı rifahını təmin etməkdir.
