Avropa İttiqafı Komissiyasından “Google”a Sərt Tənzimləmə: Rəqəmsal Bazarlar Aktı və İnmovativ Bazar Testi
Avropa İttifaqı rəqəmsal dünyada nəhəng texnologiya şirkətlərinin inhisarçı hərəkətlərinin qarşısını almaq üçün mübarizəsini yeni müstəviyə daşıyır. Bu dəfə dünyanın ən böyük texnologiya nəhənglərindən biri olan “Alphabet” (Google) şirkəti hədəfdir. Avropa İttifaqı Komissiyası (bundan sonra – Komissiya) yeni qəbul edilmiş Rəqəmsal Bazarlar Aktı (Digital Markets Act) vasitəsilə ənənəvi qaydaları kənara qoyaraq, rəqabət hüququnda önəmli bir yeniliyə imza atıb.
Rəqəmsal Bazarlar Aktı və “Öhdəliklər Mexanizmi”
Uzun müddətdir ki, transmilli texnologiya şirkətlərinin bazardakı hökmran mövqelərindən istifadə edərək rəqabəti məhdudlaşdırması müzakirə mövzusudur. Avropa İttifaqını buna cavabı isə ex-ante (qabaqlayıcı) qaydaları özündə birləşdirən Rəqəmsal Bazarlar Aktı oldu.
Rəqəmsal Bazarlar Aktı çərçivəsində “Google” rəqabəti pozmaqda sadəcə şübhəli deyil, həm də o, qanunla “nəzarətçi platforma” (Gatekeeper) statusu almış şirkətdir və sərt qaydalara riayət etmək məcburiyyətindədir. Qaydalara görə, tənzimləyici orqanın tələblərinə uyğunlaşmaq və bazarı rəqabətə açmaq üçün şirkət fəaliyyətində edəcəyi dəyişikliklərə dair öhdəliklər təklif edir.
Komissiya “Google”a Nə Öhdəlik Qoyub?
Rəqəmsal Bazarlar Aktı çərçivəsində “Google” əməliyyat sistemləri bazarında “nəzarətçi platforma” (bizneslə istehlakçı arasında mühüm körpü) statusuna malikdir. Komissiyasının tələbi ondan ibarətdir ki, şirkət Android əməliyyat sistemində üçüncü tərəf süni intellekt xidmətlərinə (məsələn, ChatGPT, Claude və s.) özünün “Gemini” və ya “Google Assistant” xidmətləri ilə tam bərabər səviyyədə işləmək imkanı versin.
Bazar testinə çıxarılan konkret öhdəliklərə aşağıdakılar daxildir:
- Fərdi “Aktivləşdirmə Sözü”: İstifadəçilər alternativ süni intellekt xidmətlərini səs ilə asanlıqla aktivləşdirə bilməlidirlər (yəni sadəcə “Hey Google” deməyə məcbur qalmamalıdırlar).
- Tətbiqlərlə İnteqrasiya: Rəqib süni intellekt (bundan sonra – Sİ) xidmətləri istifadəçinin cihazındakı digər proqramlarla birbaşa əlaqə qura bilməlidir. Məsələn, istifadəçi kənar bir Sİ köməkçisinə “dostuma şəkil göndər”, “yemək sifariş et” və ya “email yaz” dedikdə, həmin proqram bu tapşırıqları Android daxilində maneəsiz icra edə bilməlidir.
- Məhdudiyyətsiz Çıxış: “Google”, üçüncü tərəf tərtibatçılara Android-in daxili API-lərinə (proqramlaşdırma interfeyslərinə) və cihaz daxilindəki Sİ modellərinə heç bir əlavə ödəniş və ya texniki maneə olmadan çıxış verməlidir.
“Google-a Niyə Bu Öhdəliklər Qoyulub?
Komissiyanın bu sərt tələblərinin arxasında duran əsas hüquqi səbəblər bunlardır:
- Özünə Üstünlük Vermənin Qarşısının Alınması: Hazırda “Google”, Android ekosistemində ən dərin və rahat inteqrasiya imkanlarını yalnız öz süni intellekt həllərinə saxlayır. Bu isə rəqiblərin oxşar keyfiyyətdə istifadəçi təcrübəsi təqdim etməsinə birbaşa mane olur.
- İstehlakçı Seçiminin Qorunması: Komissiya hesab edir ki, istifadəçilər telefonlarını aldıqdan sonra avtomatik olaraq “Google”un diktə etdiyi Sİ köməkçisindən istifadə etməyə məcbur qalmamalıdırlar. Onlar süni intellekt xidmətini seçməkdə azad olmalıdırlar.
- Süni İntellekt Bazarında İnnovasiya: “Google” dünya mobil əməliyyat sistemləri bazarının təqribən 65-70%-nə nəzarət edir. Komissiyanın qərarları yalnız Avropa İqtisadi Zonasını əhatə edir, lakin Big Tech (Böyük Texnologiya) şirkətləri adətən sistemi iki fərqli versiyada saxlamaq əvəzinə bu dəyişiklikləri qlobal miqyasda tətbiq edirlər. Əgər “Goggle”: Android-i rəqib Sİ-lərə bağlı saxlasa, kiçik startapların və ya digər texnologiya şirkətlərinin bu bazarda böyüməsi qeyri-mümkün olar. Sistemlərin qarşılıqlı işləməsi bazara giriş maneələrini azaldır və gələcəyin rəqəmsal texnologiyalarının inkişafını sürətləndirir.
Bazar Testində İnnovativ Yenilik!
Əsas maraq doğuran məqam isə Aİ Komissiyasının bu öhdəlikləri necə qiymətləndirəcəyi ilə bağlıdır. “Bazar testi” (market test) mexanizmi ənənəvi antiimhisar işlərində də əvvəllər istifadə olunub. Lakin yenilik ondadır ki, Komissiya bu dəfə illərlə uzanan məhkəmə çəkişməsi olmadan Süni İntellekt kimi mürəkkəb bir texnologiyanın arxitekturasını birbaşa ictimai müzakirəyə çıxardıb.
Yeni qərara əsasən, “Google”un götürdüyü öhdəliklərin nə dərəcədə səmərəli olacağını yoxlamaq üçün hər kəs rəy bildirməyə və “bazar testində” iştirak etməyə dəvət olunur.
Bu Yenilik Nələr vəd edir ?
- Kütləvi iştirak sayəsində “Google”un təqdim etdiyi öhdəliklərdəki gizli boşluqlar və ya məhdudlaşdırıcı şərtlər daha tez aşkar ediləcək.
- Big Tech şirkətləri artıq təkcə tənzimləyici orqanlar qarşısında deyil, bütün rəqəmsal ekosistem qarşısında hesabat verməli olacaqlar.
Nəticə etibarilə, Komissiyanın “Google”a qarşı atdığı bu addım rəqəmsal bazarların tənzimlənməsində yeni və daha şəffaf bir dövrün başlandığından xəbər verir.
Siz də Prosesə Qoşulun!
Əgər siz də “Google”-un Android əməliyyat sistemi üzrə təklif etdiyi öhdəliklərə dair öz fikrinizi bildirmək istəyirsinizsə, bu tarixi prosesdə içtirak etmək fürsətini qaçırmayın. Komissiyanın başlatdığı açıq ictimai müzakirələrə qoşulmaq və bazar testinə rəyinizi göndərmək üçün bu linkdən istifadə edə bilərsiniz.

