Giriş
Rəqabət hüququnun əsas məqsədi bazarda ədalətli rəqabət mühitini qorumaq və inhisarçılıq meyllərinin qarşısını almaqdır. Transmilli korporasiyaların birləşməsi və ya satınalınması təkcə qeydiyyat ölkəsinin deyil, fəaliyyət göstərdikləri digər dövlətlərin də rəqabət qanunvericiliyinin tətbiqini zəruri edir. Bu baxımdan ən bariz nümunələrdən biri İlon Maskın (Elon Musk) “Twitter”i (indiki X) satın alması prosesidir.

Bu karikaturada dövrün teleqraf və poçt xətlərini əlində cəmləşdirərək bütün cəmiyyətə və dövlətə hökm edən “Gələcəyin Diktatoru” təsvir olunub. Tarix göstərir ki, informasiya və infrastruktur (şəbəkə) üzərində inhisar həmişə ən güclü rəqabət pozuntularından biri olub. Yüz il əvvəl teleqraf xətlərini ələ keçirən inhisarların yerini bu gün rəqəmsal kommunikasiya inhisarını əlində saxlayan “Big Tech” nəhəngləri alıb. (Mənbə: “Puck” jurnalı (1894), karikatura müəllifi C.J. Taylor, ictimai mülkiyyət, ABŞ Konqres Kitabxanası)
Təmərküzləşmə Faktı və Transmilli Yurisdiksiya
Təmərküzləşmə prosesi 2022-ci ilin aprel ayında İlon Mask “Twitter” şirkətinin təxminən 9,2% payını əldə etdməsu ilə başlamışdır. Daha sonra 2022-ci ilin 27 oktyabr tarixində isə təxminən 44 milyard ABŞ dolları dəyərində müqavilə çərçivəsində şirkətin qalan 100% səhmlərinin alınması ilə yekunlaşmışdır.
İlk baxışdan bu, ABŞ yurisdiksiyasına aid daxili məsələ kimi görünsə də, beynəlxalq rəqabət hüququ prinsipləri fərqli mənzərə yaradır. Türkiyə qanunvericiliyinə görə, gündəlik istifadəçi sayı 1 milyondan çox olan sosial media platformalarının ölkə ərazisində rəsmi nümayəndəlik və ya hüquqi şəxs açması məcburidir.
“Twitter” şirkətinin Türkiyədə rəsmi nümayəndəliyinin olması onu həmin ölkənin bazarında fəaliyyət göstərən təsərrüfat subyekti statusuna gətirirdi.
Dövriyyə Hədləri və “Texnologiya Təşəbbüsü” İstisnası
Türkiyə Respublikasının “Rəqabətin qorunması haqqında” Qanununa və 2010/4 nömrəli Tebliğə əsasən, standart şirkətlər üçün təmərküzləşməyə öncədən icazə tələb edən dövriyyə hədləri mövcuddur. Məsələn, tərəflərin Türkiyədəki ümumi dövriyyələrinin cəmi 750 milyon TL-ni (və hər birinin ayrılıqda 250 milyon TL-ni) aşdıqda və ya alıcının dünya üzrə dövriyyəsi 3 milyard TL-ni, satın alınan tərəfin isə Türkiyə dövriyyəsi 250 milyon TL-ni aşdıqda rəqabət orqanından icazə alınmalıdır.
Lakin bu işdə həlledici rol oynayan “texnologiya təşəbbüsü” istisnası idi. 2022-ci ildə qüvvədə olan 2022/2 nömrəli Tebliğ dəyişikliyinə görə, Türkiyədə istifadəçilərə xidmət göstərən texnologiya şirkətlərinin (dijital platformlar daxil) satın alınmasında hədəf şirkət üçün 250 milyon TL-lik yerli dövriyyə həddi tətbiq olunmurdu. Buna görə də, İlon Maskın qlobal dövriyyəsi 3 milyard TL-ni aşdıqda “Twitter”in Türkiyədəki dövriyyəsi nə qədər aşağı olsa belə, bu 100%-lik satınalma əməliyyatı Türkiyə Rəqabət Qurumuna (Rekabet Kurumu) öncədən bildirişə tabe sayılırdı.
Qeyd: 2026-cı ilin fevral ayında Tebliğdə edilmiş dəyişikliklərlə (2026/2) texnologiya istisnası daraldılmışdır. İndi bu istisna əsasən Türkiyədə “yerli” texnologiya şirkətlərinə aid edilir və bəzi hallarda 250 milyon TL həddi yenidən tətbiq oluna bilər.
“Şəbəkə Effekti” və Texnoloji İnhisarçılıq Riski
Müasir rəqabət orqanları texnoloji təmərküzləşmələrə xüsusi həssaslıq göstərirlər. Bunun əsas səbəbi rəqəmsal bazarlarda mövcud olan “şəbəkə effekti”dir:
- Şəbəkə effekti: Xidmətdən istifadə edənlərin sayı artdıqca həmin xidmətin dəyəri də artır (məsələn, sosial şəbəkələrdə).
- Bazara giriş maneəsi: Bu xüsusiyyət yeni rəqiblərin bazara daxil olmasını demək olar ki, qeyri-mümkün edən süni maneə yaradır.
Məhz bu səbəbdən dövlətlər “Big Tech” satınalmalarını ciddi yoxlayır və potensial inhisarçılıq risklərini əvvəlcədən qiymətləndirirlər.
Real Hadisə və Nəticə
Bu keysdə İlon Mask “Twitter”i öncədən Rekabet Kurumuna bildiriş etmədən satın almışdı. Rəqabət Qurumu 2023-cü ilin mart ayında (02.03.2023 tarixli qərar) rəsmi araşdırma aparmış, əməliyyatın rəqabəti əhəmiyyətli dərəcədə azaltmadığını müəyyən edərək icazə vermiş, lakin bildiriş öhdəliyinin pozulmasına görə satınalan tərəfə (Elon Musk) 2022-ci ildə Türkiyədə əldə edilən gəlirinin mində biri (0,1%) miqdarında cərimə tətbiq etmişdir.
Yekun
Bu keys göstərir ki, transmilli birləşmə və satınalma (M&A) proseslərində yalnız əsas yurisdiksiyanın deyil, təsərrüfat subyektinin fəaliyyət göstərdiyi bütün yerli bazarların rəqabət qanunvericiliyi diqqətlə yoxlanılmalı və zəruri bildirişlər vaxtında edilməlidir. Əks halda, icazəsiz (və ya bildirişsiz) təmərküzləşmə böyük məbləğdə cərimələrə, əməliyyatın müvafiq bazarda tanınmaması riskinə və digər hüquqi problemlərə səbəb ola bilər.
