07.04. – Agentlik Tərəfindən Ərizənin Araşdırılması

Ərizənin araşdırılması: Rəqabət orqanı nəyi yoxlayır və hansı qərarları verir?

Təsərrüfat subyektləri təmərküzləşmə ilə bağlı ərizəni təqdim etdikdən sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ərizənin araşdırılması prosesi həyata keçirilir. Rəqabət Məcəlləsinin 31-ci maddəsi bu inzibati icraatın qəti müddətlərini və prosedurunu müəyyən edir. Agentlikdə Proses Necə Aparılır?

1. İlkin baxış və çatışmazlıqların aradan qaldırılması

Rəqabət orqanı ilk növbədə ərizənin və əlavə edilmiş sənədlərin tamlığını yoxlayır. Əgər sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar (məsələn, hansısa bir rəsmi arayışın və ya tərcümənin əskikliyi) varsa, orqan müraciət daxil olduğu gündən 10 (on) iş günündən gec olmayaraq bütün çatışmazlıqlar barədə müvafiq təsərrüfat subyektinə rəsmi bildiriş göndərir.

Təsərrüfat subyekti bu bildirişi aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalı və orqana yazılı məlumat verməlidir.

Vacib məqam: Çatışmazlıqların aradan qaldırılması üçün verilən vaxt ərzində araşdırma müddətinin axımı dayandırılır və yalnız təsərrüfat subyekti çatışmazlığı aradan qaldırıb müraciət etdikdən sonra bərpa olunur.

2. Araşdırma müddətləri və “Susma” prinsipi

Adi hallarda rəqabət orqanı ərizə təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində araşdırma aparıb qərar verməlidir.

  • Müddətin uzadılması: İş mürəkkəbdirsə və bazarın dərindən təhlili tələb edilirsə, Antiinhisar Agrntliyinin qərarı ilə araşdırma müddəti hər dəfə 30 (otuz) iş günü olmaqla 2 (iki) dəfə uzadıla bilər (yəni maksimal araşdırma müddəti 90 iş gününə ola bilər).
  • Susma – Razılıqdır: Qanunvericiliyin təsərrüfat subyektlərinə verdiyi ən böyük təminatlardan biri odur ki, ərizənin araşdırılması müddətində rəqabət orqanı tərəfindən hər hansı bir qərar qəbul edilmədikdə, təmərküzləşməyə dair razılıq verilmiş hesab olunur. (Maddə 31.13)

3. Rəqabət orqanının qəbul etdiyi qərarlar

Araşdırmanın nəticəsi olaraq orqan qərar qəbul edir və bu barədə 3 iş günü ərzində təsərrüfat subyektinə məlumat verir.
Agentlik tərəfindən təmərküzləşmə müraciətinə verilə biləcək qərarlar aşağıdakılardır:

  1. Ərizənin baxılmamış saxlanılması: Əməliyyat qanuna görə ümumiyyətlə təmərküzləşmə sayılmırsa və ya sənədlərdəki çatışmazlıqlar verilən vaxtda aradan qaldırılmayıbsa.
  2. Ərizənin təmin edilməsi (Razılıq və ya Şərtli Razılıq): Təmərküzləşmə bazarda rəqabəti məhdudlaşdırmadıqda tam razılıq verilir. Lakin Antiinhisar Agentliyi rəqabətin qorunması məqsədilə təsərrüfat subyektləri üçün əsaslandırılmış əlavə şərtlər (öhdəliklər) müəyyən edərək də razılıq verə bilər. (Məsələn, “birləşməyə icazə veririk, amma 3 il ərzində qiymətləri qaldırmamaq şərti ilə”).
  3. İmtina (Razılıq verilməməsi): Təmərküzləşmə bazarda inhisarçılıq meyllərinə və rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olacaqsa və bunun qarşısını almaq mümkün deyilsə.

Rəqabət orqanı ilə kompromis: Məhdudlaşdırmanın aradan qaldırılması

Agentlik araşdırma zamanı aşkar etsə ki, birləşmə rəqabəti məhdudlaşdırır, dərhal İMTİNA qərarı vermir. Əgər təsərrüfat müəyyən addımlarla (məsələn, əldə etdiyi aktivlərin bir qismini və ya hansısa zavodunu başqasına satmaqla) bu problemi həll edə bilərsə, Agentlik subyektə bildiriş göndərir.

Təsərrüfat subyekti 15 iş günü ərzində problemi həll edib hesabat verməlidir. Zərurət olduqda, subyekt vəsatətlə müraciət edərək bu müddəti əlavə 30 iş günü müddətinə uzada bilər. Bu müddət ərzində araşdırma dayanır.

Təsərrüfat subyekti tərəfindən icra edilən tədbirlər Antiinhisar Agentliyi tərəfindən qənaətbəxş hesab olunarsa təmərküzləşməyə razılıq verilir, problem həll olunmazsa İMTİNA qərarı verilir.