07.02 – Hansı hallarda təmərküzləşməyə görə razılıq alınmalıdır?

Razılıq alınmalı olan hallar

Təcrübədə tez-tez rast gəlinən yanlış yanaşmalardan biri istənilən struktur dəyişikliyi zamanı dövlət orqanından icazənin məcburi olduğunun düşünülməsidir. Qanunvericiliyə əsasən, bütün təmərküzləşmələr üçün Antiinhisar Agentliyindən razılıq alınması tələb olunmur. Rəqabət Məcəlləsinin 27.1-ci maddəsi yalnız təmərküzləşmənin müvafiq bazarda rəqabəti məhdudlaşdırmaq riskinin olduğu konkret hədləri müəyyən edir. Məhz bu hədlərdən azı biri mövcud olduqda, antiinhisar orqanına əvvəlcədən razılıq üçün müraciət etmək hüquqi zərurətdir.

Razılıq tələb edən hallar:

  1. Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən biri (hər hansı biri və ya hamısı) müvafiq bazarda hökmran mövqe tutduqda.
  2. Maliyyə institutları tərəfindən təkrar satış məqsədilə alınmış səhmlərin 1 il ərzində satılması mümkün olmadıqda.
  3. İştirak edən subyektlərdən birinin və ya təmərküzləşmədən sonra yaranacaq subyektin ümumi dövriyyəsi 25 milyon manatdan artıq olduqda.
  4. İştirak edən təsərrüfat subyektlərinin (ikisinin birlikdə) sonuncu hesabat ilində ölkə daxilində və ölkə xaricində ümumi dövriyyəsi 35 milyon manatdan çox olduqda.
  5. İştirak edən subyektlərdən birinin ölkə daxilində dövriyyəsi 15 milyon manatdan çox, digərinin (və ya digərlərinin) isə ölkə daxilində dövriyyəsi 5 milyon manatdan çox olduqda.
  6. Subyektlərin ümumi dövriyyəsi yuxarıdakı hədlərdən az olsa belə, iştirakçıların sonuncu hesabat ilində ümumi dövriyyəsi fəaliyyət göstərdikləri müvafiq bazarın ümumi dövriyyəsinin 20 faizindən çox olduqda.

Qlobal Təmərküzləşmələrin Yerli Təsiri: Xarici Şirkətlər İstisna Deyil

Təmərküzləşmə nəzarəti ilə bağlı biznes nümayəndələrinin ən çox yanıldığı məqamlardan biri prosesin xaricdə baş verdiyi hallardır. Rəqabət Məcəlləsinin təsir dairəsi yalnız Azərbaycan daxilində təsis edilən şirkətlərlə məhdudlaşmır.
Rəqabət hüququnun kimlərə tətbiq edildiyini və pozuntuya görə kimlərə sanksiya tətbiq ediləcəyini müəyyən etmək üçün “təsərrüfat subyekti” anlayışının mühüm əhəmiyyəti var. Əgər xaricdə təsis olunan bir şirkətin Azərbaycanda nümayəndəliyi və ya filialı varsa, o, qanunvericiliyə əsasən təsərrüfar subyekti hesab edilir.

“Təsərrüfat subyekti” anlayışı daha ətraflı.

Bu o deməkdir ki, iki qlobal xarici şirkət öz ölkələrində (məsələn, Avropada və ya ABŞ-da) birləşmə və ya satınalma həyata keçirirsə və onlardan ən azı birinin (və ya hər ikisinin) Azərbaycandakı nümayəndəliyi vasitəsilə dövriyyəsi qanunvericilikdə nəzərdə tutulan yuxarıdakı hədləri aşırsa, həmin qlobal əməliyyat üçün də Azərbaycanın rəqabət orqanından mütləq şəkildə əvvəlcədən razılıq alınmalıdır.

Praktiki Misal: İlon Mask (Elon Musk) və “Twitter” Əqdi Daha ətraflı