Giriş
Təsərrüfat subyektlərinin bazarda böyüməsi, yeni sahələrə investisiya qoyması və ya mövcud fəaliyyətlərini genişləndirməsi əksər hallarda birləşmə və satın almalar vasitəsilə baş verir.
Rəqabət hüququnda bazar strukturunu dəyişdirən bu cür əməliyyatlar “təmərküzləşmə” adlanır.
Təmərküzləşmə iqtisadi inkişafın təbii bir hissəsi olsa da, bazarın inhisarlaşmasına və rəqabətin məhdudlaşdırılmasına səbəb ola biləcəyi üçün dövlət nəzarətinə tabedir. Bu məqalə silsiləsi biznes subyektləri və hüquqşünaslar üçün tərtib edilmişdir. Məqalə təmərküzləşmənin yaranma hallarını, razılıq alınması məcburi olan məqamları və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət, araşdırma və qərarvermə prosesini (sənədlər, müddətlər və rüsumlar daxil olmaqla) praktiki şəkildə izah edir.

Bu illüstrasiyada dövrün ən böyük inhisarçıları (Sayrus Fild, Cey Quld, Kornelius Vanderbilt və Rassell Seyc) milyonlarla dollarla dolu kisələrin üzərində oturaraq sənayeni “qoruyanlar” kimi təsvir edilmişdir, lakin əslində müxtəlif peşə sahiblərindən ibarət kütlə bu nəhəng iqtisadi yükün altında əzilirlər. Bu karikatura nəzarətsiz iqtisadi təmərküzləşmənin azad rəqabət və cəmiyyət üçün necə məhvedici ola biləcəyini simvolizə edir. (Mənbə: “Puck” jurnalı (1883), karikatura müəllifi Bernhard Gillam, ictimai mülkiyyət, ABŞ Konqres Kitabxanası)
Təmərküzləşmənin İqtisadi Növləri: Risklər və Nəticələr
Rəqabət hüququnda təsərrüfat subyektlərinin birləşməsi və ya satın alınması iştirakçıların bazardakı mövqeyindən (təchizat zəncirindəki yerindən) asılı olaraq 3 əsas kateqoriyaya bölünür. Rəqabət orqanı hər bir təmərküzləşmə növünə fərqli risk profili ilə yanaşır:
1. Üfüqi təmərküzləşmə:
Eyni müvafiq bazarda, yəni eyni məhsul və ya xidmət üzrə birbaşa rəqib olan təsərrüfat subyektlərinin birləşməsidir.
Bu növ təmərküzləşmə rəqabət orqanları tərəfindən ən ciddi nəzarətə götürülən kateqoriyadır. Çünki bazardakı rəqiblərin sayı birbaşa azalır, bazar payı sürətlə cəmləşir və inhisarçılıq meylləri yaranır.
Praktiki misal: İki böyük mobil operatorun və ya iki fərqli sement istehsalçısı zavodunun birləşməsi üfüqi təmərküzləşmədir. Bu hal dərhal müvafiq bazarda rəqabətin zəifləməsi və yuxarı inhisar qiymətlərinin tətbiqi riskini yaradır.
2. Şaquli təmərküzləşmə:
Təchizat zəncirinin fərqli mərhələlərində fəaliyyət göstərən, yəni bir-birinin alıcısı və ya satıcısı (təchizatçısı) ola biləcək təsərrüfat subyektlərinin birləşməsidir. İştirakçılar eyni məhsulu satmırlar, lakin biri digərinin istehsal etdiyi məhsulun istehlakçısıdır.
Burada əsas risk inhisarçının bazara girişi bağlamasıdır. Şirkət şaquli olaraq böyüdükdən sonra öz rəqiblərini xammalsız qoya və ya rəqiblərin məhsullarını satmaqdan imtina edə bilər. Marja sıxışdırılması barədə yazıda bu barədə ətraflı təhlil aparmışıq.
Praktiki misal: Un istehsal edən zavodun böyük bir çörək zavodunu satın alması. Zavod bundan sonra rəqib çörək istehsalçılarına un satmaqdan imtina edə bilər.
3. Konqlomerat təmərküzləşmə:
Bir-biri ilə birbaşa rəqabətdə olmayan (fərqli bazarlarda) və təchizat zəncirində heç bir iqtisadi əlaqəsi olmayan təsərrüfat subyektlərinin birləşməsidir.
Klassik yanaşmada bu birləşmələr rəqabət üçün ən az riskli hesab olunur, çünki bazarda rəqiblərin sayı azalmır. Lakin nəhəng holdinqlərin yaranması maliyyə gücünün artmasına səbəb olur ki, bu da onlara gələcəkdə fərqli bazarlarda digər kiçik şirkətləri sıxışdırmaq üçün çarpaz-subsidiyalaşdırma (bir sahənin gəliri ilə digər sahədə məqsədli zərərlə işləyərək rəqibləri məhv etmək) imkanı verir.
Praktiki misal: Böyük bir neft hasilatı şirkətinin geyim sənayesində fəaliyyət göstərən bir tekstil fabrikləri şəbəkəsini satın alması.
