04.02 – Rəqabət Orqanı Sazişləri Necə Araşdırır? Prosedur və Meyarlar

Giriş

Əvvəlki yazılarda üfüqi sazişlər, uyğunlaşdırılmış hərəkətlər, şaquli sazişlər, azəhəmiyyətli istisna edilmiş sazişlər mövzularını ətraflı təhlil etmişik.

Bu yazıda rəqabət orqanının sazişlərlə bağlı araşdırmanı necə apardığı və araşdırmanın hansı mərhələlərdən keçdiyini təhlil edəcəyik.

2. Üfüqi Sazişlərin Araşdırılması: Addım-addım Prosedur.

Rəqiblərin öz aralarında bağladıqları (üfüqi) sazişlər rəqabət üçün ən böyük risk daşıyan hallardır. 

Bu sazişlərin isbatı üçün rəqabət orqanı aşağıdakı mərhələləri addım-addım, ardıcıllıqla icra edilir: 

I. Sazişin Mövcudluğu:

İlk olaraq hər hansı bir razılaşmanın (istər yazılı müqavilə, istərsə də şifahi səs yazısı, Whatsapp yazışması, mail və ya faktiki əqd) olub-olmadığı araşdırılır.

Qızıl qayda: Saziş yoxdursa, sazişlə bağlı araşdırma dayandırılır. Yəni sazişlə bağlı araşdırmanı davam etdirmək üçün maddi sübut olmalıdır.

Əvvəlki yazıda qeyd etdiyimiz kimi sazişin yazılı olması önəmli deyil. Şifahi razılaşmalar da saziş hesab edilir. Dinlənilmə, səs-yazının qeydə alınması ehtimalına görə kartel razılaşmaları sauna kimi yerlərdə həyata keçirilir.

II. Təsnifat:

Rəqabət orqanı sazişi tapdıqdan sonra razılaşmanın növü, yəni sazişin üfüqi yoxsa şaquli sazişə aid edilməsi müəyyən edilir.

III. Müvafiq Bazarın Müəyyən Edilməsi:

Rəqabət orqanı sazişi aşkar etdi, növünü də müəyyən etdikdən sonra, növbəti mərhələdə artıq sazişin hansı bazarda rəqabəti məhdudlaşdırdığını müəyyən etməkdir. Yəni sazişin hansı coğrafi və məhsul bazarını əhatə etdiyi dəqiqləşdirilir. 

Əvvəlki yazımızda da qeyd etdiyimiz kimi rəqabət müvafiq bazarda baş verir. Rəqabət orqanı müvafiq bazarı müəyyən edə bilməsə, saziş mövcud olsa belə, araşdırmanı dayandırmalıdır. 

Müvafiq bazar və onun müəyyən edilməsi barədə daha ətraflı.

IV. Bazarın Dinamikası.

Bu mərhələdə rəqabət orqanı saziş nəticəsində müvafiq bazarda Rəqabət Məcəlləsinin 11.2-ci maddəsində müəyyən edilən hallardan ən azı birinin yarandığını sübuta yetirməlidir:

  • iqtisadi səbəb olmadan təsərrüfat subyektlərinin sayının 20% və ya daha çox azalması;
  • vergilərin və ya minimum əməkhaqqı məbləğinin dəyişmədiyi şəraitdə məhsul dövriyyəsinin 20 faiz və daha çox azalması və ya artması;
  • gömrük rüsumları, vergilər və ya tariflər dəyişmədiyi halda, qiymətlərin 30 gün ərzində 10%-dən çox artması və ya azalması;
  • Birgə bazar payı 30 faiz və daha çox olan saziş iştirakçılarının hamısı 30 (otuz) gün ərzində qiymətləri 10 faizdən çox artırması (və ya azaltması) və ya satış həcmini məhdudlaşdırması;
  • təsərrüfat subyektlərinin eyni vaxtda bir ərazidə cəmləşməsi və ya digər ərazidən çəkilməsi;
  • dövlət orqanları, bələdiyyələr və ya tənzimləyici qurumlar (misal, İKTA telekommunikasiya provayderləri üçün tənzimləyici qurumdur) saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinə normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblər müəyyən etməsi;
  • subyektlərin bazar paylarının 90 faizinin 6 aydan çox müddətdə sabit qalması.
  • kredit, sığorta şərtlərinin, vergilərin və ya minimum əməkhaqqı məbləğinin dəyişmədiyi şəraitdə bazar paylarının 20 faiz və daha çox dəyişməsi.

V. Sazişin Məqsədi: 

Rəqabət orqanı sübuta yetirməlidir ki, sazişin məqsədi ya rəqabəti məhdudlaşdırmaq, ya da Rəqabət Məcəlləsinin 11.1-ci maddəsində yazılan hədəflərdən birinə çatmaqdır:

  • qiymətlərin razılaşdırılması və ya bununla əlaqədar məlumat mübadiləsinin aparılması;
  • istehsalın və ya texnoloji inkişafın məhdudlaşdırılması və ya nəzarət edilməsi;
  • bazarın, ərazilərin, satıcıların, yaxud məhsulun konkret növlərinin istehsalının və ya satışının bölünməsi;
  • tələb və təklifin həcminin öncədən müəyyənləşdirilməsi;
  • dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə təklif olunacaq qiymətlərinin razılaşdırılması;
  • saziş iştirakçısı olmayan digər subyektlər ilə aparılan əməliyyatlara fərqli şərtlərin tətbiqi və onların əlverişsiz vəziyyətə salınması;
  • saziş iştirakçısı olmayan rəqiblərlə müqavilələrə mahiyyətinə, işgüzar adətlərə uyğun olmayan və rəqiblər üçün əlverişsiz şərtin daxil edilməsi;
  • rəqiblər ilə kommersiya münasibətləri qurulmasının və ya müqavilə bağlanmasının qarşının alınması; 
  • saziş iştirakçısı olmayan rəqiblərin müvafiq bazara girişinin məhdudlaşdırılması və ya həmin bazardan sıxışdırılıb çıxarılması;
  • rəqabət üçün vacib əhəmiyyəti olan müqavilələrə və ya təsərrüfat subyektlərinin birliklərinə qoşulmaqdan kollektiv imtina edilməsi.

QEYD-1: şəxslər qrupuna daxil olan subyektlər arasında imzalanan yuxarıdakıların hər hansı biri və ya hər biri müəyyən edilə bilər, sadəcə dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə qeyri-qanuni hərəkətlərin edilməsi istisna olmaqla.

QEYD-2: Rəqabət orqanı çalışacaq ki, araşdırma zamanı sazişlə bağlı ən azı iki məqsəd tapıb istinad etsin. Çünki gələcəkdə rəqabət komissiyasının qərarından məhkəməyə şikayət edilərsə, istinad edilən məqsədlərdən biri əsassız hesab edilsə belə, digəri  qərarı qüvvədə saxlamağa kifayət edəcək.

Sazişin məqsədini tapmaq mümkün olmadığı halda, rəqabət orqanı sazişin yaratdığı nəticələrə görə qiymətləndirmə edir. Sazişin yaratdığı nəticələrin meyarları Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 64 nömrəli qərarı ilə tənzimlənir. Rəqabət orqanı üfüqi sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarların ən azı ikisini isbat etməlidir.

QEYD-3: rəqabət orqanı sazişin məqsədinin rəqabəti məhdudlaşdırma olduğunu yaxud, Rəqabət Məcəlləsinin 11.1-ci maddəsində göstərilən hədəflərdən ən azı birinə çatmaq olduğunu sübuta yetirə bilməsə, böyük ehtimal araşdırmanı dayandıracaq. Çünki sazişin məqsədini sübut etmək mümkün deyilsə, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilən sazişin yaratdığı nəticələrin meyarlarını sübuta yetirmək kifayət qədər çətindir.

Rəqabət orqanı sazişin məqsədini aşkar edə bilməsə, “Qızıl qayda” işə düşür, yəni araşdırmanı dayandırmalıdır.

3. Şaquli Sazişlər: Fərqli Yanaşma

Üfüqi sazişlər ilə şaquli sazişlərdə isbat qaydası oxşardır, lakin iki mühüm fərq var:

  1. Bazar dinamikası şaquli sazişlərdə araşdırılmır;
  2. Sazişin qadağan olunmuş məqsədləri fərqlidir. Rəqabət orqanı sübuta yetirməlidir ki, şaquli sazişin məqsədi ya rəqabəti məhdudlaşdırmaq, ya da Rəqabət Məcəlləsinin 12.1-ci maddəsində qeyd edilən hədəflərdən birinə çatmaqdır:
  • alıcının təkrar satış qiymətini müəyyən etmək imkanı satıcı tərəfindən məhdudlaşdırıldıqda;
  • satıcı təkrar satış qiymətini və ya məhsulun minimum qiymətini müəyyən etdikdə, istisna olaraq satıcının qiymətlə bağlı aşağıdakı hərəkətlərinə icazə verilir:
    • məhsulun təkrar satış qiymətinin minimum həddinin alıcıya tövsiyə edilməsi (birincisi, bu halda tövsiyənin məcburi xarakter daşımadığı satıcı tərəfindən alıcıya yazılı olaraq bildirilməlidir, ikincisi məhsulun üzərində qiymət yazıldıqda həmin qiymətin “tövsiyə olunan qiymət” olduğu qeyd olunmalıdır, üçüncüsü alıcı məhsulu 1-2 il aralığında yalnız tövsiyə olunan qiymətə satmamalıdır);
    • satıcı tərəfindən məhsulun maksimum satış qiymətinin müəyyənləşdirilməsi;
  • eksklüziv təchizat sistemi üzrə satıcı tərəfindən alıcının məhsulu sata biləcəyi ərazinin və ya müştərilərin məhdudlaşdırılması, istisna olaraq aşağıdakı hallara icazə verilir:
    • eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna alıcı tərəfindən aktiv satışın məhdudlaşdırılması;
    • fəaliyyəti topdansatış olan alıcının son istehlakçılara satış etməsinin məhdudlaşdırılması;
    • alıcının aldığı detalları satıcının rəqiblərinə (eyni məhsulu istehsal edənlərə) satmasına məhdudiyyət qoyulması.
  • alıcılar arasında (selektiv təchizat sistemi daxilində fəaliyyət göstərənlər) qarşılıqlı təchizata məhdudiyyətlərin qoyulması;
  • selektiv təchizat sistemi daxilində alıcıların məhsulları satacağı ərazi və ya müştəri qruplarının məhdudlaşdırılması, istisna olaraq aşağıdakılara icazə verilir:
    • eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna (selektiv təchizatın iştirakçısı olan) alıcılar tərəfindən aktiv satışın məhdudlaşdırılması;
    • selektiv təchizatın iştirakçısı olan alıcılar tərəfindən həmin sistemin mövcud olduğu ərazidə selektiv təchizatın iştirakçısı olmayan alıcıya satışın məhdudlaşdırılması;
    • fəaliyyəti topdansatış olan alıcının son istehlakçılara satış etməsinin məhdudlaşdırılması;alıcının aldığı detalları satıcının rəqiblərinə (eyni məhsulu istehsal edənlərə) satmasına məhdudiyyət qoyulması.

Sazişin məqsədini tapmaq mümkün olmadığı halda, rəqabət orqanı üfüqi sazişlərdə olduğu kimi sazişin yaratdığı nəticələrə görə qiymətləndirmə edir. Sazişin yaratdığı nəticələrin meyarları da Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 64 nömrəli qərarı ilə tənzimlənir.

Yekun: Sanksiya Mərhələsi

Əgər yuxarıdakı bütün mərhələlər (sazişin aşkar edilməsi, sazişin məqsədinin tapılması, bazarın dinamikası (üfüqi sazişlər üçün) və sazişin məqsədinin sübutu) uğurla tamamlanarsa, növbəti addım rəqabət qanunvericiliyinin pozulmasına görə sanksiyaların tətbiqidir. 

Sanksiyaların necə hesablandığı və hansı maliyyə yükü yaratdığı barədə gələcək yazılarımızda ətraflı təhlil aparacağıq.