02 – United States v. Apple Inc.

İşin halları:

2010-cu ilə qədər ABŞ e-kitab bazarında Amazon təxminən 90%-ə yaxın payla hökmran mövqedə idi. Amazon “topdansatış” (wholesale) modelindən istifadə edir, nəşriyyatlardan kitabları alır və onları bazarda aşağı qiymətə, yəni 9.99 dollara satırdı.

Böyük nəşriyyat evləri – Hachette, HarperCollins, Macmillan, Penguin və Simon & Schuster – bu aşağı qiymət siyasətinin çap kitab satışlarını zəiflətməsindən narahat idilər. Lakin heç biri təkbaşına qiymətləri artırmağa cəsarət etmirdi.

2010-cu ildə Apple Inc. iPad və iBookstore platforması ilə bazara daxil oldu və nəşriyyatlara yeni model təklif etdi:

  • Agentlik modeli – Qiyməti nəşriyyat müəyyən edir, Apple isə 30% komissiya alır.
  • Most Favored Nation (bundan sonra MSN) maddəsi – Əgər başqa platforma kitabı daha ucuz satarsa, Apple da öz platformsında qiyməti eyni səviyyəyə endirilməli idi.
  • Koordinasiya elementi – Apple eyni vaxtda 5 böyük nəşriyyatla danışıqlar apararaq onların Amazona qarşı vahid şəkildə qiymətləri $12.99–$14.99 aralığına qaldırmasını təmin etdi.

Şirkətlərin müdafiəsi:

Şirkətlər iddia edirdilər ki:

  • Məqsəd Amazonun hökmran mövqeyinə qarşı çıxmaq və bazarda rəqabəti artırmaq idi;
  • Apple hər bir nəşriyyatla ayrıca şaquli müqavilə bağlamışdı;
  • Nəşriyyatların davranışı fərdi biznes qərarları idi.

Lakin əsas hüquqi sual bu idi ki, bir platformanın (hub) rəqib tədarükçülər (spokes) arasında qiymət artımını koordinasiya etməsi üfüqi razılaşma hesab edilə bilərmi ?

Məhkəmənin Mövqeyi

ABŞ məhkəmələri (Dairə və Apellyasiya instansiyası) aşağıdakı nəticəyə gəldi:

Hub-and-Spoke Karteli

Apple “mərkəz” (hub) rolunu oynayaraq nəşriyyatlar arasında üfüqi koordinasiyanı asanlaşdırmışdır.
Rəqiblər birbaşa bir-biri ilə danışmasalar belə, Apple vasitəsilə eyni qiymət siyasətini həyata keçirmişdilər.

Daha ətraflı: hub-and-spoke karteli nədir ?

Per Se Qanunsuzluq

Məhkəmə qərara aldı ki, şaquli müqavilələr formal olaraq ayrıca bağlansa da, onlar faktiki olaraq üfüqi qiymət kartelini təşkil edirdi.
Bu səbəbdən davranış per se qanunsuz sayıldı.

“Yaxşı niyyət” müdafiəsi

Amazonun hökmran mövqeyinə qarşı çıxmaq istəyi rəqiblər arasında qiymət razılaşmasını legitimləşdirə bilməz.

Apple məlumat daşıyıcısı idi, yoxsa təşəbbüskar?

İş üzrə əsas mübahisəli məsələlərdən biri Apple-ın rolunun hüquqi qiymətləndirilməsi idi. Apple sadəcə nəşriyyatlar arasında məlumat ötürən neytral platforma idimi, yoxsa qiymət artımının təşkilatçısı kimi çıxış edirdimi ?

Məhkəmələrin mövqeyinə görə, Apple passiv vasitəçi deyildi. Əksinə, o, koordinasiya mexanizmini formalaşdıran aktiv iştirakçı idi. Bu nəticəyə gəlmək üçün məhkəmələr bir neçə faktiki elementi əsas götürdülər:

A. Strukturun qurulması

Apple bazara daxil olarkən sadəcə mövcud modeli qəbul etmədi; o, agentlik modelini təşəbbüs kimi irəli sürdü və onun eyni vaxtda bütün əsas nəşriyyatlar tərəfindən qəbul edilməsini hədəflədi.

B. Müqavilə şərtlərinin dizayn edilməsi

Apple tərəfindən təklif olunan müqavilələr standartlaşdırılmış və vahid iqtisadi məntiqə əsaslanmışdı. Şərtlərin oxşarlığı paralel və sinxron davranışı asanlaşdırırdı.

C. MFN maddəsi ilə mexanizmin möhkəmləndirilməsi

MFN maddəsi sistemin işləməsini təmin edən əsas alət idi. Bu mexanizm nəşriyyatların digər platformalarda aşağı qiymət tətbiq etməsini iqtisadi baxımdan riskli edir və kollektiv qiymət artımını sabitləşdirirdi.

D. Kollektiv hərəkətin təmin edilməsi

Nəşriyyatlar təkbaşına qiymət artırmaq istəmirdilər. Apple isə onlara rəqiblərinin də eyni modelə keçəcəyinə dair faktiki təminat verərək qarşılıqlı asılı qərar mexanizmini yaratmışdı.
Məhkəmə nəticə etibarilə belə qənaətə gəldi ki, Apple sadəcə paralel şaquli müqavilələr bağlamamış, rəqiblər arasında üfüqi koordinasiyanı təşkil etmişdir. Bu səbəbdən onun rolu “məlumat daşıyıcısı” deyil, aktiv təşkilatçı (hub) kimi qiymətləndirilmişdir.

Məhkəmə işinin nəticəsi

  • Apple istehlakçılara kompensasiya və məhkəmə xərcləri daxil olmaqla təxminən 450 milyon dollar ödəməyə razılaşdı.
  • 5 nəşriyyat isə Ədliyyə Nazirliyi ilə razılaşaraq ümumilikdə təxminən 166 milyon dollar kompensasiya ödədilər.

İşin rəqabət hüququnda önəmi

Bu iş rəqabət hüququ baxımından bir neçə mühüm prinsipi möhkəmləndirdi:

  • Şaquli müqavilə forması üfüqi nəticəni gizlədə bilməz.
  • Platforma vasitəsilə koordinasiya da kartel hesab edilə bilər.
  • Hökmran şirkətə qarşı çıxmaq kartel razılaşmasını haqlı etmir.
  • MFN maddələri müəyyən kontekstdə rəqabəti məhdudlaşdıra bilər.

Bu yazı üzrə yekun

Hub-and-spoke tipli işlərdə əsas hüquqi test belə formalaşdırıla bilər ki, Platforma sadəcə ayrı-ayrı şaquli müqavilələr bağlayır, yoxsa rəqiblərin qarşılıqlı asılı və koordinasiyalı qərar qəbul etməsini təşkil edir ?

Bu işdə məhkəmə ikinci halın mövcud olduğunu müəyyən etmişdi. Formal müqavilə strukturu şaquli olsa da, iqtisadi reallıq üfüqi qiymət razılaşmasının mövcudluğunu göstərirdi.

Beləliklə, bu qərar bir daha təsdiqlədi ki, rəqabət hüququnda qiymətləndirmə müqavilənin formasına deyil, onun bazarda yaratdığı faktiki koordinasiya effektinə əsaslanır.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Məhkəmə işi