03.02 – Hüquqi anlayışlar

You are currently viewing 03.02 – Hüquqi anlayışlar

Rəqabət Hüququnun Əsasları: Təsərrüfat subyekti, müvafiq bazarın müəyyən edilməsi, bazar payı, alıcı və müştəri anlayışlarının fərqi.

Rəqabət hüququnda pozuntular (inhisarçılıq, kartel razılaşmaları, hökmran mövqedən sui-istifadə və s.) yalnız konkret müəyyən edilmiş bazarda qiymətləndirilə bilər. Buna görə də rəqabət orqanlarının apardığı araşdırma zamanı ilk və ən həlledici mərhələ müvafiq bazarın düzgün müəyyən edilməsidir. Bu yazıda müvafiq bazar, təsərrüfat subyektləri, bazar payı anlayışlarını təhlil edəcəyik. Bu yazı rəqabət hüququnun digər bölmələrinin anlaşılması üçün açar rolunu oynayır.

1. Təsərrüfat Subyekti Anlayışı

Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Rəqabət Məcəlləsində (bundan sonra mətndə – Məcəllə adlandırılacaqdır) “təsərrüfat subyekti”nin dairəsi genişdir. Məcəllənin 1.1.49-cu maddəsində yazılır: təsərrüfat subyekti – mülkiyyət növündən, təşkilati hüquqi formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və ya fiziki şəxs, xarici hüquqi və ya fiziki şəxsin daimi nümayəndəliyi, filialı və digər bölməsi, habelə şəxslər qrupu, təsərrüfat subyektlərinin birlikləri, yaxud təsərrüfat subyektinə həlledici nəzarət edən bir və ya bir neçə fiziki şəxsdir.

Qanunvericinin mövqeyi belədir ki, təsərrüfat subyekti xüsusi, dövlət və ya bələdiyyə mülkiyyətində ola bilər, həmçinin ASC, QSC, MMC, QHT və digər təşkilati hüquqi formaya malik ola bilər, o cümlədən dövlət büdcəsindən yaxud büdcədən kənar fondlardan, yaxud özəl sərmayədən maliyyələşə bilər.

Qanunvericilik tələb edir ki ki, təsərrüfat subyekti iqtisadi fəaliyyətlə məşğul olmalıdır.

Daha ətraflı: sahibkarlıq fəaliyyəti və iqtisadi fəaliyyətin fərqləri nədir ?

Kimlər Təsərrüfat Subyekti Hesab Edilir ?

  1. hüquqi və ya fiziki şəxs;
  2. xarici hüquqi və ya fiziki şəxsin daimi nümayəndəliyi filialı və digər bölməsi;
  3. şəxslər qrupu;
  4. təsərrüfat subyektlərinin birlikləri;
  5. yaxud təsərrüfat subyektinə həlledici nəzarət edən bir və ya bir neçə fiziki şəxs.

Şəxslər qrupu anlayışına kimlər daxildir ?

1. qarşılıqlı surətdə asılı olan hüquqi və ya fiziki şəxslər, yəni:

  • hüquqi şəxsin nizamnamə kapitalında səs hüququ olan payların ən azı 20 faizinə sahib olan şəxs;.
  • xidməti mövqeyinə görə digər şəxsə tabe olan şəxs;
  • üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olan şəxslər;
  • üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edən şəxslər;
  • fiziki şəxsin ailə üzvləri (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar) və s.).

2. bir-birinin və ya biri digərinin qəbul etdiyi qərarlara və ya bazardakı fəaliyyətinə (birbaşa və ya dolayı yolla) həlledici nəzarət edən hüquqi və ya fiziki şəxslər;

3. eyni şəxslər (hüquqi və ya fiziki) və ya onların ailə üzvləri tərəfindən idarə edilən hüquqi və ya fiziki şəxslər.

Təsərrüfat subyekti birliklərinin xüsusiyyətləri nədir ?

  1. eyni növ fəaliyyəti həyata keçirir (misal olaraq bank fəaliyyəti, sığorta fəaliyyəti, əczaçılıq fəaliyyəti və s.);
  2. iki və ya daha çox təsərrüfat subyekti tərəfindən yaradılır;
  3. dövlət və ictimaiyyət qarşısında öz üzvlərini (iştirakçılarını) təmsil edir və onların qanuni maraqlarını müdafiə edir (yəni təsərrüfat subyektlərinin birliyi öz üzvlərinin vahid mövqeyini ifadə edir);
  4. təşkilat (yaxud hüquqi şəxslərin ittifaqları).

Təsərrüfat subyeklərinin birliklərinə Banklar Assosiasiyasını misal göstərə bilərik.

Həlledici nəzarət nə deməkdir ?

Bir şəxsin (fiziki və ya hüquqi) başqa bir şəxsin fəaliyyətinə real təsir göstərmək gücünün olması həlledici nəzarət hesab edilir. Bu təsir birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə, şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək formasında ola bilər. Yəni məsələ sadəcə hüquqi şəxsin nizamnamə kapitalında paya sahib olmaqdan deyil, onun qərarlarının necə qəbul olunacağına təsir etmək imkanıdır.

Həlledici nəzarət hansı hallarda yaranır?

  1. Bir şəxs digər şəxsin aktivlərinin 50%-dən çoxuna sahib olduqda;
  2. törəmə cəmiyyət münasibəti olduqda (təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, əsas təsərrüfat cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur);
  3. asılı cəmiyyət münasibəti olduqda (təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) cəmiyyətə mənsub olur);
  4. nəzarət edən şəxsin nəzarət olunan şəxsə icrası məcburi olan göstərişlər vermək səlahiyyəti olduqda;
  5. nəzarət olunan şəxsin idarəetmə orqanlarının (müşahidə şurası, idarə heyəti, audit komitəsi) tərkibinin formalaşdırılmasına, səsvermə və ya qərar qəbuletmə prosesinə həlledici təsir etmək imkanı olduqda.

Təsərrüfat subyekti anlayışı niyə rəqabət hüququ baxımından önəmlidir ?

Rəqabət hüququnun kimlərə tətbiq edildiyini, pozuntuya görə kimlərə sanksiya tətbiq ediləcəyini müəyyən etmək üçün təsərrüfat subyekti anlayışı mühüm əhəmiyyəti var.

Xaricdə təsis olunan bir şirkətin Azərbaycanda nümayəndəliyi olduğu üçün təsərrüfat subyekti hesab edildiyini bilməsəniz, xaricdəki şirkətin paylarını alarkən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən icazə almadığınıza görə cərimələnə bilərsiniz. Misal olaraq, 2022-ci ilin oktyabr ayında Elon Musk Twitter şirkətinin paylarını 44 milyard dollara satın aldı,  2023-cü il tarixdə Türkiyə rəqabət orqanı Elon Muskı cərimələdi. Çünki Twitter şirkəti Türkiyədə nümayəndəlik açmışdı (istifadəçi sayı 1 milyondan çox olan platformaların Türkiyədə nümayəndəlik açması məcburidir) və Türkiyə Cumhuriyyəti “Rəqabətin qorunması haqqında” qanunun tələbinə görə dövriyyəsi müəyyən edilən həddən çox olan şirkətlərdə təmərküzləşməyə yol verən subyekt öncədən Türkiyə rəqabət orqanından icazə almalıdır.

Həmçinin siz bilməlisiniz ki, rəqabət orqanı sanksiya tətbiq edərkən sadəcə qanun pozuntusunu birbaşa törədən subyekti yox, həmin subyektə aid şəxslər qrupunu da cərimələyə bilər. Misal olaraq, Hollandiya Vəkillər Kollegiyası vəkillərin audit şirkətləri ilə multidisiplinar əməkdaşlıq etməsini qadağan etmişdi. Avropa İttifaqı Ədalət Məhkəməsi Wouters və digərləri v. Algemene Raad van de Nederlandse Orde van Advocaten (C-309/99) işində qeyd etmişdir ki, vəkillər iqtisadi fəaliyyətlə məşğul olduqlarına görə rəqabət hüququ baxımından təsərrüfat subyekti hesab edilirlər. Həmçinin Məhkəmə vurğulamışdır ki, vəkillər kollegiyası formal olaraq ‘ictimai-peşəkar qurum’ statusuna malik olsa belə, üzvlərin bazar davranışına təsir edən qərarlar qəbul etdiyi hallarda, rəqabət hüququ baxımından təsərrüfat subyekti kimi qiymətləndirilə bilər. Yəni məhkəmə həmin işdə müvafiq bazarda rəqabətin əsassız şəkildə məhdudlaşdırılması qənaətinə gəlsəydi, sadəcə Vəkillər kolegiyasını yox, həm də kollegiyanın qərarlarının icrasından aşkar şəkildə imtina etməyən bütün vəkilləri cərimələyə bilərdi.

2. Müştəri və Alıcı: Fərqi Anlamaq

Alıcı – məhsulu iqtisadi fəaliyyət və ya təkrar satış məqsədilə alan təsərrüfat subyektidir. Buraya distribüterlər də daxildir. 

Müştəri – məhsulu istifadə edən, sifariş verən və ya almaq niyyəti olan şəxsdir. Buraya həm istehlakçılar, həm də biznes subyektləri daxil ola bilər.

Qızıl qayda: Bütün alıcılar müştəridir, amma hər müştəri alıcı deyil.

Alıcı anlayışı rəqabət qanunvericiliyində daha çox bazarın strukturu, təchizat zənciri və peşəkar oyunçular arasındakı münasibətləri (inhisarçılıq, kartel sövdələşmələri) tənzimləmək üçün istifadə edilir. Müştəri anlayışı isə bazarın tələb tərəfini, istehlakçı rifahını və dürüstlük prinsiplərini (haqsız rəqabətdən, istehlakçını aldatmadan) qorumaq üçün istifadə olunur.

3.Müvafiq Bazar Anlayışı.

Rəqabət hüququ baxımından müvafiq bazar anlayışı mühüm əhəmiyyət kəsb edir. Çünki müvafiq bazar anlayışı qanun pozuntusunun subyektini, pozunutunun təsirini və sanksiyanın ölçüsünü müəyyən etməyə kömək edir. Müvafiq bazar – müəyyən bir məhsulun alıcılar və satıcılar arasında mübadilə olunduğu sahədir.

Sadə dildə desək, futbol müəyyən standartlara tabe olan futbol meydançasında oynanılır, rəqabət və inhisarçılıq da müvafiq bazarda baş verir.

Bu anlayışı ölçmək üçün iki əsas ölçüdən istifadə edilir: məhsul bazarı və coğrafi bazar.

3.1. Məhsul bazarı nədir ?

Bazarda rəqabətin hansı məhsullar üzərində baş veridyini müəyyən etmək üçün əsas anlayışdır. Məhsul bazarının müəyyən edilməsində əsas meyar əvəzedicilikdir. Sual sadədir: istehlakçı və ya istehsalçı bu məhsulu real olaraq başqa hansı məhsulla əvəz edə bilər ?

Əvəzediciliyin iki növü var: tələb əvəz ediciliyi və təklif əvəz ediciliyi.

Tələb əvəzediciliyi istehlakçı davranışına əsaslanır. Bu anlayış müştərinin bir məhsulu digər digərinə əvəzləyə bilmə qabiliyyətini göstərir. Əvəzedici məhsulun müəyyən edilməsi üçün ilkin araşdırma predmeti hesab edilən məhsul faydasına, növünə, quruluşuna, formasına, təyinatına görə digər məhsullarla müqayisə edilir. Əgər müştəri nöqteyi nəzərindən tələb asanlıqla başqa bir məhsula keçə bilirsə, bu məhsullar qarşılıqlı əvəz oluna bilən məhsullar hesab edilir və eyni müvafiq bazara daxil edilir. 

Misal, ilkin araşdırma predmeti olaraq cola içkisini götürsək, rəqabət orqanı müştərinin cola-nı hansı içki ilə əvəz edə biləcəyini araşdırır. Colanı tərkibinə, istifadə təyinatına görə fanta, sprite və digər şirin qazlı içkilər ilə əvəz etmək olar. Lakin Red bull adətən colanın alternativi hesab edilmir, çünki Red bul enerjisi içkisidir, tərkibi və istifadə təyinatı fərqlidir.

Əgər yuxarıdakı üsullar vasitəsilə məhsullar arasında tələb əvəzediciliyini müəyyən etmək mümkün olmursa, çarpaz qiymət elastikliyindən istifadə edilir. Çarpaz qiymət elastikliyi  bir məhsulun qiymətindəki dəyişikliklərin, digər bir məhsulun tələbinə necə təsir etdiyini ölçən bir göstəricidir.

Daha ətraflı: Çarpaz qiymət elastikliyi anlayışı və düsturu

Təklif əvəzediciliyi isə istehsalçı davranışına əsaslanır. Əgər tələb əvəzediciliyi üsulu ilə məhsul bazarının sərhədlərini müəyyən etmək mümkün olmursa, təklif əvəzediciliyi üsulundan istifadə edilir. Təklif əvəzediciliyi üsuluna görə məhsulun istehsalçısı qısa müddət ərzində böyük xərc çəkmədən qarşılıqlı əvəz oluna bilən məhsulları istehsal edə bilirsə, həmin məhsullar eyni müvafiq bazarın məhsul sərhədlərini təşkil edir. 

Təklif əvəzediciliyi qiymətləndirilərkən istehsalçının mövcud istehsal gücündən istifadə etməklə qısa müddətdə və əhəmiyyətli xərc çəkmədən bazara keçidinin mümkün olması nəzərdə tutulur, bu səbəbdən qiymətləndirmə SRAC (Short Run Average Cost) səviyyəsində aparılır.

Ətraflı bax: Təklif əvəzediciliyinin qiymətləndirilməsində SRAC və dəyişən xərclərin rolu

3.2. Coğrafi Bazarın Müəyyən Edilməsi

Coğrafi bazar – istehlakçıların məhsulu əldə etmək üçün real olaraq müraciət etdiyi və rəqabət şərtlərinin oxşar olduğu ərazidir. Bu sərhədlər iqtisadi məqsədəuyğunluq prinsipi ilə müəyyən edilir. Vacib məqamlar: 

  • məhsul eyni və ya oxşar xüsusiyyətlərə malik olmalıdır;
  • Müştəri üçün bənzər izafi fayda yaratmalıdır;
  • Alternativ ərazi əlçatan olmalıdır (məsafə, vaxt, xərc baxımından).

 Coğrafi bazar müəyyən edilərkən əsas sual budur: alıcı bu məhsulu başqa hansı ərazidən əldə edə bilər ?

Misal-1:

Əgər bir məhsulun qiyməti Bakı şəhərində artdığı zaman istehlakçılar nəqliyyat xərclərini nəzərə alaraq həmin məhsulu Abşeron rayonundan almağı sərfəli hesab edirsə, həmin məhsula münasibətdə Bakı şəhəri və Abşeron rayonu vahid coğrafi bazar təşkil edir.

Misal-2:

Əgər hazır beton məhsulunun coğrafi sərhədini müəyyən etmək istədiyiriksə, hazır beton məhsulunun istehsal edildiyi ərazidən hansı məsafədə daşına biləcəyini müəyyən etməliyik və həmin radiusdakı əraziləri coğrafi sərhəd olaraq tanımalıyıq.

Coğrafi bazar mütləq ölkə, şəhər olmaq məcburiyyətində deyil, küçə, prospekt, kənd də ola bilər. Əgər daha dar sərhədləri müəyyən etmək mümkün deyilsə, Azərbaycan Respublikasının bütün ərazisi vahid coğrafi bazar kimi qəbul edilə bilər.

QEYD: Müvafiq bazarı araşdırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”na nəzər yetirməyinizi tövsiyə edirəm.

Müvafiq bazarın sərhədlərinin müəyyən edilməsi strateji hüquqi mübarizədir. Rəqabət orqanları adətən müvafiq bazarın sərhədlərini dar müəyyən etməyə çalışırlar (xüsusən rəqabət orqanı şirkəti cərimə etmək istəyirsə). Məntiq belədir ki, təsərrüfat subyekti sərhədləri nə qədər dar bazarda fəaliyyət göstərirsə, onun həmin bazardakı payı bir o qədər yüksəlir. Bazar payının riyazi olaraq yüksəlməsi hökmran mövqedən sui-istifadənin sübutu, təmərküzləşmələrin qadağan edilməsi və ya üfüqi sazişlərin təsirlərinin “əhəmiyyətli” kimi qiymətləndirilməsi üçün rəqabət orqanına daha möhkəm hüquqi zəmin yaradır.
Şirkətlər isə əksinə, həm inzibati, həm də məhkəmə icraatında müvafiq bazarın mümkün qədər geniş müəyyən edilməsi mövqeyindən çıxış etməlidirlər. Bu baxımdan ən güclü müdafiə üsullarından biri tələbin çarpaz qiymət elastikliyidir. Şirkət sübut etməlidir ki, onun məhsulu unikal deyil və rəqabət orqanının bazardan kənarda saxladığı alternativ məhsullar əslində real rəqabət təzyiqi yaradır. Beləliklə, bazarın sərhədlərinin geniş olduğu sübuta yetirildiyi halda, təsərrüfat subyektinin bazar payı rəqabət hüququ baxımından təhlükəli həddən aşağı düşə bilər.

Daha ətraflı: FTC v. Meta işi: Müvafiq bazarın müəyyən edilməsi və real əvəzolunma sübutları

4. Müvafiq bazarın həcmi anlayışı

Rəqabət hüququnun tətbiqində müvafiq bazarın düzgün müəyyən edilməsi əsas mərhələlərdən biridir. Növbəti və həlledici mərhələ müvafiq bazarın həcminin müəyyən edilməsi və bu bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin bazar paylarının hesablanmasıdır.

Müvafiq bazarın həcmi, əvvəlcədən müəyyən edilmiş məhsul və coğrafi bazar çərçivəsində, müəyyən bir zaman dövrü ərzində bazarda fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin satdığı məhsul və ya göstərdiyi xidmətlərin ümumi miqdarını ifadə edir. Başqa sözlə desək, bu anlayış bazarın iqtisadi ölçüsünü müəyyən edir və “bazar nə qədər böyükdür?” sualına cavab verir.

Qanunvericiliyə uyğun olaraq, bazarın həcmi yalnız müvafiq bazar daxilində, eyni zaman aralığı üzrə, obyektiv və müqayisəolunan ölçü meyarları əsasında hesablanmalıdır.

Müvafiq bazarın həcminin ölçü meyarları nədir ?

Müvafiq bazarın həcmi məhsulun iqtisadi və texniki xüsusiyyətlərindən asılı olaraq müxtəlif üsullarla ölçülə bilər. Belə ki, müvafiq bazarın həcminin ölçü meyarları təsərrüfat subyektlərinin bazarda nə uğrunda mübarizə apardığını göstərir.

Qanunvericilik aşağıdakı ölçü vahidlərini qəbul edir:

  • Pul ifadəsində ölçü – satışdan əldə edilən ümumi gəlir
  • Natura ifadəsində ölçü – ton, kiloqram, litr və s.
  • İstehsal həcmi.
  • Əməliyyat sayı – satılan məhsul və ya göstərilən xidmətlərin sayı.
  • Abunəçi və ya müştəri sayı
  • Məsafə uzunluğu və s.

Misal olaraq, mobil internet bazarında operatorlar abunəçi sayı uğrunda mübarizə aparır, bu səbəbdən mobil internet bazarı üçün ölçü meyarını abunəçi olaraq götürmək daha məntiqlidir.

5. Bazar payı anlayışı

Bazar payı, konkret bir təsərrüfat subyektinin müvafiq bazarda tutduğu nisbi mövqeni ifadə edir və onun bazar gücünün əsas göstəricilərindən biridir.

Düstur belədir: Bazar payı (%) = (Subyektin bazardakı satış həcmi / Bazarın ümumi həcmi) × 100

Burada əsas şərt odur ki: bütün subyektlər üçün eyni ölçü vahidieyni zaman dövrü eyni coğrafi sərhədlər tətbiq edilsin.

Müvafiq bazarda fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarının cəmi 100 faizə bərabər olmalıdır.


Praktik nümunə: mobil internet rabitəsi bazarı

Tutaq ki, ölkədə üç əsas mobil operator fəaliyyət göstərir, bazarın həcmini də abunəçi sayına görə ölçürük:

OperatorAbunəçi sayı (nəfərlə)
A1,5 mln
B1 mln
C0,5 mln
Cəmi3 mln

Bazar payları belə hesablanır:

  1. Operator A: (1,5/ 3) × 100 = 50 %
  2. Operator B: (1/ 3) × 100 = 33 %
  3. Operator C: (0,5/3) × 100 = 17 %

Bütün bu anlayışlar nə üçün vacibdir ?

Yuxarıda izah etdiyimiz anlayışlar — bazar payı, müvafiq bazar və təsərrüfat subyektləri — rəqabət hüququnun “metodologiyasıdır”. Bütün bu hesablamalar və anlayışlar tək bir mənfi halın qarşısını almaq üçün lazımdır: rəqabətin məhdudlaşdırılması.

Bəs rəqabətin məhdudlaşdırılması nə deməkdir?

Qanunvericiliyin dili ilə desək, rəqabətin məhdudlaşdırılması bazar subyektlərinin rəqabəti aradan qaldırmaq və ya ona mane olmaq məqsədilə atdığı addımlardır. Bunu üç əsas formada görə bilərik:

  • Sazişlər: rəqiblərin rəqabət aparmaq əvəzinə, qiymətləri eyni səviyyədə saxlamaq və ya bazarı bölüşmək üçün razılaşmaları.
  • Uyğunlaşdırılmış hərəkətlər: satıcıların kağız üzərində müqaviləsi olmasa belə, bir-birlərinin addımlarını (məsələn, qiymət artımını) sinxron şəkildə təkrarlayaraq rəqabət mühitini zəiflətməsi.
  • Hökmran mövqedən sui-istifadə: böyük bazar payına sahib olan (hökmran mövqedəki) bir subyektin öz üstünlüyündən istifadə edərək kiçik rəqibləri sıxışdırması və ya alıcılara ədalətsiz şərtlər qoyması.

Nəticədə nə olur ?

Rəqabət məhdudlaşdırıldıqda, bazarın təbii tənzimləmə mexanizmi sıradan çıxır. Bu isə istehlakçılar üçün daha yüksək qiymət, daha az seçim imkanı və aşağı keyfiyyət deməkdir.

Mövzu üzrə tapşırıqlar-2

1 / 11

Sual-1: Rəqabət Məcəlləsinə görə, “təsərrüfat subyekti” anlayışına hansı hallardan biri daxil deyil?

2 / 11

Sual-2: Aşağıdakılardan hansı “şəxslər qrupu” anlayışına aid deyil?

3 / 11

Sual-3: “Həlledici nəzarət” aşağıdakılardan hansı halda yaranmış hesab edilə bilər? 

4 / 11

Sual-4: A məhsulun qiyməti 10% artdıqda B məhsuluna tələbin 12% artdığı müşahidə olunur. Çarpaz qiymət elastikliyi Exy = 1.2 olarsa, A və B məhsulları hansı münasibətdədir? 

5 / 11

Sual-5: Müştəri və alıcı anlayışları arasındakı əsas fərq nədir ?

6 / 11

Sual-6: Mobil internet bazarında abunəçi sayına görə bazarın həcmi 4 mln-dur. Operator X-in abunəçiləri 2,2 mln, Y-nin 0,9 mln, Z-nin 0,9 mln. Operator X-in bazar payı neçə faizdir ?

7 / 11

Sual-7: Müvafiq bazarın coğrafi sərhədlərini müəyyən edərkən əsas göstərici  nədir ?

8 / 11

Sual-8: İstehsalçı A istehsal gücünü qısa müddətdə və əhəmiyyətli xərc çəkmədən dəyişdirib B məhsulunu istehsal edə bilərsə, bu hansı əvəzediciliyin qiymətləndirilməsinə aiddir və hansı maliyyə ölçüsü əsas götürülür? 

9 / 11

Sual-9: Müvafiq bazarın həcmi hansı ölçü vahidi ilə müəyyən edilə bilər ?

10 / 11

Sual-10: Aşağıdakılardan hansı hal qanunvericilik baxımından iqtisadi fəaliyyət sayılmır ?

11 / 11

Sual-11: Rəqabət orqanı təsərrüfat subyektinin  hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırma apardığı zaman təsərrüfar subyekti müdafiəsini necə qurmalıdır ?

Your score is

The average score is 0%

0%


03.01 – İqtisadi nəzəriyyələr

Bazar İqtisadiyyatının Əsasları: Tələb, Təklif və Bazar Strukturları Bazar iqtisadiyyatının fundamental anlayışlarını bilmək rəqabət hüququnu mənimsəmək üçün mühüm əhəmiyyət kəsb…

Daha ətraflı