LRAC, SRAC, sabit və dəyişən Xərclər nədir ?
Rəqabət hüququnda bazar davranışlarının, qiymət strategiyalarının və hömkran mövqenin qiymətləndirilməsi yalnız hüquqi meyarlarla deyil, eyni zamanda iqtisadi anlayışlar üzərindən aparılır. Bu anlayışların mərkəzində isə xərc strukturu dayanır. Xüsusilə LRAC, SRAC, sabit və dəyişən xərclər rəqabət təhlilində mühüm rol oynayır. Bu yazıda həmin anlayışları təhlil edəcəyik.
1. Sabit xərclər (fixed costs, yəni FC) nədir?
İstehsal həcmi dəyişəndə qısa müddətdə dəyişməyən xərclərdir. Çünki sabit xərclər istehsal olmasa belə mövcud olur və adətən struktur xarakter daşıyır. Sabit xərclərə nümunələr:
- obyektin icarə haqqı
- ştatda olan işçilərin maaşları
- lisenziya və icazə haqları
- kredit faizləri və s.
Sabit xərclərin rəqabət hüququnda önəmi nədir ?
Yüksək sabit xərclər, xüsusilə “batmış xərclər” (sunk costs) xarakterindədirsə, bazara giriş üçün ciddi maneə (barrier to entry) hesab olunur.

2. Dəyişən xərclər (variable costs, yəni VC) nədir?
İstehsal həcmi ilə mütənasib olaraq artan və azalan xərclər dəyişən xərclər adlanır. Bu xərclər istehsal prosesinin operativ hissəsini təşkil edir və istehsal qərarlarında əsas rol oynayır. Dəyişən xərclərə nümunələr:
- xammal
- kommunal xərclər
- logistika xərcləri
- malın qablaşdırma xərcləri və s.
Dəyişən xərclərin rəqabət hüququnda önəmi nədir ?
Dəyişən xərclər dempinq iddialarında əsas meyardır. Əgər bir satıcı məhsul qiymətlərini orta dəyişən xərclərindən (AVC) aşağı salırsa, bu addım rəqibləri bazardan sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər. Dəyişən xərclər həm də təklif əvəzediciliyinin qiymətləndirilməsində əsas göstəricidir.
3. Ümumi xərc (TC) nədir ?
Müəyyən miqdarda mal istehsal etmək və ya xidmət göstərmək üçün çəkilən bütün xərclərin, yəni sabit xərc və dəyişən xərcin cəmidir. Düsturu belədir: TC= FC+VC
4. Qısa müddətli orta xərc (SRAC) nədir?
SRAC (Short Run Average Cost) – istehsal gücü (məsələn, zavodun sahəsi və ya avadanlıq sayı) sabit olduqda və sabit xərclər dəyişmədikdə, məhsul vahidinə düşən orta xərcdir.
SRAC anlayışının biznes üçün əhəmiyyəti odur ki, menecerə mövcud istehsal gücü ilə gündəlik istehsalı necə optimallaşdıracağını göstərir.
Rəqabət hüququnda xüsusilə qısa müddətli rəqabət davranışlarını anlamaq üçün istifadə olunur.
5. Uzun müddətli orta xərc (LRAC) nədir?
LRAC (Long Run Average Cost) – istehsalçının bütün istehsal faktorlarını dəyişə bildiyi şəraitdə (yeni texnologiya tətbiq etmək, zavod ölçüsünü böyütmək və s.) məhsul vahidinə düşən orta xərcdir. Uzun müddətdə mümkün olan ən aşağı orta istehsal xərcini göstərir.
Aşağıdakı halları əhatə edir:
- yeni istehsal gücünün yaradılması
- texnologiyanın dəyişdirilməsi
- struktur və miqyas qərarları
LRAC anlayışının biznes üçün əhəmiyyəti odur ki, bu anlayışdan istifadə edərək şirkət rəhbəri gələcəkdə istehsal gücünü artırmaq üçün strateji planlaşdırma edə bilir (misal yeni zavod tikmək və ya mövcud zavodun ərazisini genişləndirmək və s.).
Rəqabət hüququnda bu anlayış qısa müddətli bazar davranışlarından çox, bazarın strukturunu və giriş maneələrini qiymətləndirmək üçün əhəmiyyətlidir. Belə ki, bir bazarda LRAC-ın böyük istehsal həcmlərində belə aşağı düşməyə davam etməsi həmin bazarda inhisarın olmasına işarə edir. Bu halda kiçik rəqiblərin bazara daxil olması iqtisadi cəhətdən səmərəsiz olur.
Nəticə
LRAC, SRAC, sabit və dəyişən xərclər arasındakı fərqin düzgün başa düşülməsi rəqabət hüququnda aparılan iqtisadi təhlilin keyfiyyətini birbaşa müəyyən edir. Bu anlayışlar yalnız nəzəri deyil, eyni zamanda praktiki qərarların əsasını təşkil edən alətlərdir.
